Əsas Səhifə > Güney Press > Hərbi əməliyyatlar müvəqqəti dayandırılıb

Hərbi əməliyyatlar müvəqqəti dayandırılıb


Dünən, 16:22

İranla bağlı hərbi qarşıdurmanın intensiv mərhələsi səngisə də, münaqişənin tam başa çatdığını söyləmək hələ tezdir. Çünki əsas fikir ayrılıqları, xüsusilə İranın nüvə proqramı, sanksiyalar və regional təhlükəsizlik məsələləri ilə bağlı tərəflər arasında razılıq əldə olunmayıb. ABŞ Tehranın nüvə fəaliyyətinə ciddi məhdudiyyətlər qoyulmasını tələb etdiyi halda, İran öz strateji mövqeyindən geri çəkilməyə hazır görünmür. Bu səbəbdən hərbi toqquşmaların azalmasına baxmayaraq, siyasi və diplomatik gərginliyin uzun müddət davam etməsi, eləcə də yeni eskalasiya riskinin qalacağı istisna edilmir.

Azərbaycanın sabiq xarici işlər naziri Tofiq Zülfüqarov da hesab edir ki, İranla bağlı müharibə başa çatmayıb və İran-Qərb münasibətləri hərbi müstəvidə gərgin olaraq qalır.

Tofiq Zülfüqarov "Reytinq" qəzetinə açıqlamasında bildirib ki, ABŞ, İsrail və ərəb ölkələri İranın mövcud siyasətindən razı deyillər. Onun sözlərinə görə, xüsusilə İsrail Tehranla bağlı sərt mövqe nümayiş etdirir. Sabiq nazir hesab edir ki, hərbi əməliyyatlar müvəqqəti dayandırılıb və tərəflər arasında aparılan danışıqlar da hələlik yalnız müvəqqəti xarakter daşıyır.

Zülfüqarov qeyd edib ki, İranın nüvə proqramı, nüvə texnologiyası və uzunmənzilli raketlərin istehsalı ilə bağlı məsələlərdə hələ də razılıq əldə olunmayıb.

“Düzdür, iddialara görə, İranın nüvə obyektlərinə zərbələr endirilib və onların bərpası üçün ən azı bir neçə il tələb olunur. Eyni zamanda uzunmənzilli raketlərin istehsal infrastrukturu da dağıdılıb. İran son dövrlərdə daha çox əvvəlcədən istehsal edilmiş raket ehtiyatlarından istifadə edib. Hazırda isə belə raketlərin istehsalı üçün zəruri struktur və infrastruktur mövcud deyil. Bundan əlavə, İranın "Müqavimət Cəbhəsi" adlandırdığı, bizim isə proksi qüvvələr kimi tanıdığımız HƏMAS, "Hizbullah", husilər və digər silahlı qruplaşmaların bir hissəsi məhv edilib, digər hissəsi isə ciddi şəkildə zəiflədilib. Onlar hazırda da zərbələrə məruz qalırlar”.

Müsahibimizin sözlərinə görə, yaranmış gərgin vəziyyətə baxmayaraq, İranın siyasi elitasında ciddi dəyişiklik baş verməyib və əvvəlki siyasi kurs davam etdirilir.

Zülfüqarov hesab edir ki, İranla bağlı proseslər hələ uzun müddət gündəmdə qalacaq:

“Mənim ehtimalıma görə, hərbi əməliyyatlar müvəqqəti dayandırılıb. Aparılan danışıqlar isə hələlik konkret nəticə verməyib”.


Geri qayıt