|
Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) 100% sahibi olduğu və Gürcüstanda fəaliyyət göstərən Kulevi Neft Terminalının (“Qara Dəniz Terminalı” MMC) illik gəliri 129,447 milyon lari (47,5 milyon dollar) olub. Yeniavaz.com BMG agentliyinə istinadən xəbər verir ki, terminalın xalis mənfəəti isə 82,769 milyon lari (30,4 milyon dollar) təşkil edib. Qeyd edək ki, Gürcüstan qlobal ticarətdə ölkənin iki əsas limanı – Batumi və Poti, eləcə də Kulevi və Supsa neft terminalları vasitəsilə iştirak edir. Bu infrastruktur əsasən region ölkələrinin və Orta Asiyanın ixrac-idxal əməliyyatlarına xidmət göstərir. 2025-ci ildə Gürcüstanın limanları və terminallarında ümumi yük dövriyyəsi 16,6 milyon tona çatıb ki, bu da əvvəlki illə müqayisədə 6,8% artım deməkdir. Mülkiyyət strukturuna görə, Poti Limanı tam şəkildə dünyanın ən böyük konteyner logistika qruplarından biri olan “APM Terminals”a məxsusdur. Şirkət isə “Maersk” qrupunun törəmə müəssisəsidir. Batumi Limanı Gürcüstan dövlətinin mülkiyyətindədir. Liman 2006-cı ildən etibarən 49 illik uzunmüddətli icarə müqaviləsi əsasında Qazaxıstanın suveren investisiya fondu “Samruk-Kazyna”ya məxsus olan “KazTransOil” tərəfindən idarə olunur. Kulevi Neft Terminalı rəsmi olaraq “Qara Dəniz Terminalı” adlanır və onun 100% payı SOCAR-a məxsusdur. Supsa Neft Terminalı isə Bakı–Supsa neft kəmərinin fəaliyyətinin dayandırılmasından sonra faktiki olaraq işlək deyil. Hüquqi baxımdan terminal Gürcüstanın dövlət şirkəti olan Gürcüstan Neft və Qaz Korporasiyasının balansındadır.
Geri qayıt
|