|

Bakı Apellyasiya Məhkəməsində əzab vermədə və qanunsuz narkotik saxlamada təqsirləndirilən Yusif Məlikzadə və Adəm Tağızadənin (hər ikisinin adı, soyadı şərtidir) barəsindəki hökmdən verilən apellyasiya şikayəti üzrə məhkəmə iclası başa çatıb.
Pravda.az-ın əldə etdiyi məlumata görə, hakim Zəfər Əhmədovun sədrliyi ilə keçirilən prosesdə qərar elan olunub.
Qərara əsasən, apellyasiya şikayəti təmin edilməyib.
İttihama görə, Yusif Məlikzadə əvvəllər də narkotik vasitələrin qanunsuz dövriyyəsinə görə məhkum olunub. Belə ki, o, Gəncə Şəhər Məhkəməsinin 2022-ci il tarixli hökmü ilə Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirli bilinərək 1 il 9 ay müddətinə azadlıqdan məhrum edilib. Sonradan Bakı şəhəri Nizami Rayon Məhkəməsinin qərarı ilə cəzasının çəkilməmiş hissəsindən şərti olaraq vaxtından əvvəl azad olunsa da, məhkumluğu ödənilməmiş yenidən ağır cinayət törətməkdə ittiham olunub.
İstintaq materiallarına əsasən, Yusif Məlikzadə digər təqsirləndirilən Adəm Tağızadə və şəxsiyyəti istintaqla araşdırılan "Elnur" adlı şəxslə əvvəlcədən razılaşaraq zərərçəkmiş E.İbrahimova əzab vermək məqsədilə cinayət əlaqəsinə girib.
Hadisənin əsasında "TikTok" platformasında E.İbrahimovla "Elnur" arasında yaranmış mübahisə dayanıb. Mübahisəni "həll etmək" bəhanəsi ilə onlar 2024-cü ilin may ayının əvvəllərində zərərçəkmişin Bakı şəhərinin Xətai rayonunda yerləşən evinin qarşısına gəliblər.
Təqsirləndirilən şəxslər E.İbrahimovu yaxınlıqdakı çay evində söhbət etmək adı ilə avtomobilə dəvət ediblər. Zərərçəkmiş könüllü şəkildə avtomobilə minsə də, sonradan hadisələr tamamilə fərqli istiqamətdə inkişaf edib.
Cinayət işinin materiallarına görə, avtomobil Xətai rayonu ərazisində hərəkətdə olarkən gecə saat 02:30 radələrində arxa oturacaqda E.İbrahimovun yanında əyləşən Yusif Məlikzadə şalvarının kəmərini çıxararaq zərərçəkmişin boynuna keçirib və onu sıxaraq boğmağa başlayıb. O, yolboyu kəməri dartaraq E.İbrahimova güclü fiziki ağrı və psixi iztirab verib, onu qəddar, qeyri-insani və ləyaqəti alçaldan rəftara məruz qoyub.
Materiallarda göstərilir ki, həmin vaxt Yusif Məlikzadə zərərçəkmişə ünvanlanmış təhqiramiz ifadələr işlədib.
Hadisə zamanı "Elnur" adlı şəxs mobil telefonu vasitəsilə "TikTok" sosial şəbəkəsində canlı yayım açıb. Canlı yayım zamanı E.İbrahimovun zorakılığa məruz qalması internet istifadəçilərinə nümayiş etdirilib. İstintaqın qənaətinə görə, bununla təqsirləndirilən şəxslər zərərçəkmişin alçaldılmasına və ona qarşı törədilən zorakılığın geniş auditoriya qarşısında nümayiş etdirilməsinə nail olublar.
İttiham orqanı hesab edir ki, təqsirləndirilən şəxslər qabaqcadan əlbir olaraq zərərçəkmişə mütəmadi zor tətbiq etməklə ona güclü fiziki ağrı və psixi iztirab veriblər.
Cinayət işi üzrə təqsirləndirilən şəxslərə qarşı narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə bağlı da ittiham irəli sürülüb.
İstintaqın məlumatına görə, onlar satış məqsədilə külli miqdarda psixotrop maddə olan metamfetamini qanunsuz əldə edib, öz aralarında bölüşdürərək satış üçün üzərlərində saxlayıblar. Ümumilikdə 8,236 qram metamfetamin iki hissəyə ayrılıb. Onun 4,173 qramı bir təqsirləndirilən şəxsdə, 4,063 qramı isə digər təqsirləndirilən şəxsdə satış məqsədilə saxlanılıb.
Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinə daxil olmuş əməliyyat məlumatı əsasında keçirilən tədbirlər nəticəsində hər iki şəxs 2024-cü ilin may ayında Bakı şəhərində saxlanılıb. Onlar Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinə gətirildikdən sonra üzərlərində aparılan şəxsi axtarış zamanı metamfetamin olan sellofan bükümlər aşkar edilərək götürülüb.
Həmin maddələrin ümumi çəkisinin külli miqdarda — 8,236 qram metamfetamin olduğunu müəyyən edilib.
Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə Yusif Məlikzadə 5 il və Adəm Tağızadə isə 4 il müddətinə azadlıqdan məhrum edilib.
Geri qayıt
|