Əsas Səhifə > Güney Press > Biləsuvarda əmi qardaşı oğlunu vurdu,
Biləsuvarda əmi qardaşı oğlunu vurdu,Dünən, 15:55 |
|
Biləsuvarda əmi ilə qardaşı oğlu arasında baş verən dava məhkəməyə qədər uzanıb.
Qaynarinfo xəbər verir ki, məhkəmə materiallarına görə, hadisə Biləsuvar şəhərində yerləşən mərkəzi bazarın qarşısında baş verib. İttihama əsasən, əmi qardaşı oğlunu nalayiq ifadələrlə təhqir etdikdən sonra üz nahiyəsinə bir dəfə zərbə endirib. Nəticədə zərərçəkmiş sağ qulaq seyvanında hematoma ilə nəticələnən, sağlamlığının qısa müddətə pozulmasına səbəb olan yüngül bədən xəsarəti alıb. Hadisənin insanların sıx olduğu ictimai yerdə baş verməsi səbəbindən əməl xuliqanlıq kimi qiymətləndirilib.
Təqsirləndirilən şəxs məhkəmədə özünü qismən təqsirli bilərək bildirib ki, qardaşı oğlu ilə aralarında torpaq sahəsinin icarəsinə görə mübahisə yaranıb. Onun sözlərinə görə, qardaşı oğluna torpaq sahəsinin icarəsi üçün 150 manat ödəsə də, sonradan torpaq ona verilməyib və pulu da tam qaytarılmayıb.
O bildirib ki, hadisə günü bazarın qarşısında qardaşı oğlundan pulunu tələb edib. İddiasına görə, qarşı tərəfin onu təhqir etməsindən sonra əsəbiləşərək bir dəfə sillə vurub. Təqsirləndirilən şəxs əməlindən peşman olduğunu, sonradan qardaşı oğlundan üzr istədiyini və barışmağa cəhd göstərdiyini, lakin bunun baş tutmadığını deyib.
Məhkəmə təqsirləndirilən şəxsi Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.1-ci (xuliqanlıq, yəni ictimai qaydanı kobud surətdə pozan, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən və şəxslər üzərində zor tətbiq olunması ilə müşayiət olunan hərəkətlər) maddəsi ilə təqsirli bilərək ona 9 ay müddətinə azadlığın məhdudlaşdırılması cəzası təyin edib.
Geri qayıt |