Əsas Səhifə > Güney Press > Monqolustandan Azərbaycana ət neçəyə gətirilir?

Monqolustandan Azərbaycana ət neçəyə gətirilir?


Dünən, 16:13

Son vaxtlar Azərbaycanda geniş müzakirə olunan Monqolustandan gətirilən ət məhsullarının idxal qiymətləri məlum olub.

"DİA-AZ" xəbər verir ki, bu ilin yanvar-aprel aylarında Azərbaycana Monqolustandan 232 min dollar dəyərində 58 ton dondurulmuş quzu əti gətirilib.

Ötən ilin eyni dövrü ilə müqayisədə Monqolustandan gətirilən quzu ətinin miqdarı 41,5 ton (3,6 dəfə) dəyəri isə 166 min dollar (3,5 dəfə) artıb.

Xatırladaq ki, 2025-ci ilin yanvar-aprel aylarında Monqolustandan 66 min dollar dəyərində 16,5 ton dondurulmuş quzu əti gətirilmişdi.

Bu dövrdə xaricdən idxal edilən quzu ətinin bir kiloqramının orta qiyməti 4 dollar (6,8 manat) olub. Bu qiymət 2025-ci ilin eyni dövrü ilə müqayisədə dəyişilməyib, - yəni ötən il də Monqolustandan idxal edilən quzu ətinin qiyməti 4 dollar (6,8 manat) olmuşdu.

Bundan başqa, bəhs olunan dövrdə Monqolustandan 410 min dollar dəyərində 102 ton qoyun əti gətirilib. Ötən ilin eyni dövrü ilə müqayisədə Monqolustandan alınan qoyun ətinin miqdarı 50,2 ton (təxminən 2 dəfə) dəyəri isə 194 min dollar (93,7%) artıb. Monqolustandan alınan qoyun ətinin də orta qiyməti 4 dollardan bir qədər baha (6,85 manat) olub. 2025-ci ilin eyni dövründə də bu rəqəm 4 dollar (6,8 manat) idi, - yəni cüzi bahalaşma olub.

Eyni zamanda Monqolustandan Azərbaycana qoyunun, keçinin və atların dondurulmuş əlavə qida məhsulları da gətirilir. 4 ayda idxal edilmiş bu məhsulların miqdarı 3 ton, dəyəri 8 min 460 dollar olub. Bu məhsulun idxalı da ötən ilin müvafiq dövrü ilə müqayisədə miqdar ifadəsində 1,4 ton (87,5%), dəyər ifadəsində 3 min 550 dollar (72,3%) artıb. İdxal olunan məhsulun bir kiloqramının orta qiyməti 2,8 dollar (4,8 manat) olub ki, bu da, illik müqayisədə 0,3 dollar (0,5 manat) ucuzlaşma deməkdir.


Geri qayıt