Əsas Səhifə > Güney Press > “Makler” saxta çıxarışlarla ev satışı görüntüsü yaradaraq

“Makler” saxta çıxarışlarla ev satışı görüntüsü yaradaraq


Bu gün, 11:11

Bakı Apellyasiya Məhkəməsində dələduzluqda və rəsmi sənədləri saxtalaşdırmada təqsirləndirilən İbrahim Hətəmovun (adı, soyadı şərtidir) barəsindəki hökmdən verilən apellyasiya şikayəti üzrə məhkəmə prosesi başa çatıb.

Pravda.az-ın əldə etdiyi məlumata görə, hakim Zamin İbrahimovun sədrliyi ilə keçirilən prosesdə qərar elan edilib.


Qərara əsasən, apellyasiya şikayəti təmin edilməyib.


İttihama görə, təqsirləndirilən şəxs tamah niyyəti ilə əvvəlcədən tanımadığı zərərçəkmişə özünü daşınmaz əmlak alqı-satqısı sahəsində peşəkar vasitəçi kimi təqdim edərək etibar qazanıb, daha sonra isə saxta sənədlər hazırlamaqla külli miqdarda pul vəsaitini ələ keçirib.


Belə ki, zərərçəkmiş Əbdül Haqverdiyev (adı, soyadı şərtidir) fərdi yaşayış evi almaq məqsədilə İbrahim Hətəmova müraciət edib. Bundan istifadə edən təqsirləndirilən şəxs özünü daşınmaz əmlakın alqı-satqısı, eləcə də mülkiyyət hüquqlarının dövlət reyestrində qeydiyyata alınması sahəsində geniş təcrübəyə və əlaqələrə malik etibarlı vasitəçi kimi təqdim edib.


O, Əbdül Haqverdiyevə faktiki olaraq G.Həsənovaya məxsus olan, lakin mülkiyyət hüquqları dövlət reyestrində qeydiyyata alınmamış 0,42 hektar torpaq sahəsi və üzərində yerləşən fərdi yaşayış evinin guya bütün hüquqi sənədlərinin qaydasında olduğunu bildirib. Təqsirləndirilən şəxs həmin əmlakın dövlət reyestrindən çıxarışı olduğunu, alqı-satqının tam qanuni əsaslarla rəsmiləşdiriləcəyini və bunun müqabilində 1 400 manat xidmət haqqı alacağını vəd edib.


İstintaqla müəyyən olunub ki, 2025-ci ilin mart ayında zərərçəkmiş tərəfindən ilkin olaraq 1 000 manat beh ödənilib və həmin məbləğ əmlak sahibinə çatdırılıb. Lakin bundan sonra İbrahim Hətəmov satıcının məlumatı olmadan cinayətkar niyyətini həyata keçirmək qərarına gəlib.


O, istintaqa məlum olmayan vaxt və yerdə rəsmi sənədlərə həqiqətə uyğun olmayan məlumatlar daxil etməklə Əmlak Məsələləri Dövlət Xidmətinin Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri tərəfindən guya torpaq sahəsi və fərdi yaşayış evi üzərində mülkiyyət hüququnun qeydiyyata alınmasına dair dövlət reyestrindən çıxarışlar hazırlayıb. Bu sənədlər kompüter və çap qurğusundan istifadə edilməklə saxtalaşdırılıb və hüquqverici rəsmi sənədlər görüntüsü yaradılıb.


Daha sonra təqsirləndirilən şəxs Yasamal rayonu, Ə.Haqverdiyev küçəsində yerləşən və fiziki şəxs kimi daşınmaz əmlak vasitəçiliyi fəaliyyəti göstərdiyi ofisdə Əbdül Haqverdiyevə həmin saxta çıxarışların surətlərini təqdim edib. Məqsəd alıcını əmlakın hüquqi cəhətdən tam rəsmiləşdirildiyinə inandırmaq olub.


Məhkəmə materiallarında göstərilir ki, zərərçəkmiş təqdim edilən sənədlərin həqiqiliyinə inanaraq daşınmaz əmlakın qalan satış qiyməti kimi 69 000 manat, vasitəçilik xidmətinə görə isə 1 400 manat ödəyib.


Beləliklə, İbrahim Hətəmov ümumilikdə 70 400 manat pul vəsaitini etibardan sui-istifadə və aldatma yolu ilə ələ keçirərək zərərçəkmişə külli miqdarda maddi ziyan vurub.


İş üzrə araşdırmalar zamanı müəyyən edilib ki, təqdim edilən dövlət reyestrindən çıxarışlar saxta olub, əmlakın mülkiyyət hüquqları isə ümumiyyətlə dövlət qeydiyyatına alınmayıb. Təqsirləndirilən şəxs saxtalaşdırdığı rəsmi sənədlərdən bilərək istifadə etməklə zərərçəkmişi aldadıb və əmlakın satışını təşkil edəcəyi barədə verdiyi vədə əməl etməyib.


Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə İbrahim Hətəmov törətdiyi cinayət əməllərində təqsirli bilinərək 6 il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilib. Hökmdən narazı qalan məhkum apellyasiya şikayəti verib.


Geri qayıt