Əsas Səhifə > Güney Press > Bakıda 19 min manatlıq məhsulu saxta sifarişlə mənimsəyən satış təmsilçisi ilə bağlı

Bakıda 19 min manatlıq məhsulu saxta sifarişlə mənimsəyən satış təmsilçisi ilə bağlı


Bu gün, 17:01

Bakı Apellyasiya Məhkəməsində mənimsəmədə və vəzifə saxtakarlığında təqsirləndirilən Adəm Məlikovun (adı, soyadı şərtidir) barəsindəki hökmdən verilən apellyasiya şikayəti üzrə məhkəmə prosesi başa çatıb.

Pravda.az-ın əldə etdiyi məlumata görə, hakim Zamin İbrahimovun sədrliyi ilə keçirilən prosesdə qərar elan edilib.


Qərara əsasən, apellyasiya şikayəti qismən təmin edilib. Nərimanov Rayon Məhkəməsinin hökmü dəyişdirilib, ona 1 il, 5 ay, 26 gün müddətinə azadlığın məhdudlaşdırılması cəzası təyin edilib.


Nərimanov Rayon Məhkəməsində çalışdığı şirkətə məxsus təxminən 19,5 min manat dəyərində məhsulu saxta sifariş yolu ilə mənimsəməkdə və vəzifə saxtakarlığında təqsirləndirilən şəxslə bağlı cinayət işinə baxılıb.


İttihama görə, Adəm Məlikov 2018-ci ildən Bakıda fəaliyyət göstərən MMC-lərin birində satış təmsilçisi vəzifəsində çalışıb.


Əmək müqaviləsi, tam maddi məsuliyyət haqqında müqavilə və vəzifə təlimatına əsasən o, şirkətin məhsullarının satışını təşkil etmək, müştərilərdən sifariş qəbul etmək, sifarişləri elektron sistemə daxil etmək, məhsulların təhlükəsizliyini təmin etmək və ona etibar edilmiş maddi sərvətləri qorumaq öhdəliyi daşıyıb.


İstintaqla müəyyən olunub ki, Adəm Məlikov bu səlahiyyətlərindən sui-istifadə edərək şirkətə məxsus əmlakı mənimsəmək məqsədilə əvvəlcədən plan hazırlayıb.


Belə ki, istifadəsində olan "Samsung A73" markalı mobil telefonda quraşdırılmış və şirkətin sifariş sisteminə qoşulan "Vesas" proqramı vasitəsilə Bakı şəhərində fəaliyyət göstərən "Okean" marketinin adından guya iri həcmdə məhsul sifarişi verilməsi barədə bilərəkdən yalan məlumatlar daxil edib.


Elektron sistemdə yaradılmış sifarişə əsasən şirkətin Abşeron rayonunun Məhəmmədli qəsəbəsində yerləşən anbarından ümumi dəyəri 19 488,76 manat olan müxtəlif çeşidli şirniyyat məhsulları yük avtomobili ilə marketə göndərilib. Təqsirləndirilən şəxs malların həqiqətən market tərəfindən qəbul edildiyi görüntüsünü yaratmaq üçün daha bir qanunsuz addım atıb.


Belə ki, malların təhvil verilməsini təsdiq edən iki ədəd rəsmi "Malların təhvil-qəbul aktı" market əməkdaşına imzalatdırılacağı bəhanəsi ilə sürücü köməkçisindən alaraq həmin sənədlərin "Təhvil aldı" qrafasını özü imzalayıb.


Bununla o, rəsmi sənədlərə bilərəkdən yalan məlumat daxil edib və sonradan həmin aktları yenidən sürücüyə qaytararaq malların qanuni qaydada təhvil verildiyi görüntüsünü formalaşdırıb.

İstintaqla müəyyən edilib ki, şirkətin sürücüsü və sürücü köməkçisi ərazini tərk etdikdən sonra Adəm Məlikov əvvəlcədən çağırdığı yükdaşıma şirkətinə məxsus avtomobili hadisə yerinə gətirdib. Daha sonra şirkətə məxsus məhsullar həmin yük maşınına yüklənərək naməlum istiqamətə aparılıb.


Beləliklə, o, qulluq mövqeyindən istifadə etməklə ona etibar olunmuş 19 488,76 manat dəyərində əmlakı mənimsəməklə şirkətə xeyli miqdarda maddi ziyan vurub.


İstintaq orqanı onun həm də informasiya resursuna və rəsmi sənədlərə bilərəkdən yalan məlumatlar daxil etməklə vəzifə saxtakarlığı törətdiyini müəyyən edib.


Nərimanov Rayon Məhkəməsinin hökmü ilə Adəm Məlikov Cinayət Məcəlləsinin 179.2.3 və 179.2.4-cü maddələri ilə 2 il müddətinə dövlət, özəl və yerli özünüidarəetmə orqanlarında rəhbər və maddi məsul vəzifə tutmaq hüququndan məhrum edilməklə 2 il müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum olunub.


Bundan başqa, 313-cü maddə ilə onun aylıq qazancının 10 faizi dövlət nəfinə tutulmaqla 1 il 3 ay müddətinə islah işləri cəzası təyin edilib.

Cinayət Məcəlləsinin 66 və 68-ci maddələrinin tələbləri tətbiq edilərək cəzalar qismən toplanıb və məhkəmənin yekun qərarı ilə təqsirləndirilən şəxsə 2 il müddətinə rəhbər və maddi məsul vəzifə tutmaq hüququndan məhrum edilməklə 2 il 6 ay müddətinə azadlığın məhdudlaşdırılması cəzası təyin olunub.


Eyni zamanda, onun şübhəli şəxs qismində saxlanıldığı iki gün cəzadan çıxılıb və nəticədə üzərində 2 il müddətinə rəhbər və maddi məsul vəzifə tutmaq hüququndan məhrum edilməklə 2 il 5 ay 26 gün müddətinə azadlığın məhdudlaşdırılması cəzası saxlanılıb.


Geri qayıt