Əsas Səhifə > Güney Press > "Air Force One" qalmaqalı böyüyür:

"Air Force One" qalmaqalı böyüyür:


Bu gün, 12:43

ABŞ Prezidenti Donald Trampın administrasiyası ilə ölkənin aparıcı mətbuat orqanlarından olan "The New York Times" (NYT) qəzeti arasında dövlət başçısının yeni təyyarəsinə görə ciddi qalmaqal yaranıb.

Musavat.com xəbər verir ki, qəzetin özünün yaydığı məlumata görə, Ağ Ev Qətər dövləti tərəfindən prezidentə hədiyyə edilən yeni "Air Force One" təyyarəsinin təhlükəsizlik problemləri barədə məqalə dərc edən bir neçə jurnalisti federal böyük münsiflər heyəti qarşısında ifadə verməyə çağırıb. Bəzi müxbirlərə rəsmi çağırış vərəqələrinin birbaşa federal agentlər tərəfindən şəxsən təqdim edildiyi bildirilir.

"The New York Times" redaksiyası hakimiyyətin bu addımını mediaya qarşı açıq təzyiq, mətbuatı qorxutmaq cəhdi və ABŞ Konstitusiyasının Birinci Düzəlişi ilə təminat altına alınan söz azadlığı hüququnun kobud şəkildə pozulması kimi qiymətləndirib.

Qeyd edək ki, qəzet bundan əvvəl özünün anonim mənbələrinə istinadən yazdığı xəbərdə Trampa bağışlanan yeni təyyarənin əvvəlki prezident laynerində mövcud olan bir sıra mühüm və strateji təhlükəsizlik sistemləri ilə təchiz olunmadığını ifşa etmişdi. Məhz bu məxfi məlumatların mətbuata sızması Vaşinqtonda hərbi və siyasi rəhbərliyi hərəkətə gətirib.


Geri qayıt