Əsas Səhifə > Güney Press > "Bu heç də yaxşı bir gələcək vəd etmir..."

"Bu heç də yaxşı bir gələcək vəd etmir..."


Bu gün, 00:11

Azərbaycanda dini etiqad azadlığı qanunla təmin olunsa da, ictimai yerlərdə icazəsiz dini təbliğatın aparılması, vətəndaşların dini cərəyanlara cəlb edilməsi və prozelitizm fəaliyyəti qanunvericiliyin tələblərinə zidd hesab olunur. Bu istiqamətdə illərdir nəzarət tədbirləri həyata keçirilir, müxtəlif dini qrupların qanunsuz fəaliyyəti ilə bağlı hüquq-mühafizə orqanları tərəfindən addımlar atılır.

Lakin Musavat.com əməkdaşının bir neçə gün əvvəl ictimai nəqliyyatda qarşılaşdığı hadisə göstərir ki, "Yehova şahidləri" kimi dini cərəyanların fərdi təbliğat üsullarından istifadə etməsi hələ də davam edir.​ Belə ki, əməkdaşımızın 12 nömrəli marşrut avtobusunda "Yehova şahidləri" təriqətinin təbliğatçısı ilə qarşılaşması və ona "pulsuz teokratik dərslər" adı altında gizli təkliflərin olunması, bu qeyri-ənənəvi dini cərəyanın hələ də aktiv iş başında olduğunu növbəti dəfə sübut edir. Paytaxtın ictimai nəqliyyatında, xüsusən də "Qara Qarayev" metrostansiyası istiqamətində hərəkət edən avtobuslarda sərnişinlərin emosional boşluqlarından istifadə edərək aparılan bu gizli təbliğat həm qanunvericilik, həm də milli təhlükəsizlik baxımından ciddi suallar doğurur.

(Daha ətraflı linkdə: https://musavat.com/mobile/news/yehova-sahid-leri-yene-is-basinda-emekdasimiza-gizli-teklif-pulsuz-olacaq-foto_1272832.html)

Azərbaycanda ictimai nəqliyyatda və digər ictimai yerlərdə bu formada dini təbliğat qanunvericiliyə uyğundurmu?

Deputat, ilahiyyat üzrə fəlsəfə doktoru Ceyhun Məmmədov mövzu ilə bağlı Musavat.com-a fikrini bölüşüb:"Təəssüflə qeyd etmək lazımdır ki, Azərbaycandakı bu cür dini təbliğat işləri yeni deyil. Uzun illərdir ki, "Yehovanın şahidləri" ölkəmizdə bu formada təbliğat aparırlar. Onlar məktəblərdə, evlərdə, küçələrdə və avtobuslarda fəaliyyət göstərirlər və günü-gündən bu icmaya üzv olan insanların sayı artmaqdadır. Ümumiyyətlə, bu gün Azərbaycanda dini xəritənin ciddi formada dəyişdiyini görməkdəyik ki, bu da gələcəkdə bizim üçün çox ciddi problemlər yaradacaqdır. Bəli, Azərbaycan müstəqil ölkədir, burada dini etiqad azadlığı mövcuddur. Amma bu dini etiqad azadlığı ilə Azərbaycanın milli təhlükəsizliyi arasında mütləq bir balans gözlənilməlidir. Təəssüf ki, bu gün Azərbaycanda qeyri-ənənəvi həm müsəlman, həm də qeyri-müsəlman icmaları getdikcə daha da fəallaşırlar. Bu gün çox məqsədli şəkildə Azərbaycanda dini düşüncə dəyişdirilir".

Deputat əlavə edib ki, süni və sürətli bir formada qeyri-ənənəvi dinlər, təriqətlər və məzhəblər ətraflarına daha çox insanı cəmləyə bilirlər:"Hazırda Bakının bir çox yerində, parklarda və ayrı-ayrı məkanlarda bu cür təbliğatların davamlı olaraq aparıldığını görürük. Əvvəllər də çıxışlarımda dəfələrlə qeyd etdiyim kimi, Azərbaycanda kor-koranə şəkildə dinə qarşı güclü bir meyil var. Bu meyil bəlkə də kənardan o qədər hiss olunmasa da, cəmiyyətdə sürətli bir dindarlaşma prosesi gedir və insanların dinə yönəlməsi sürətlənir. Təəssüf ki, əksəriyyət daha çox qeyri-ənənəvi, Azərbaycan üçün xas olmayan dinlərə, təriqətlərə, təlimlərə və məzhəblərə yönəlir. Bu proses yaxın gələcəkdə Azərbaycanda çox ciddi problemlərə yol açacaqdır. Bir daha xüsusi qeyd edirəm ki, qeyri-ənənəvi dinlərin, təriqətlərin və bəzən radikal xarakter daşıyan qrupların üzvlərinin sayının artması bizi ciddi şəkildə narahat etməlidir".

