Əsas Səhifə > Güney Press > Taleh Yüzbəyov qalmaqallı reklamına görə MƏHKƏMƏYƏ verilir?

Taleh Yüzbəyov qalmaqallı reklamına görə MƏHKƏMƏYƏ verilir?


Bu gün, 15:12

Aktyor Taleh Yüzbəyovun rol aldığı dondurma reklamı sosial şəbəkələrdə geniş müzakirələrə səbəb olub.
“Bakupost” xəbər verir ki, reklam çarxında estetik əməliyyat etdirən qadınlara eyham vurularaq “təbii dondurma” anlayışı ön plana çıxarılır. Lakin bu təqdimat forması, xüsusilə qadın istifadəçilər tərəfindən tənqidlə qarşılanıb.
Sosial şəbəkə istifadəçiləri reklamın qadınlara qarşı stereotipləri gücləndirdiyini və alçaldıcı mesaj verdiyini iddia ediblər.
Müzakirələrdən bir gün sonra Taleh Yüzbəyov yeni reklam çarxı təqdim edib. Bu dəfə isə reklamda yaltaqlıq edən kişilər tənqid hədəfinə çevrilib.İstifadəçilər bildiriblər ki, birinci reklamda qadınların görünüşü hədəfə alınırdısa, ikinci reklamda konkret davranış tənqid olunur və bunlar eyni yanaşma deyil.
Məsələ ilə bağlı “Bakupost”a danışan vəkil Vamiq Şükürov bildirib ki, bu, sosial yox, kommersiya reklamıdır:
“Hər bir məhsul istehsal edən şirkət öz reklamını reklam şirkətindən istəyə bilər. Bu məsələlər müqavilə ilə tənzimlənir və həmin müqavilədə reklam olunmalı məhsulun xüsusiyyətləri, onun hansı formada həyata keçiriləcəyi, reklamın ssenarisi, buna görə xidmət haqqı və digər məsələlər öz əksini tapır.
Təbii ki, reklam fəaliyyəti, reklam çarxı və onun məzmunu da reklam haqqında qanunvericiliyə uyğun olmalıdır. İkincisi, reklamın mətni yazılı, səsli və ya video formatda olmasından asılı olmayaraq qanunvericiliyin tələblərinə uyğun olmalıdır. Reklamda səsləndirilən fikirlər qanunun tələblərinə cavab verməlidir. Qanunla qadağan olunmuş üsul və vasitələrdən istifadə edilməməli, insanların şərəf və ləyaqətini alçaldan sözlərə, mesajlara yol verilməməlidir. Üçüncüsü, reklam cəmiyyətdəki əxlaqi qaydalara da zidd olmamalıdır”.
V.Şükürov vurğulayıb ki, adı çəkilən reklam çarxı ilə bağlı narahat olan estetik əməliyyat keçirən şəxslər məhkəməyə, eləcə də haqsız reklamlara nəzarət edən Azərbaycan Respublikası Prezidenti yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyinə müraciət edə bilərlər:
“Lakin müraciətlərin təmin olunması üçün istər məhkəmə, istər də inzibati araşdırma tələb olunur. Təbii ki, araşdırma zamanı qeyd etdiyim və etmədiyim nüanslar yoxlanılacqdır”.
Vəkilin sözlərinə görə, sözügedən reklamda konkret ad çəkilmir və konkret bir şəxsin hissinə toxunulmur:
“Reklamda yalnız müəyyən bir kateqoriya (masada əyləşən estetik əməliyyat etdirən şəxs timsalında estetik əməliyyat etdirənlər) şəxslər tənqid olunur. Hesab edirəm ki, bu hal da nəzərə alınmalıdır.
Digər tərəfdən, burada konkret olaraq estetik əməliyyat həyata keçirən klinikaların marağına birbaşa toxunulmur. Bu barədə hər hansı açıq məlumat və ya şüuraltı mesaj verilmir. Əlbəttə ki, estetik əməliyyat edən klinikalar bu reklamı dolayı yolla öz fəaliyyətlərinə qarşı yönəlmiş kimi də qiymətləndirə bilərlər. Hər bir halda bu, hüquqi məsələdir və adını çəkdiyimiz agentliyə, eləcə də məhkəməyə müraciət oluna bilər".

Geri qayıt