Əsas Səhifə > Güney Press > Messi dahidir...
Messi dahidir...Bu gün, 07:08 |
|
Argentina haqlı qələbə qazandı. FİFA-nın necə qurum olduğunu, nə işlər çevirdiyini hamı bilir, mən də keçən dəfə yazdım bu barədə. Amma bütün hər şeyi bu söhbətin altına yığmaq da düz deyil. Sən 2 top fərqiylə irəlidə olduğun matçı rahatlıqla əldən verirsənsə, günahı ilk növbədə özündə axtarmalısan. Oyundan sonra boş-boş açıqlamalar verməklə ancaq özünə ziyan vurur Misir tərəfi.
Nə isə...
Keçək oyuna.
"Fironlar" yaxşı hazırlaşmışdılar. Kabo Verde ilə matçda argentinalıların cinahlarda zəif olduqlarını görmüş, bundan yenidən istifadə etmək qərarına gəlmişdilər. Yaxşı müdafiə, orta xətdə, xüsusilə Messinin ətrafında sıxlıq, sürətli və effektiv əks-hücumlar. Plan bu idi, əla işlədi, nəticə verdi. 70-ci dəqiqəyə qədər.
Sonra səhnəyə Skaloni çıxdı. İsrarla Messi üzərində oyun qurmaq və eyni zamanda onu rəqibin ağuşuna atmağın yanlış olduğunu anlayan mütəxəssis dəyişikliklərə getdi. Leo cinaha keçərək sıx müdafiədən uzaqlaşmaq, oyunu arxadan qurmaq şansı əldə etdi. Asmaların sayı və təhlükəliliyi artdı, Misir müdafiəsi cinahlara doğru genişlənməyə məcbur oldu. Əsas hədəf - Messi göz önündə olmadığından sıxlıq da azaldı. Belədə arxa xətt oyunçuları - müdafiənin mərkəzindəki oyunçular öz aralarında, mərkəzdəkilərlə cinahdakılar arasında məsafə daha çox oldu ki, rəqib də bundan yaxşı yararlana bildi.
Bir də fiziki hazırlıq. Sona doğru Misir çox yorulmuşdu. Güc yetərsizliyi yuxarıda qeyd olunan boşluqların örtülməsinə imkan vermədi. Salah və dostları sadəcə çatdırmadılar. Messi və dostları isə sona qədər döyüşüb istədiklərini əldə etməyi bacardılar.
Argentina son dünya çempionudur. Cari çempionlardırlar. Bu komandanı məğlub etmək üçün sadəcə qol vurmaq yetərli deyil. Bu üstünlüyü qorumaq da lazımdır.
Messi dahidir. Həm oyununa, həm lazım olanda eqosunu bir kənara qoymağı bacardığına, həm də komandası və məşqçisiylə yüksək anlaşma və qarşılıqlı hörmət nümayiş etdirməsinə görə. Böyük oyunçu və lider belə olur.
Müəllif: Kənan Məstəliyev - Mənbə: "DİA-AZ"
Geri qayıt |