Əsas Səhifə > Güney Press > Bazarda mağazanın qarşısına paltar asmaq üstündə qadınlar arasında dava

Bazarda mağazanın qarşısına paltar asmaq üstündə qadınlar arasında dava


Dünən, 13:12

Şəki Apellyasiya Məhkəməsində xuliqanlıqda təqsirləndirilən Elnarə Zahidovanın (ad, soyadı şərtidir) barəsindəki hökmdən verilən apellyasiya şikayəti üzrə məhkəmə prosesi başa çatıb.


Pravda.az-ın əldə etdiyi məlumata görə, hakim Zamin Tahirovun sədrliyi ilə keçirilən prosesdə qərar elan edilib.


Qərara əsasən, təqsirləndirilən şəxsin müdafiəçisinin apellyasiya şikayəti qismən təmin olunub. Şəki Rayon Məhkəməsinin qərarı mülki iddianın qismən təmin edilməsi hissəsində dəyişdirilib. Elnarə Zahidovadan 2500 mаnаt tutulub.


İttihama görə, Elnarə Zahidova bazarda işlədiyi geyim mağazasının qonşuluğunda fəaliyyət göstərən mağazada çalışan zərərçəkmiş Nazilə Məlikovanın (adı, soyadı şərtidir) anasının obyektinin qarşısına paltar asması ilə bağlı iradını qəbul etməyib. Bu irad tərəflər arasında mübahisəyə səbəb olub.


Belə ki, təqsirləndirilən şəxs yaranmış vəziyyəti cüzi səbəb kimi bəhanə edərək ictimai yerdə aqressiv davranış nümayiş etdirib. O, ətrafda çoxsaylı insanların olmasına baxmayaraq zərərçəkmiş şəxsin ünvanına nalayiq ifadələr işlədib, onu döyməklə hədələyib və fiziki zor tətbiq edib.


Cinayət işinin materiallarına görə, insident zamanı bazarda fəaliyyət göstərən mağazaların işi təxminən 10-15 dəqiqə müddətində pozulub, hadisə ətrafdakı alıcı və satıcılar arasında narahatlıq yaradıb. İstintaq orqanı hesab edib ki, Elnarənin hərəkətləri ictimai qaydanı kobud şəkildə pozmaqla cəmiyyətə açıq hörmətsizlik nümayiş etdirməkdə ifadə olunub.


Təqsirləndirilən şəxs Naziləyə çoxsaylı yumruq zərbələri endirib. Nəticədə zərərçəkmişin döş qəfəsinin ön səthində sıyrıqlar, sol mil-bilək oynağının yumşaq toxumalarının əzilməsi və hərəkət məhdudluğu, sol said nahiyəsində hematoma, sağ əlin ikinci barmağında şişkinlik qeydə alınıb. Məhkəmə-tibbi ekspertizasının rəyinə əsasən, bu xəsarətlər sağlamlığın qısa müddətə pozulmasına səbəb olan yüngül bədən xəsarətləri kimi qiymətləndirilib.


İbtidai istintaq orqanı təqsirləndirilən şəxsə Cinayət Məcəlləsinin 221.1-ci (qərəzli xuliqanlıq) maddəsi ilə ittiham irəli sürüb.


Şəki Rayon Məhkəməsinin araşdırmasının yekununda "Konstitusiya və Suverenlik İli" münasibətilə qəbul edilmiş amnistiya aktının tətbiq edilməsi üçün qanuni əsasların mövcud olduğu qənaətinə gəlinib. Hökmə əsasən, Milli Məclisin "Konstitusiya və Suverenlik İli" münasibətilə amnistiya elan edilməsi haqqında qərarının 5.1-ci bəndi tətbiq olunaraq təqsirləndirilən şəxs barəsində Cinayət Məcəlləsinin 221.1-ci maddəsi ilə aparılan cinayət təqibinə və cinayət işinin icraatına xitam verilib.


Bununla yanaşı, onun barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbiri də ləğv edilib.


Məhkəmə zərərçəkmiş şəxsin mülki iddiasına da baxıb. Qərara əsasən, iddia qismən təmin olunub.


Belə ki, cavabdeh təqsirləndirilən şəxsdən zərərçəkmişin xeyrinə ümumilikdə 5 676 manat məbləğində vəsaitin tutulmasına qərar verilib.


Geri qayıt