Əsas Səhifə > Güney Press > Abşeronda 25 yaşlı oğlandan anasına amansız cinayət: “Hərəkətlərini xatırladım, öldürmək istədim”

Abşeronda 25 yaşlı oğlandan anasına amansız cinayət: “Hərəkətlərini xatırladım, öldürmək istədim”


Bu gün, 16:38

Abşeron rayonunda 25 yaşlı oğlan anasını öldürməyə cəhd etməkdə ittiham edilib.

Teleqraf-ın əldə etdiyi məlumata görə, hadisə rayonun Saray qəsəbəsində baş verib.

Sumqayıt şəhər sakini, 2001-ci il təvəllüdlü Ayaz 1981-ci il təvəllüdlü anası Könülü (adlar şərti verilib – red.) bıçaqlayaraq öldürmək istəyib.

Belə ki, Könül hadisədən bir il əvvəl yaşadıqları evi tərk edib və başqa bir evdə yaşamağa başlayıb. Qadının bu addımı atmasına səbəb isə oğlanları – Ayaz və Həsənin və əri Samirin narkotik maddə istifadəçisi olmaları, onların bu pis vərdişləri səbəbindən ona qarşı edilən təzyiq və təhqirlərlə bağlı olub. Buna dözməyən qadın ailəsindən ayrılaraq başqa evdə tək yaşayıb.

Ayaz anasının öz ailəsinə qarşı bir qadın kimi lazımi diqqət və qayğı göstərməməsini qəbul etməyib, bu səbəbdən qisas niyyəti ilə onu öldürmək qərarına gəlib.

Bu məqsədlə Ayaz anasının yaşadığı Saray qəsəbəsində yerləşən fərdi yaşayış evinə gedib və mübahisə etdikdən sonra anasını öldürmək niyyətini həyata keçirmək məqsədi ilə evin mətbəxinə keçib. Oradan mətbəx bıçağını götürüb və yataq otağına keçib. Qadının bədəninin müxtəlif, o cümlədən həyat fəaliyyəti üçün vacib olan orqanlarının yerləşdiyi nahiyələrindən ümumilikdə 13 xəsarət yetirib.

Ayaz bu xəsarətlər yetirdikdən sonra fasilə verməsindən istifadə edən və yaralı vəziyyətdə olan Könül onun əlindən qurtularaq qaçıb və ona vaxtında ixtisaslaşdırılmış tibbi yardım göstərilməsi ilə həyatı xilas edilib.

Ayazın barəsində Cinayət Məcəlləsinin 29, 120.1-ci (qəsdən adam öldürməyə cəhd) maddəsi ilə ittiham elan edilib.

İş üzrə ifadə verən Ayaz ona elan olunmuş ittiham üzrə özünü qismən təqsirli bilib. O, ifadəsində göstərib ki, anasının tək yaşamasını istəməyib: “Evdən pivə butulkası tapmağım və digər hərəkətlər məni bu vəziyyətə gətirdi. Anam başıbağlı qadındır, spirtli içki qəbul edən biri deyil. Hadisə günü isə hərəkətlərim özümdən asılı olmayıb. Yas mərasimində idim. Anamın övladlarını başqa birinə dəyişdiyi yadıma düşdü. Anamın yaşadığı evə getdim və bu hadisə baş verdi”.

Ayaz qeyd edib ki, anasını vurarkən onu öldürmək fikri olmayıb və hərəkətləri özündən asılı olmayıb: “Narkotik vasitə istifadə etməmişəm. Atamın narkotik vasitə istifadə edib-etməməsini bilmirəm. Atamın məhkumluğu olub, qardaşımın olmayıb. Anam ilə atamın münasibəti haqqında danışa bilmərəm. Mən anamın evdə olarkən kimləsə yazışmasını görmüşəm, anamın laqeydsizliyi buna səbəb oldu. Mənim anamı öldürmək fikrim yox idi. Hadisəni törətdikdən sonra Corata getdim. Atama baş verənləri danışdım. Atam məni polis bölməsinə apardı. Anamı vurandan sonra şokda idim”.

Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı verdiyi ifadəsində göstərib ki, anası təqribən 1 ildən çoxdur onlardan ayrı, yəni Abşeron rayonu, Saray qəsəbəsində tək yaşayır: “Həmin ev anama atasından qalıb. Mən isə atam Samir və qardaşım Həsən ilə birlikdə yaşamışam. Hələ anam atam ilə münasibətləri soyuyaraq evdən getməmişdən əvvəl onun mənə və ümumilikdə ailə üzvlərimizə qarşı soyuq davranmağa başladığını hiss etmişəm. Lakin anamın nəyə görə belə davrandığını başa düşmədim. Bir dəfə anamın yanında olanda kiminləsə mesajlaşdığını hiss etdim. Qəfildən telefonun ekranına baxdım və anamın kiməsə “məni alarsan?” məzmunlu mesaj yazdığını gördüm”.

Təqsirləndirilən şəxs deyib ki, daha sonra anasının başqa biri ilə danışdığını başa düşüb: “Buna görə anam ilə sözlə mübahisə etsəm də, anam heç nəyi etiraf etmədi. Həmin gündən anamın nəyə görə evdən soyuduğunu başa düşdüm. Anam da evə soyuduğu üçün atam ilə mübahisələri hər gün daha da çoxaldı və mübahisələrin birində anam evdən şəxsi əşyalarını götürərək atasından qalma Saray qəsəbəsində yerləşən evə köçdü, orada yaşamağa başladı. Həmin vaxtdan anama qarşı soyumağa başladım. Lakin anamın nə vaxtsa səhv yolda olduğunu başa düşərək evinə geri qayıdacağını düşündüm. Hətta elə oldu ki, bir ay anam ilə bir yerdə Saray qəsəbəsində yaşadım və çalışdım ki, anama özümü sevdirim, anam əvvəlki həyatına qayıtsın. Lakin anam ilə bir yerdə yaşamağım bu mövzuda müsbət nəticə vermədi. Anam ilə bir yerdə yaşadığım zaman anamın evindən pivə şüşəsi də tapdım. Anama şüşə butulkasının evdə nə işi olduğunu soruşdum. Bu zaman anam sakit dayandı, heç nəyə cavab vermədi. Anam ilə bir yerdə yaşamağımın ona ailə sevgisini qaytara bilməyəcəyimi başa düşdüm. Ona görə də Sumqayıtda atam və qardaşımla bir yerdə yaşamağa davam etdim. Lakin anamın bizə qarşı anidən soyuması və laqeydliyi ağlımdan çıxmadı”.

Təqsirləndirilən şəxs deyib ki, hadisə günü Sumqayıt şəhəri, Corat qəsəbəsində yas məclisində olub: “Orada olan zaman yenə də anamın bizə qarşı laqeydliyi, həyat tərzi yadıma düşdü. Anamı öldürməyi və bu məsələyə son qoymağı düşündüm. Saat təxminən 16 radələrində anamın Sarayda yaşadığı evinə çatdım. Qapını döydüm və anam qapını açdı. Anam nə üçün gəldiyimi soruşdu. Anamın elədiyi hərəkətlərini ona xatırlatdım. Daha sonra evə daxil oldum. Bu zaman birbaşa mətbəxə keçdim, mətbəxdən bıçağı götürdüm və qonaq otağına, anamın yanına getdim. Qonaq otağında olan zaman bıçaqla anamın qarın nahiyəsindən, qolundan və bədəninin müxtəlif nahiyələrindən vurdum. Bu zaman anam qışqıraraq kömək istədi. Anamın qışqırıq səsi məni qəflətən ayıltdı. Anamın qışqırıq səsi məni onu vurmağa fasilə verməyə məcbur etdi və əlimi saxladım. Anama neçə dəfə xəsarət yetirdiyimi xatırlamıram. Özümə gələn kimi bıçağı evə atdım və oradan uzaqlaşaraq yas məclisinə getdim. Çünki atam həmin yas məclisində olub. Atam ilə görüşdüm və anamı bıçaqladığımı dedim”.

