Əsas Səhifə > Güney Press > "Duzlu göl"lə bağlı TÜKÜRPƏDİCİ faktlar:

"Duzlu göl"lə bağlı TÜKÜRPƏDİCİ faktlar:


Bu gün, 11:13

Yay aylarında insanların şəfa tapmaq ümidi ilə yollandığı məkanlar sırasında Bakının Suraxanı qəsəbəsi, Zığ-Hövsan avtomagistralının yaxınlığında yerləşən “Duzlu göl” və onun təxminən 200-300 metrliyində yerləşən “Yodlu göl” xüsusi yer tutur. Bu göllərə üz tutanlar duz və yodqarışıq palçığın onlara şəfa verdiyini, oynaq ağrılarına, dəri xəstəliklərinə faydalı olduğunu düşünsələr də, reallıq əksinədir. Hətta, Göl suyunun baktreoloji vəziyyəti pis olduğuna görə 2006-cı ildən “Duzlu göl”də çimmək qadağan olunub.
Moderator.az-a açıqlama verən ekoloq Gülçöhrə Hüseynova bildirib ki, hazırda bu göl müalicəvi əhəmiyyətini itirib:
"Hövsandakı bu göl vaxtilə ən faydalı, ən xeyirli, müalicəvi əhəmiyyəti olan göl olub. İnsanlar gedib orada şəfa tapıblar. Dəri xəstəlikləri, ayaqlarında revmatizma, sinir ağrısı olanlar ora gedib-gəliblər. Hazırda suyun tərkibində duzluluq çox azdır. 2 gölün kənarında olan iaşə obyektlərindən axan suların hər biri ora tökülür. Ona görə də suyun tərkibində dəyişiklik var. Əvvəllər gölün dibində olan gil, yodlu palçıq dərini gözəlləşdirirdi. Mən özüm də orada yaşlı insanlarla ünsiyyətdə olub, söhbət etmişəm. Hamısı da deyib ki, biz yayda bura gəlirik, qışda ayaqlarımız ağrımır. Amma yaxşı olar ki, göl təmiz olsun".
Akademik Həsən Əliyev adına Coğrafiya İnstitutunun əməkdaşı, Biologiya üzrə fəlsəfə doktoru Şahvələd Əliyev Moderator.az-a açıqlamasında bildirib ki, zamanında oynağında problem olan xəstələr, revmatik ağrıları olanlar bu göldən şəfa məqsədi ilə istifadə edirdilər:
"Lakin ətrafdakı binaların kanalizasiya sistemi olmadığına görə çirkab suları yeraltı süzülüb, gölün tərkibinə qatılır. İnsan sağlamlığına çox ziyandır. Keçən il onu da müşahidə etdim ki, göldə duzluluq səviyyəsi də azalıb. Əvvəllər o suya girirdin, çıxanda bədəndə duz qatı yaranırdı. İndi duzluluq səviyyəsi 50-60 faiz azalıb. Bu da ora axıdılan çirkab və şirin suların təsirindəndir. Yaxşı olardı ki, oralar çirkab sulardan təmizlənsin və bir sanatoriya yaradılsın. İnsanlar təbii müalicə üsulu kimi ora müraciət edə bilərlər. Duzlu göldən bir az aralıda yerdə fontan verən su da çıxır. Bu da yod tərkiblidir. Ancaq hər bir insanın da ora girməsi məsləhət deyil. Yoda qarşı alergiyası olan insan ora girsə, bədənində səpkilər əmələ gələ bilər".

Geri qayıt