Əsas Səhifə > Güney Press > Ərdoğan NATO liderlərinə qala yeməyində nə ikram etdi?
Ərdoğan NATO liderlərinə qala yeməyində nə ikram etdi?Dünən, 11:57 |
|
7-8 iyul tarixlərində Ankarada keçirilən 36-cı NATO Dövlət və Hökumət Başçıları Zirvəsi başa çatsa da, tədbirlər bağlı müzakirələr davam edir. Məlumata görə, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın ev sahibliyi etdiyi qala yeməyində NATO-nun 32 üzv ölkəsinin liderləri, dəvət olunmuş dövlət başçıları və yüksək səviyyəli nümayəndə heyətləri iştirak edib. Türk mətbəxini beynəlxalq səviyyədə tanıtmağı karyerasının əsas istiqamətlərindən biri seçən Fatih Tutak rəsmi qala yeməyində Türkiyənin qastronomik irsini dünya liderlərinə təqdim edib.
“Belə xüsusi bir süfrədə türk mətbəxini təmsil etmək bizim üçün böyük şərəf idi. Bu menyuda Türkiyənin müxtəlif bölgələrindən gələn məhsulları, istehsalçıların əməyini və mətbəx yaddaşımızı müasir dillə təqdim etmək istədik. Türkiyənin ev sahibliyi etdiyi bu mühüm görüşün bir hissəsi olmaq bizim üçün çox dəyərlidir”. ABŞ Prezidenti Donald Tramp, Fransa Prezidenti Emmanuel Makron, Almaniya kansleri Fridrix Merts, Böyük Britaniyanın Baş naziri Keir Starmer və İtaliyanın Baş naziri Giorgiya Meloni də daxil olmaqla liderlərə türk mətbəxinin zəngin irsini əks etdirən xüsusi qala menyusu təqdim olunub. Menyuda Anadolunun regional məhsul müxtəlifliyi, yerli istehsalçılarla əməkdaşlıq və türk mətbəxinin qədim ənənələri əsas götürülüb. Ənənəvi türk dadları müasir texnikalar və zərif təqdimatla yenidən hazırlanaraq qonaqlara təqdim olunub. Həftələrlə davam edən hazırlıq prosesindən sonra yaradılan menyu ənənəvi türk mətbəxinin xüsusiyyətlərini müasir kulinariya yanaşması ilə birləşdirib. Məhsul seçimindən tutmuş yeməklərin hazırlanmasına qədər bütün mərhələləri şəxsən idarə edən aşpaz Fatih Tutak menyunu mövsümilik, yerli istehsal və davamlılıq prinsiplərinə uyğun hazırlayıb. Menyuda istifadə olunan məhsulların böyük hissəsi Türkiyənin müxtəlif bölgələrindəki istehsalçılardan alınıb. Beləliklə, qala yeməyi sadəcə rəsmi qəbul menyusu deyil, həm də Türkiyənin məhsul zənginliyini, mətbəx mədəniyyətini və istehsalçı əməyini təqdim edən qastronomik təqdimata çevrilib. Menyuda daş sobada hazırlanmış pide, Trabzon kərə yağı və Hizan karakovan balı, zeytun yağlı tərəvəz bayıldı, yanıq Denizli qatığı, dəniz levrəyi və tarama, Urla sakqız enginarı ilə Tokat üzüm yarpağı, quzu əti ilə göbələk qarışıqlı firik bulquru, təndirdə bişmiş dana qabırğası, yanıq Trabzon kərə yağı və badımcan, tüstüyə verilmiş Ayaş pomidor sousu ilə mantı, “milk baklava”, Antep fıstığı köpüyü və bergamotlu Maraş dondurması yer alıb. Geri qayıt |