Əsas Səhifə > Güney Press > Namizəd Səfərovun cinayət işi üzrə məhkəmədə
Namizəd Səfərovun cinayət işi üzrə məhkəmədəBu gün, 16:57 |
|
Dələduzluq etməkdə təqsirləndirilən keçmiş vəkil Namizəd Səfərovun cinayət işi üzrə məhkəmə prosesi keçirilib. APA xəbər verir ki, bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Mahirə Kərimovanın sədrliyi ilə keçirilən prosesdə Namizəd Səfərov vəsatətlər verib. O, özünün və zərərçəkən kimi tanınan Günel Əfəndiyevanın telefonlarının anten məlumatlarının çıxarılmasını xahiş edib. Digər vəsatət isə saxlanılan zaman yanında olanların şahid kimi dindirilməsi və ətrafdakı kameraların görüntülərinin iş materiallarına əlavə edilməsi ilə bağlı olub. Hər iki vəsatət baxılmamış saxlanılıb. Daha sonra dövlət ittihamçısı Valeh Ələkbərli ittiham aktını elan edib. İttihama görə, Günel Əfəndiyeva Namizəd Səfərovla tanış olub. N.Səfərov Vəkillər Kollegiyasından azad olunmasına baxmayaraq, G.Əfəndiyevaya hüquqi yardım göstərə biləcəyini deyib. O, vəzifəli tanışları vasitəsi ilə Günel Əfəndiyevanın vəzifəyə təyin ediləcəyinə söz verib və ondan 53 min manat pul alıb. Lakin vədinə əməl etməyib. Namizəd Səfərov elan olunmuş ittihamla özünü təqsirli bilməyib. O, barəsindəki həbs qətimkan tədbirinin ev dustaqlığı ilə əvəzlənməsini xahiş edib. Vəsatət təmin edilməyib. Məhkəmə prosesi iyulun 30-da davam etdiriləcək. Qeyd edək ki, ittihama görə, keçmiş vəkil Namizəd Səfərov vətəndaşın etibarından sui-istifadə edərək 53 min manat məbləğində pul vəsaitini ələ keçirməkdə təqsirləndirilir. O, işdən çıxarılan vətəndaşı yenidən vəzifəyə bərpa etdirəcəyinə inandırmaqla külli miqdarda pul alıb, lakin verdiyi vədi yerinə yetirmədiyininə görə vətəndaş polisə müraciət edib. Ona Cinayət Məcəlləsinin 178.3.2-ci (Dələduzluq - külli miqdarda ziyan vurmaqla törədildikdə) maddəsi ilə ittiham irəli sürülüb. Geri qayıt |