İş üzrə zərərçəkmiş Könülün sözlərinə görə, oğulları da, yoldaşım da narkotik istifadəçisidir: “Mən övladlarım üçün çox əziyyət çəkmişəm, lakin qarşılığını görə bilməmişəm. Oğlum Həsən əsgərliyə gedəndən sonra onun qollarını kəsdiyi ilə bağlı xəbər gəldi. Ayaz əsgərliyə gedəndən sonra onun əsgərlikdən qaçması xəbərini öyrədim. Mən Ayazın əsgərlikdən qaçmasının qarşısını aldım və qardaşım ilə onu geri apardıq. Yolda Ayaz qardaşıma “şüşə” çəkməsini etiraf etdi. Ümumiyyətlə, mən yoldaşımın da, oğlanlarımın da narkotik istifadəçisi olduğunu bilirdim. Yoldaşım evə dəfələrlə narkomanları gətirirdi. Oğullarım narkomanlarla məni evdə tək qoyurdular”.

Zərərçəkmiş deyib ki, o, bıçaqlandıqdan sonra digər oğlu Həsən 3 dəfə tutulub, həyat yoldaşının da narkotikə görə məhkumluğu olub: “Mən bütün bunlara nə qədər dözməli idim. Evdə sadəcə mən işləyirdim və mənim günə 12 manata işləməyimə baxmayaraq evə 20 manatlıq bazarlıq gətirəndə yoldaşım da, oğullarım da bunu sorğulamırdılar. Yoldaşım mən evə gec saatlarda gələndə narkotik vasitə istifadə etmək üçün məni evdən çölə çıxarırdı. Evə internet çəkdirmək üçün bir nəfər şəxs ilə telefonumda danışan zaman ərim məni döydü. Halbuki “Tik-tok” sosial şəbəkəsində uyğunsuz şəxslərlə əlaqə saxlayırdı. Qeyd etdiyim bütün bu məsələlərə görə mən evi tərk etdim. Başqa evdə yaşasam da, Ayaz yanıma gəlib-gedirdi. Ayaz ad günü münasibətilə məndən ona telefon almağımı istəmişdi. Mən ona telefon aldım və telefonu satmayacağına söz verdi. Lakin daha sonra mənə zəng vurmamağından şübhələndim. Bir nəfər tanışım mənə Ayazın mənim paltarlarımı 50 qəpiyə, bir manata satdığı ilə bağlı məlumat verdi”.

Könülün sözlərinə görə, hadisə günü başı ağrıdığından və yaxınının yası olduğundan işə getməyib: “Ayazda da evin açarı var idi. İçəri girdi və qapını bağladı. Onunla normal söhbət edirdim, lakin içimdə bir hiss var idi. Ondan aldığım telefonu niyə satdığını soruşdum. O, isə “başımı xarab eləmə, əcəb etmişəm” dedi. Mən isə onu söydüm. O, da dedi ki, onsuzda səni qanına qəltan etməyə gəlmişəm. Daha sonra mən paltarlarımı dəyişmək üçün otağa keçdim, paltarlarımı tam geyinməmiş Ayaz içəri girdi. Çölə çıxmağını istədim. Nalayiq söz işlədərək məni bıçaqla vurdu. Mən qışqıraraq kömək istəyirdim. Ayaz isə bıçaq zərbələrinə davam edirdi. Daha sonra çölə qaçdım. Küçədə olan insanların üstünə qaçaraq kömək istədim. Daha sonra Vüsal adlı şəxs mənə kömək etdi. Bibimə zəng vurdum və “ölürəm, kömək edin” dedim. Sonra baş verənləri isə huşum üzərimdə olmadığına görə xatırlamıram”.

Bu cinayət işinə Sumqayıt Ağır Cinayətlər Məhkəməsində baxılıb. Məhkəmənin hökmü ilə Ayaz 7 il 10 ay 15 gün müddətə azadlıqdan məhrum edilib. Onun cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməsi müəyyən edilib.


Geri qayıt