Əsas Səhifə > Güney Press > Torpaq davası faciəyə çevrildi, gəlinlərini qətlə yetirdi:

Torpaq davası faciəyə çevrildi, gəlinlərini qətlə yetirdi:


Bu gün, 10:19

Sumqayıt Ağır Cinayətlər Məhkəməsində qardaşının arvadını qətlə yetirməkdə təqsirləndirilən 1967-ci il təvəllüdlü Pərviz Məlikovun cinayət işinin bəzi detalları məlum olub.


Pravda.az-ın əldə etdiyi məlumata görə, prosesdə ittiham aktı elan olunub.


İttihama görə, təqsirləndirilən şəxs qardaşına məxsus torpaq sahəsi ilə bağlı illərlə davam edən narazılığın təsiri altında qardaşının həyat yoldaşı, zərərçəkmiş Əminə Məlikovanı bıçaqlayaraq qətlə yetirib.

Hadisədən əvvəl Pərviz Məlikov qardaşı Əmrulla Məlikova məxsus 0,11 hektar torpaq sahəsinin ona verilməli olduğunu deyib. Bu məqsədlə 2015-2016-cı illərdə müxtəlif məhkəmə instansiyalarına – Sumqayıt İnzibati-İqtisad Məhkəməsinə, Sumqayıt Apellyasiya Məhkəməsinə və Ali Məhkəməyə müraciətlər etsə də, bütün instansiyalar torpaq sahəsinin qardaşının mülkiyyətində qalması barədə qərarlar qəbul ediblər.

Məhkəmə qərarları ilə razılaşmayan təqsirləndirilən şəxs mübahisəni hüquqi yollarla deyil, zor tətbiq etməklə həll edəcəyini dəfələrlə ətrafındakılara bildirib. Bu müddətdə qardaşı və onun ailə üzvləri ilə tez-tez münaqişələr yaşanıb. Hadisədən bir müddət əvvəl isə mübahisəli torpaq sahəsində yerləşən Əmrulla Məlikovun evinin pəncərə şüşələrini sındırıb. Bununla bağlı zərərçəkmiş polisə müraciət etsə də, həmin araşdırma da onun davranışına təsir göstərməyib.

Cinayət hadisəsi günü – 02 sentyabr 2025-ci il tarixində isə növbəti münaqişə baş verib. Belə ki, Pərviz Məlikov küçədə qardaşının həyat yoldaşı Əminə Məlikovanı görərək onunla mübahisə yaradıb. O, əvvəlcədən üzərində gəzdirdiyi mətbəx bıçağını çıxararaq qadına ardıcıl zərbələr endirib.

Məhkəmə-tibbi ekspertizasının rəyinə əsasən, zərərçəkmiş döş qəfəsinin döş və qarın boşluğuna nüfuz edən, ürək, ağciyər və qaraciyərin zədələnməsi ilə müşayiət olunan üç deşilmiş-kəsilmiş yara, həmçinin qarın nahiyəsində bir deşilmiş-kəsilmiş yara alıb. Bundan başqa, döş qəfəsinin arxa hissəsində və sol əlində də bıçaq xəsarətləri aşkarlanıb. Ekspertiza həmin xəsarətlərin çoxsaylı qan itirməyə səbəb olduğunu və zərərçəkmişin məhz bu səbəbdən həyatını itirdiyini müəyyən edib.

Məhkəmədə ifadə verən Pərviz Məlikov özünü ittiham üzrə qismən təqsirli bildiyini deyib. O, uzun illər ailələri arasında ciddi narazılıqların mövcud olduğunu söyləyib.

Onun sözlərinə görə, münaqişənin kökü hələ 1999-cu ildən başlayıb. Təqsirləndirilən şəxs iddia edib ki, həmin vaxt anası qardaşının həyat yoldaşı tərəfindən təhqir və fiziki zorakılığa məruz qalıb. O, məhkəmədə deyib ki, anası bu hadisələrdən sonra uzun müddət yataq xəstəsi olub və sonradan vəfat edib. Pərviz Məlikov qardaşının həyat yoldaşını anasına qarşı qəddar münasibətdə ittiham edib.

O, həmçinin bildirib ki, atasından qalan torpaq sahəsinin bərabər bölünməsini istəsə də, qardaşı Əmrulla Məlikov buna razılıq verməyib. Pərviz Məlikovun sözlərinə görə, notariat sənədlərinə imza atdıqdan sonra torpaq üzərində hüquqlarının tanınmadığını öyrənib. Bu səbəbdən illərlə məhkəmələrdə mübarizə aparsa da, nəticə əldə edə bilməyib.

Təqsirləndirilən şəxs ifadəsində hadisədən bir neçə gün əvvəl mərhumun yenidən ailə üzvlərini hədələdiyini, bundan sonra isə qardaşının evinin şüşələrini sındırdığını etiraf edib.

Hadisə günü isə qardaşının həyat yoldaşı ilə danışaraq mübahisəni sülh yolu ilə həll etmək istədiyini bildirib. Söhbət zamanı Əminə Məlikova ona qarşı təhqiramiz ifadələr işlədib, anası barədə nalayiq sözlər deyib və bu zaman özünü idarə edə bilməyərək cibində gəzdirdiyi bıçaqla ona dörd zərbə vurduğunu vurğulayıb.

Pərviz Məlikov məhkəmədə qadını öldürmək niyyətində olmadığını deyib.

O bildirib ki, hadisədən sonra peşman olub, evdən götürdüyü örtüyü zərərçəkmişin üzərinə salıb, çantasını və mobil telefonunu da yanında qoyub. Daha sonra hadisə yerinə yaxınlaşan patrul əməkdaşlarına baş verənləri özü danışdığını qeyd edib.

Bununla belə, məhkəmə iş üzrə toplanmış sübutları, ekspertiza rəylərini, şahid ifadələrini və digər materialları qiymətləndirərək təqsirləndirilən şəxsin əməlini qəsdən adam öldürmə kimi qiymətləndirib və iş üzrə yekun hüquqi nəticəyə gəlib.

Məhkəmənin hökmü ilə Pərviz Məlikov cəzanı ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməklə 17 il müddətə azadlıqdan məhrum edilib.


Geri qayıt