Əsas Səhifə > Güney Press > Fransa sülhü dəstəkləyir, yoxsa “arsax mifi”ni?

Fransa sülhü dəstəkləyir, yoxsa “arsax mifi”ni?


Bu gün, 12:12

Fransa prezidenti Emmanuel Makronun diplomatik müşaviri Bertrand Buhvalterin bir neçə gün əvvəl Bakıya səfəri Parisin Azərbaycan istiqamətində yaranmış gərginliyi yumşaltmaq cəhdi kimi izah edilirdi. Çünki bu səfərdən əvvəl Fransa Xarici İşlər Nazirliyinin Milli Assambleya deputatlarının Qarabağla bağlı suallarına verdiyi cavablar Bakının kəskin etirazına səbəb olmuşdu. Azərbaycan Xarici İşlər Nazirliyi isə xüsusi bəyanat yayaraq Fransanı qərəzli mövqe tutmaqda ittiham etmişdi. Rəsmi Bakı hesab edir ki, Fransa özünü sülh prosesinin tərəfdarı kimi təqdim etsə də, Ermənistanla hərbi əməkdaşlığını genişləndirməsi, İrəvanı silahlandırması və Avropa İttifaqının müşahidə missiyasını (EUMA) açıq şəkildə dəstəkləməsi onun regionda neytral vasitəçi olmadığını göstərir. Azərbaycan XİN-in fikrincə, bu siyasət sülhə deyil, revanşist meyllərin güclənməsinə xidmət edir və normallaşma prosesinə zərbə vurur. Parisin son addımı bu qanunsuz addımlardan geri çəkilmədiyini göstərir.

Musavat.com minval.az-a istinadən xəbər verir ki, Fransada qondarma "arsax respublikası"nın nümayəndəsi kimi təqdim olunan Ovanes Gevorkyan atlantico.fr nəşrində beynəlxalq hüquq, ədalət və Qarabağ ermənilərinin guya "sənədlərlə təsdiqlənmiş məcburi köçü" barədə sərsəm fikirlər səsləndirib.

Erməni diaspor təşkilatları, müxtəlif lobbi strukturları və Qarabağ separatizminin keçmiş ideoloqları 44 günlük vətən müharibəsinin sonlandırdığı qondarma qurumun “müstəqilliyi" tezisini daha irəli sürə bilmirlər. Çünki belə bir qurum artıq mövcud deyil. Buna görə də yeni informasiya kampaniyasının əsas məqsədi Azərbaycanı beynəlxalq hüququ pozan tərəf, keçmiş separatçıları isə "qurban" kimi təqdim etməkdir.

Bəllidir ki, Paris uzun illər özünü vasitəçi kimi təqdim etsə də, praktikada münaqişənin tərəflərindən birinə açıq siyasi simpatiya nümayiş etdirib. Bu gün isə Fransa təkcə Ermənistanın əsas silah təchizatçılarından birinə çevrilməyib, eyni zamanda revanşist dairələr üçün siyasi platforma rolunu oynayır. Bunun ən bariz nümunələrindən biri Fransada fəaliyyət göstərən qondarma "arsax nümayəndəliyi"dir.

Burada təbii sual yaranır: beynəlxalq hüquqa və dövlətlərin ərazi bütövlüyünə sadiqliyini daim bəyan edən bir ölkənin ərazisində heç vaxt tanınmamış və artıq mövcud olmayan bir qurumun "nümayəndəliyi" necə sərbəst fəaliyyət göstərə bilir?

Həmin qurumun təmsilçiləri müxtəlif konfranslarda iştirak edir, Fransa mediasında çıxış edir, siyasətçilərlə görüşür və “beynəlxalq hüquq barədə mühazirələr” oxuyurlar.

Sayt yazır ki, əgər Paris bunu normal hesab edirsə, analoji yanaşma Azərbaycana münasibətdə də tətbiq oluna bilərmi? Məsələn, Bakı Fransanın dənizaşırı ərazilərini – Qvadelupa, Martinika, Fransız Qvianası, Reyunyon, Mayotta, Yeni Kaledoniya, Fransız Polineziyası, Sen-Pyer və Mikelon, Uollis və Futuna, Sen-Bartelemi və ya Sen-Marteni təmsil etdiyini iddia edən qurumlara siyasi platforma versə, onların tədbirlər keçirməsinə, deputatlarla görüşməsinə və "öz müqəddəratını təyinetmə hüququ" barədə çıxışlar etməsinə Paris necə reaksiya verərdi?

Belə siyasət Fransanın sülhə, beynəlxalq hüquqa və dövlətlərin ərazi bütövlüyünə hörmət barədə verdiyi bəyanatlarla uyğun gəlmir. Beynəlxalq hüququ müdafiə etdiyini bəyan etməklə yanaşı, mövcudluğu elə həmin hüququn pozulması nəticəsində yaranmış separatçı layihələrin nümayəndələrinə siyasi tribuna vermək ciddi ziddiyyət yaradır.

Əgər Fransa həqiqətən də regionda uzunmüddətli sülhün tərəfdarıdırsa, o zaman seçim etməlidir: ya Azərbaycan ilə Ermənistan arasında sülh prosesini dəstəkləməli, ya da artıq tarixə qovuşmuş "arsax"ın olmayan kölgəsində Azərbaycana əssasız ittihamları davam etməlidir. Hər iki xətti eyni vaxtda davam etdirmək isə artıq mümkün görünmür.

"Azərbaycanla Fransa arasındakı münasibətlərin inkişafı barədə nikbinik".

Bunu da bir neçə gün əvvəl yerli mediaya açıqlamasında Fransanın Azərbaycandakı səfiri Sofi Laqut deyib. Səfir bildirib ki, ötən həftə Fransa Prezidentinin Avropa və Türkiyə üzrə müşaviri Bakıda səfərdə olub və o, Azərbaycan Prezidentinin köməkçisi Hikmət Hacıyevlə görüşüb. “Fransa Prezidentinin Avropa və Türkiyə üzrə müşaviri ötən həftə Bakıda idi. Biz ikitərəfli münasibətlərimiz və bütün regional məsələlər barədə çox səmərəli müzakirələr apardıq. Danışıqlar çox müsbət keçdi. Münasibətlərimizin inkişafı ilə bağlı nikbinik”, - səfir qeyd edib. Təəssüf ki, Fransanın addımları nikbinlik üçün heç bir əsas vermir...

Musavat.com


Geri qayıt