Ceyhun Məmmədov xatərladır ki, bu istiqamətdə mütləq ciddi işlər aparılmalı, maarifləndirmə prosesi getməlidir:" Ulu öndər Heydər Əliyev hər zaman deyirdi ki, dinimiz xalqımızın milli-mənəvi sərvətidir. Cənab Prezident də bu gün Qarabağda, işğaldan azad olunmuş ərazilərdə yeni məscidlər qurur və inşa edir. Amma məsələ ondadır ki, bu gün bizim dini mühitimiz çox ciddi təhdidlərlə üz-üzədir. Ən çox diqqət çəkən məqamlardan biri də odur ki, bu qeyri-ənənəvi təriqətlər Azərbaycandakı milli azlıqları daha çox öz tərəflərinə çəkməyə çalışırlar. Onlar milli azlıqlar arasında aktiv təbliğat aparır və özlərinə daha çox ardıcıl toplamağa cəhd edirlər. Buna görə də mən düşünürəm ki, bu sahədə qətiyyətli addımlar atılmalıdır. Qanunvericiliyə görə, heç kim öz rəsmi qeydiyyatda olduğu ünvandan başqa bir yerdə dini təbliğat apara bilməz. Lakin mənə də tez-tez parklarda, küçələrdə və ayrı-ayrı yerlərdə bu cür qanunsuz təbliğatların aparıldığı barədə vətəndaşlardan məlumatlar daxil olur. Qanun çərçivəsində buna icazə verilmir. Misal üçün, siz bu məsələyə bəlkə də fərqli yanaşır, amma bu gün nə qədər insan bu vədlərə şirniklənərək prosesə qoşulur. Əgər həmin qeyri-ənənəvi icmaların, qeyri-islam təriqətlərinin ibadət yerlərinə getsəniz, orada nə qədər azərbaycanlının olduğunu açıq-aydın görəcəksiniz. Bu gün hətta bir sıra hallarda kilsələrdəki insanların sayının məscidlərdəkindən daha çox olduğunun şahidi oluruq. Bəli, ölkəmiz müsəlman ölkəsidir, dini etiqad azadlığı var və hər bir insanın istədiyi dini seçmək hüququ mövcuddur. Amma eyni zamanda, bizim üzərimizdə milli təhlükəsizliyimizi və milli dəyərlərimizi qorumaq məsuliyyəti var.

Bu gün Azərbaycanda məqsədli şəkildə, bir sıra hallarda "dini maarifləndirmə" adı altında İslamın gözdən salınması və İslam dəyərlərinin sıradan çıxarılması prosesi gedir. Mən uzun illərdir bu barədə ciddi formada həyəcan təbili çalır və öz fikirlərimi bildirirəm. Ona görə də hesab edirəm ki, bu məsələlər dərindən araşdırılmalı, ciddi bir tədbirlər planı və proqramı hazırlanmalıdır. Bu sahədəki siyasət yalnız maarifləndirmə yolu ilə məhdudlaşmamalı, eyni zamanda inzibati tədbirlərə də yer verilməlidir. Aidiyyəti strukturların, mərkəzi icra hakimiyyəti orqanlarının və hüquq-mühafizə orqanlarının birgə fəaliyyətinə ciddi ehtiyac var. Əks halda, bir neçə ildən sonra Azərbaycanda dini sahədə xəritənin tamamilə dəyişdiyinin və bu prosesin bütövlükdə dövlətimizin əleyhinə işlədiyinin şahidi olacağıq. Bu isə heç də yaxşı bir gələcək vəd etmir. Bəziləri əvvəllər keçirilən görüşlərdə bunu normal bir istiqamət kimi təqdim etməyə çalışıblar, bu prosesə daha çox meydan verməyin müsbət tərəflərindən danışıblar, lakin bu yanaşma kökündən yanlışdır. Biz çox çalışmalı, böyük səy göstərməli və bu cür təhlükəli prosesləri xüsusi dövlət nəzarətində saxlamalıyıq".


Geri qayıt