Əsas Səhifə > Güney Press > Avropada və Azərbaycanda gənclər arasında işsizlik səviyyəsi

Avropada və Azərbaycanda gənclər arasında işsizlik səviyyəsi


Dünən, 12:55

Avropa İttifaqı ölkələrində gənclərin orta işsizlik səviyyəsi 14,8% təşkil edib.
Yeniavaz.com
“Eurostat”a istinadən xəbər verir ki, ən yüksək gənclər işsizliyi Estoniyada qeydə alınıb.
Ölkədə 15-24 yaşlılar arasında işsizlik səviyyəsi 26,9% olub. Bu göstərici Aİ-də ən aşağı nəticəyə malik Malta ilə müqayisədə dörd dəfədən çox fərqlənir.
Cənubi Avropa ölkələri də yüksək gənclər işsizliyi ilə diqqət çəkib. İspaniyada göstərici 24%, İtaliyada 20,1%, Portuqaliyada 18,9%, Yunanıstanda isə 18,8% olub. Fransa da 18,7%-lə Avropa İttifaqı ortalamasından yüksək nəticə göstərib.
Şimali Avropa ölkələrində də vəziyyət eyni olmayıb. Güclü iqtisadiyyata malik İsveçdə gənclər arasında işsizlik 23,8%, Finlandiyada isə 21,4% təşkil edib.
Ekspertlər bildirirlər ki, gənclər arasında işsizlik yalnız iqtisadi artımla bağlı deyil. Təhsildən əmək bazarına keçid, peşə hazırlığı sistemləri, bacarıq çatışmazlığı və regionlar arasındakı iqtisadi fərqlər bu göstəriciyə ciddi təsir edir.
Məsələn, İspaniya son illərdə iqtisadi artım göstərsə də, gənclərin işsizliyi hələ də Avropanın ən yüksək səviyyələrindən biri olaraq qalır. Buna səbəb kimi əmək bazarında tələb olunan bacarıqlarla gənclərin sahib olduğu ixtisaslar arasındakı uyğunsuzluq göstərilir.
Digər tərəfdən, Almaniya, Malta və Niderland gənclərin məşğulluğu baxımından ən yaxşı nəticə göstərən ölkələr sırasındadır. Bu dövlətlərdə peşə təhsili sistemləri, işəgötürənlərin ixtisaslı kadrlara tələbi və təhsil ilə əmək bazarı arasındakı əlaqə gənclərin daha tez iş tapmasına kömək edir.
Mütəxəssislərin fikrincə, Avropada gənclər üçün iş imkanlarının qeyri-bərabər olması əmək miqrasiyasını da gücləndirir. Daha yaxşı karyera imkanları axtaran gənclər tez-tez yüksək məşğulluq göstəricilərinə malik ölkələrə köçürlər.
Aİ ölkələrində 15-24 yaşlılar arasında işsizlik səviyyəsi belə olub:
Estoniya – 26,9%
İspaniya – 24,0%
İsveç – 23,8%
Rumıniya – 23,5%
Finlandiya – 21,4%
Lüksemburq – 20,5%
İtaliya – 20,1%
Portuqaliya – 18,9%
Yunanıstan – 18,8%
Fransa – 18,7%
Latviya – 16,9%
Xorvatiya – 16,9%
Litva – 16,1%
Slovakiya – 15,4%
Belçika – 15,2%
Bolqarıstan – 15,0%
Kipr – 14,8%
Danimarka – 14,8%
Macarıstan – 13,8%
Avstriya – 13,7%
Polşa – 12,7%
Çexiya – 11,7%
İrlandiya – 11,3%
Sloveniya – 11,2%
Niderland – 8,7%
Almaniya – 6,3%
Malta – 6,2%


Məlumat üçün bildirək ki, açıqlanan son rəsmi məlumata görə, Azərbaycanda 15-24 yaşlılar arasında işsizlik səviyyəsi 12,8% olub. Belə ki, ölkədə 15-24 yaşlılar arasında işsizlərin sayı 79,8 min nəfər olub. Bu isə ölkə üzrə qeydə alınan ümumi işsilzərin 28,2%-nə bərabərdir.


Geri qayıt