|

Gəncə Ağır Cinayətlər Məhkəməsində xuliqanlıq niyyətilə qəsdən sağlamlığa az ağır zərər vurmada və xuliqanlıqda təqsirləndirilən Ramin Əsədovun (soyadı şərtidir) cinayət işi üzrə məhkəmə istintaqı başa çatıb.
"DİA-AZ" xəbər verir ki, pravda.az-ın əldə etdiyi məlumata görə, hakim Elşən Vəliyevin sədrliyi ilə keçirilən prosesdə hökm oxunub.
Məhkəmənin hökmü ilə Ramin Əsədov 3 il 8 ay müddətə azadlıqdan məhrum edilib və o, məhkəmə zalından həbs olunub.
İttihama görə, hadisə 2024-cü ilin dekabr ayında, saat 22 radələrində Gəncə şəhərində yerləşən avtomobil yuma məntəqəsinin qarşısında baş verib.
Belə ki, Ramin Əsədov həmin vaxt əvvəllər tanımadığı zərərçəkmiş Kərim Bayramov (soyadı şərtidir) və onun dostunun ona guya qeyri-səmimi baxışlarla baxmasını səbəb gətirərək mübahisə yaradıb. Mübahisə qısa müddətdə fiziki qarşıdurmaya çevrilib.
İttihamda göstərilir ki, təqsirləndirilən şəxs əvvəlcə üzərində gəzdirdiyi turist tipli bıçağın arxa hissəsi ilə zərərçəkmişin baş nahiyəsinə zərbə endirib. Nəticədə Kərim təpə nahiyəsinin əzilmiş yarası ilə nəticələnən, sağlamlığın qısa müddətə pozulmasına səbəb olan yüngül bədən xəsarəti alıb.
Bununla kifayətlənməyən Ramin daha sonra bir tərəfi kəsici, ucu qismən deşici xüsusiyyətə malik, kustar üsulla hazırlanmış və soyuq silah hesab edilməyən həmin turist bıçağından silah qismində istifadə edərək zərərçəkmişə ardıcıl zərbələr endirib.
Kərimin sol çiyin, sol sağrı və sağ qoltuqaltı nahiyələrinə vurulan bıçaq zərbələri nəticəsində hər biri ayrıca sağlamlığın qısa müddətə pozulmasına səbəb olan yüngül bədən xəsarətləri əmələ gəlib.
Bundan sonra təqsirləndirilən şəxs zərərçəkmişin döş qəfəsinin arxa səthinin sol hissəsinə daha bir bıçaq zərbəsi endirib. Həmin zərbə nəticəsində zərərçəkmişin sol ağciyəri zədələnib, hemopnevmotoraks yaranıb və bu xəsarət həyat üçün təhlükəli olmaqla sağlamlığa ağır zərər vurma kimi qiymətləndirilib.
İttiham orqanı Ramin Əsədovun bu əməllərini silah qismində istifadə edilən əşya tətbiq edilməklə xuliqanlıq və qəsdən sağlamlığa ağır zərər vurma kimi qiymətləndirib.
Məhkəmə araşdırması zamanı o, Cinayət Məcəlləsinin 126.2.4-cü (xuliqanlıq niyyəti ilə qəsdən sağlamlığa ağır zərər vurma) və 221.3-cü (silah və ya silah qismində istifadə olunan əşya tətbiq edilməklə xuliqanlıq) maddələri ilə irəli sürülmüş ittiham üzrə özünü təqsirli bilmədiyini deyib.
Qeyd: Ramin Əsədobv II Qarabağ müharibəsinin iştirakçısıdır. O, “Vətən müharibəsi iştirakçısı” və “Suqovuşanın azad olunmasına görə” medallarla təltif edilib.
Geri qayıt
|