|
ABŞ və İran arasında hərbi əməliyyatların dayandırılması haqqında memorandum artıq qüvvədə deyil. Yeniavaz.com xəbər verir ki, bu barədə İran Parlamentinin Milli Təhlükəsizlik və Xarici Siyasət Komitəsinin üzvü İbrahim Rezai İran dövlət televiziyasına (IRIB) müsahibəsində bildirib. ”Artıq praktikada memorandumumuz yoxdur”, - Rezai qeyd edib. Onun sözlərinə görə, ABŞ Livanla bağlı razılaşmaları pozaraq, Hörmüz boğazında sanksiyaları və blokadaları bərpa edib və rəsmi olaraq İranla müharibəyə girib. Rezai bildirib ki, Yaxın Şərqdə gərginliyin artmasına ABŞ və İsrail səbəb olub və onlar 28 fevralda İrana qarşı hərbi əməliyyata başlayıblar. Digər tərəfdən, İran xarici işlər nazirinin müavini Kazem Qaribabadi Tehranın artıq ötən ay ABŞ ilə əldə edilən 14 maddəlik razılaşmaya əsasən heç bir öhdəliyinin olmadığını bildirib. Onun sözlərinə görə, İslamabadda imzalanan anlaşma memorandumunun mahiyyəti müharibəyə dərhal və qəti şəkildə son qoymaq və Livan da daxil olmaqla İranla bütün cəbhələrdə hərbi əməliyyatları dayandırmaq idi. Ancaq tərəflər arasında razılaşdırılan atəşkəsə baxmayaraq hücumlar hələ də davam edir. “Buna görə də, hazırda İslamabad Anlaşma Memorandumu çərçivəsində həm ABŞ, həm də İran üçün qüvvədə qalan heç bir öhdəlik yoxdur”, - deyə o, IRIB-ə verdiyi müsahibədə bildirib. Qaribabadi həmçinin bildirib ki, buna görə İranın Hörmüz boğazından gəmiçiliyin bərpası kimi müqavilə üzrə öhdəliklərini yerinə yetirməsini gözləmək məntiqsiz və əsassızdır. İran xarici işlər nazirinin müavini Vaşinqtonu atəşkəsi pozmaqda günahlandıraraq, ABŞ ilə danışıqlar tələbi irəli sürməyəcəklərini deyib. “Əgər ABŞ İrana qarşı təzyiqi artırmaqla və hərbi əməliyyatlar aparmaqla İslam Respublikasını danışıqlar tələb etməyə məcbur edəcəyinə inanırsa, dərindən yanılır”, - deyə o bildirib. Qeyd edək ki, 15 iyunda ABŞ və İran hərbi əməliyyatların dayandırılmasına və münaqişənin həlli üçün şərait yaradılmasına çağıran memorandum imzalayıblar. Lakin 8 iyulda ABŞ Prezidenti Donald Tramp atəşkəsin artıq qüvvədə olmadığını elan edib və 10 iyulda Konqresə İrana qarşı hərbi əməliyyatların bərpası barədə rəsmi məlumat verib. Amerika lideri həmçinin iddia edib ki, Tehran memorandumun şərtlərinə əməl etməyib və Natanz nüvə obyekti də daxil olmaqla, əlavə zərbələrə icazə verib. 13 iyulda Tramp ABŞ-nin Hörmüz boğazında İrana qarşı dəniz blokadasını yenidən tətbiq edəcəyini açıqlayıb. 14 iyulda Bakı vaxtı ilə saat 24:00-da ABŞ İran limanlarına və sahil ərazilərinə gedən gəmilərin dəniz blokadasını bərpa edib. Yaxın Şərqdəki əməliyyatda 20-dən çox ABŞ Hərbi Dəniz Qüvvələri gəmisi və yüzlərlə hərbi təyyarə iştirak edib.
Geri qayıt
|