Əsas Səhifə > Güney Press > Fermer zəhmətlə yetişdirdiyi məhsulu niyə zibilliyə atır?
Fermer zəhmətlə yetişdirdiyi məhsulu niyə zibilliyə atır?Bu gün, 13:05 |
|
Yay mövsümündə bazarlarda meyvə bolluğu müşahidə olunsa da, məhsulun hamısı alıcıya çatmır. Bəzi meyvələrin qiymətinin yüksək olması, alıcılıq qabiliyyətinin zəifləməsi və məhsulun tez xarab olması səbəbindən xeyli hissəsi satılmır. Son günlər sosial şəbəkələrdə bazarlarda xarab olmuş meyvələrin kütləvi şəkildə məhv edildiyini əks etdirən görüntülərin yayılması da bu məsələyə diqqəti artırıb. Paylaşılan videolarda yeşiklərlə çiyələk, vişnə və digər mövsümi meyvələrin tullantıya atıldığı görünür. Bu görüntülər məhsul bolluğuna baxmayaraq satışın niyə zəif getdiyi, qiymətlərin necə formalaşdığı və qida israfının qarşısının necə alınacağı ilə bağlı müzakirələri yenidən gündəmə gətirib. Maraqlıdır, belə bir vəziyyət məhsul boluğu, yoxsa alıcılıq qabiliyyətinin zəifliyi ilə bağlıdır? Mövzu ilə bağlı “Cebheinfo.az”-a açıqlamasında iqtisadçı-ekspert Xalid Kərimli bildirib ki, yay mövsümündə bazarlarda meyvə bolluğu müşahidə olunsa da, bu məhsulların satışı həmişə asan olmur: “Tez xarab olan kənd təsərrüfatı məhsullarında əsas problem onların qısa müddətdə istifadəyə yararsız hala düşməsidir. Bu risk məhsulun qiymətinə də birbaşa təsir göstərir. Sahibkarlar fermerdən məhsulu alarkən xarab olma ehtimalını nəzərə alır və buna görə də onu daha aşağı qiymətə almağa çalışırlar. Gilas, vişnə, gilənar kimi məhsulların bahalaşmasının əsas səbəblərindən biri yüksək daşınma xərcləridir. Bəzi hallarda məhsulun satış qiymətinin 30-40 % məhz daşınma xərclərindən ibarət olur. Bundan əlavə, daşınma zamanı yaranan itkilər və məhsulun xarab olma riski də qiymətə əlavə olunur. Qiymətə təsir edən digər amillərdən biri də məhsulun yığım xərcləridir. Fermerlər meyvələrin ağaclardan yığılması üçün əlavə işçi qüvvəsinə ehtiyac duyur və bunun da müəyyən xərci olur. Sahibkar isə həm bu xərcləri, həm də mümkün itkiləri nəzərə alaraq məhsulu daha yüksək qiymətə satmağa çalışır”. Onun sözlərinə görə, bu problemin həlli yalnız dövlətin müdaxiləsi ilə mümkün deyil: “Strateji məhsullar olan taxıl və pambıqdan fərqli olaraq, meyvələri uzun müddət saxlamaq mümkün olmadığından onların dövlət tərəfindən alınması real həll yolu hesab edilmir. Fermerlər məhsul yığılmadan əvvəl satış bazarlarını müəyyənləşdirməli, alıcılarla əlaqələr qurmalı və bazarı əvvəlcədən planlaşdırmalıdırlar. Əks halda, məhsulu yüksək qiymətə satmaq istəyi satışın baş tutmamasına, nəticədə isə məhsulun xarab olaraq tələf olmasına səbəb ola bilər”. Ekspert qeyd edib ki, fermerlərin kooperativlər və sahə birlikləri şəklində fəaliyyət göstərməsinə dəstək verməlidir: “Bu, həm satış imkanlarının genişlənməsinə, həm də risklərin bölüşdürülməsinə kömək edə bilər. Kənd təsərrüfatı ilə məşğul olan şəxslər bu riskləri əvvəlcədən nəzərə almalı və fəaliyyətlərini buna uyğun planlaşdırmalıdırlar”. Geri qayıt |