Əsas Səhifə > Güney Press > İllərlə davam edən ailə gərginliyi faciə ilə bitdi, qadın ərini öldürdü:

İllərlə davam edən ailə gərginliyi faciə ilə bitdi, qadın ərini öldürdü:


Bu gün, 11:42

Lənkəran Ağır Cinayətlər Məhkəməsində qətl törətməkdə təqsirləndirilən Kəsirə Cəfərovanın cinayət işinin bəzi detalları məlum olub.


Pravda.az-ın əldə etdiyi məlumata görə, hakim Neymət Məmmədovun sədrliyi ilə keçirilən prosesdə ittiham aktı elan olunub.


İttihama görə, hadisə 2025-ci il noyabrın 30-da Cəlilabad rayonunun Günəşli kəndində qeydə alınıb.


Belə ki, Kəsirə Cəfərova fərdi yaşayış evində gündəlik məişət işləri ilə məşğul olub. Bu zaman mətbəxin yaxınlığındakı otaqda üç azyaşlı uşağının səs-küy saldığını eşidərək həmin otağa keçib.


Otaqda əri, zərərçəkmiş Vüsal Cəfərov və uşaqları döşəməyə sərilmiş süfrə arxasında səhər yeməyi yeyirmişlər. Təqsirləndirilən şəxs uşaqların nadinclik etdiyini, lakin həyat yoldaşının buna laqeyd yanaşdığını görərək ona irad bildirib.


Qadının məhkəmədə ifadəsində görə, bütün ev işlərinin, uşaqların tərbiyəsinin və qayğısının yalnız öz üzərində qalması, üstəlik fiziki qüsurlu olan iki övladının müalicəsi ilə təkbaşına məşğul olması uzun müddətdir ailədə gərginlik yaradıb.


Kəsirə Cəfərova ərinin ailəyə maddi dəstək vermədiyini, mütəmadi spirtli içki qəbul etdiyini, evə sərxoş qayıdaraq onunla mübahisə etdiyini və zorakılıq göstərdiyini bildirib. Hadisə günü də uşaqların dərmanlarının alınması üçün pul lazım olduğunu desə də, həyat yoldaşı buna etinasız yanaşıb və "bu ay heç nə görməyəcəksən", "get nə bilirsən elə" ifadələrini işlədib.


Məhkəmənin hökmündə qeyd olunub ki, həmin sözlər və uzun müddət davam edən ailədaxili gərginlik nəticəsində təqsirləndirilən şəxs kəskin psixi-emosional gərginlik keçirib. O, əvvəlcə özünə xəsarət yetirmək məqsədilə süfrənin üzərində olan mətbəx bıçağını götürərək özünü öldürəcəyini bildirib.


İstintaqın qənaətinə görə, həmin an ayağa qalxaraq onun üzərinə gələn ərinin özünə hücum edəcəyini düşünən qadın əlindəki bıçaqla ona bir dəfə sinə nahiyəsindən zərbə endirib. Zərbə nəticəsində döş boşluğuna keçən, ürək kisəsini, ürəyi və diafraqmanı zədələyən ağır deşilmiş-kəsilmiş yara əmələ gəlib. Yaradan yaranan güclü daxili qanaxma nəticəsində zərərçəkmiş həyatını itirib.


Məhkəmə iclasında Kəsirə Cəfərova elan olunmuş ittiham üzrə özünü təqsirli bildiyini deyib. O ifadəsində deyib ki, 2014-cü ildə ailə qurub və nikahlarından üç azyaşlı övladları dünyaya gəlib. Son üç il ərzində ailədə mübahisələrin intensivləşdiyini, ərinin tez-tez spirtli içki qəbul etdiyini və ailəyə maddi dəstək vermədiyini söyləyib.


Qadının sözlərinə görə, hadisə baş verən gün qayınatasının xahişi ilə ərini həyət işləri üçün iki dəfə yuxudan oyatmalı olub və bu səbəbdən də aralarında mübahisə yaranıb. Daha sonra səhər yeməyi hazırlayarkən uşaqların dava etdiyini görüb və ərinə övladları ilə maraqlanmadığını deyərək irad bildirib. Bu da növbəti mübahisəyə səbəb olub.


Təqsirləndirilən şəxs bildirib ki, uşaqların dərmanlarının pulu ilə bağlı söhbət zamanı artıq psixoloji gərginliyə tab gətirə bilməyib və bıçağı özünə xəsarət yetirmək üçün götürüb. Vüsal üzərinə gəldiyi anda onu özündən uzaqlaşdırmaq istəyərkən bıçağın sinəsinə batdığını hiss etməyib.


O, hadisədən dərhal sonra bıçağı yerə atdığını, parçanı yaraya sıxaraq qanaxmanı dayandırmağa çalışdığını, qayınatasını çağırdığını və zərərçəkmişin xəstəxanaya çatdırılmasına kömək etdiyini deyib.


Kəsirə Cəfərova həmçinin deyib ki, əvvəlcə polis əməkdaşlarına hadisənin yıxılma nəticəsində baş verdiyini desə də, sonradan ərinin vəziyyətinin ağırlaşdığını və həkimlərin bıçaq yarası aşkar etdiklərini öyrənəndən sonra həqiqəti etiraf edib.


Məhkəmədə verdiyi ifadəsində o, həyat yoldaşını öldürmək niyyətinin olmadığını, törətdiyi əməldən peşman olduğunu və himayəsində üç azyaşlı uşağın qalmasını nəzərə alaraq məhkəmədən yüngül cəza təyin edilməsini xahiş edib.


Mərhumun atası məhkəmədə hüquqi varis qismində ifadə verərək bildirib ki, hadisədən sonra oğlunun bıçaqlandığını öyrənib. Onun sözlərinə görə, gəlini uzun illər ailənin bütün yükünü çəkib, təkcə öz uşaqlarına deyil, vaxtilə vəfat etmiş qızının iki övladına da baxıb.


Hüquqi varis məhkəmədə Kəsirə Cəfərovaya qarşı heç bir maddi və mənəvi tələbinin olmadığını deyib. O qeyd edib ki, oğlu son illərdə həyat yoldaşına qarşı zorakılıq edirdi və hazırda nəvələrinin taleyini nəzərə alaraq gəlini ilə barışıb.


Məhkəməyə təqdim etdiyi yazılı ərizədə də hüquqi varis təqsirləndirilən şəxsdən şikayətçi olmadığını, onunla barışdığını və azadlığa buraxılmasını xahiş etdiyini bildirib.


İş üzrə toplanmış sübutlar, tərəflərin ifadələri və digər materiallar araşdırıldıqdan sonra məhkəmə yekun qərarını elan edib.


Məhkəmənin hökmü ilə Kəsirə Cəfərova 9 il müddətinə azadlıqdan məhrum edilib.


Geri qayıt