|

Ali Məhkəmədə Bakıda fəaliyyət göstərən “Hodin Tour” turizm şirkətinin sahibi 1979-cu il təvəllüdlü Musa İsmayılovun barəsindəki qərardan verilən kassasiya şikayəti üzrə məhkəmə iclası başa çatıb.
Pravda.az-ın əldə etdiyi məlumata görə, hakim Zaur Hüseynovun sədrliyi ilə keçirilən prosesdə qərar elan olunub.
Qərara əsasən, kassasiya şikayəti təmin edilməyib, Bakı Apellyasiya Məhkəməsinin qərarı dəyişdirilib. Onun 10 il 11 ay 26 gün müddətə azadlıqdan məhrumetmə cəzası 8 il 4 ay 4 günə endirilib.
Qeyd: Musa İsmayılov barəsində İraq vətəndaşının şikayəti əsasında Cinayət Məcəlləsinin 178.4-cü (Xüsusilə külli miqdarda ziyan vurmaqla dələduzluq etmə) maddəsi ilə ittiham irəli sürülmüşdü.
Müəyyən edilib ki, Musa İsmayılov bir neçə il əvvəl Bakıda qonaq olan İraq vətəndaşı Mohammedlə tanış olub. Onlar birgə iş qurmaq qərarına gəliblər və Musa ona iritutumlu avtobus alaraq birgə turizm işinə baş vurmağı təkif edib. Bu adla o, əcnəbi vətəndaşdan 318 000 ABŞ dolları, yəni 520 200 manat məbləğində pulu hissə-hissə alıb. Lakin daha sonra Musa işin alınmadığını bildirib və İraq vətəndaşının pullarını geri qaytarmayıb.
Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə Musa İsmayılov 11 il müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilib. Bakı Apellyasiya Məhkəməsinin qərarına əsasən, apellyasiya şikayəti təmin edilməyib, Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü dəyişdirilib. Təqsirləndirilən şəxs əməli təqsirli bilindiyi Cinayət Məcəlləsinin 178.4-cü (Xüsusilə külli miqdarda ziyan vurmaqla dələduzluq etmə) maddəsindən həmin Məcəllənin 178.3.2-ci (Külli miqdarda ziyan vurmaqla dələduzluq etmə) maddəsinə tövsif edilib. Musa İsmayılova 9 il müddətə azadlıqdan məhrumetmə cəzası təyin olunub. Onun daha əvvəlki cəzaları da birləşdirilərək təqsirləndirilən şəxsin barəsində qəti olaraq 9 il 5 ay 26 gün müddətə azadlıqdan məhrumetmə cəzası saxlanılıb.
Xatırlatma: Həbs edilən iş adamının daha əvvəl də başqa dələduzluq əməlləri törətməsi məlum olub.
Geri qayıt
|