|

Avropa İttifaqının (Aİ) Azərbaycana münasibətində diqqətçəkən dəyişikliklər müşahidə olunur. Son aylarda Brüsselin yüksək səviyyəli təmaslarının intensivləşməsi, Avropa İttifaqı Şurasının Prezidenti Antonio Koştadan sonra Avropa Komissiyasının Prezidenti Ursula fon der Lyayenin də Bakıya səfəri təsadüfi deyil. Bu ardıcıl diplomatik fəallıq Aİ-nin Azərbaycanı Cənubi Qafqaz siyasətində, enerji təhlükəsizliyində və Avropa ilə Asiyanı birləşdirən nəqliyyat marşrutlarında açar tərəfdaş kimi gördüyünü nümayiş etdirir. Xüsusilə Ursula fon der Lyayenin Azərbaycanı strateji tərəfdaş adlandırması, ölkəmizin regionda sabitlik yaradan əsas aktorlardan biri olduğunu vurğulaması və Prezident İlham Əliyevin liderliyini ayrıca qeyd etməsi Brüsselin Bakıya baxışında formalaşan yeni siyasi yanaşmanın göstəricisi hesab olunur. Artıq Avropa İttifaqı Azərbaycanı təkcə etibarlı enerji təchizatçısı kimi deyil, həm də regional proseslərə təsir imkanları olan geosiyasi güc kimi dəyərləndirir.
Son illərdə enerji təhlükəsizliyi, yaşıl enerji, Orta Dəhliz, nəqliyyat-logistika layihələri və Ermənistanla sülh prosesi kimi məsələlərdə Azərbaycanın oynadığı rol Avropa üçün daha da strateji əhəmiyyət qazanıb. Rusiya-Ukrayna müharibəsindən sonra dəyişən geosiyasi reallıqlar fonunda Bakı üzərinə götürdüyü bütün öhdəlikləri vaxtında yerinə yetirərək etibarlı tərəfdaş statusunu möhkəmləndirib. Bu gün isə əməkdaşlıq artıq təkcə qaz ixracı ilə məhdudlaşmır, yaşıl enerji dəhlizləri, enerji konnektivliyi, ticarət və regional iqtisadi inteqrasiya kimi istiqamətlər üzrə yeni mərhələyə keçir.
Ursula fon der Lyayenin Bakıya səfəri Azərbaycan-Avropa İttifaqı münasibətlərində birmənalı şəkildə yeni səhifə açacaq. Brüsselin Azərbaycana geosiyasi baxışında da dəyişikliklərin olacağı istisna deyil.
Bu səfər enerji əməkdaşlığından kənara çıxaraq regional təhlükəsizlik, sülh gündəliyi və iqtisadi tərəfdaşlıq baxımından hansı yeni imkanları formalaşdıracaq?
Milli Məclisin deputatı Azər Badamov Musavat.com-a bildirdi ki, son aylarda Aİ-nin yüksək səviyyəli rəsmilərinin Azərbaycana ardıcıl səfərləri tərəflər arasında əməkdaşlığın dərinləşdiyini və strateji tərəfdaşlığın genişləndirilməsi istiqamətində qarşılıqlı siyasi iradənin gücləndiyini göstərir:
“Azərbaycan bu gün Avropa İttifaqının Cənubi Qafqazda əsas tərəfdaşlarından biri kimi çıxış edir. Prezident İlham Əliyevin də qeyd etdiyi kimi, ikitərəfli münasibətlərdə görünməmiş dinamika müşahidə olunur. Bu dinamika həm siyasi dialoqun intensivləşməsi, həm də iqtisadi və enerji sahələrində əməkdaşlığın genişlənməsi ilə müşayiət olunur.
Rəqəmlər də bu əməkdaşlığın əhəmiyyətini təsdiq edir. Azərbaycanın xarici ticarət dövriyyəsinin təxminən 40 faizi Aİ ölkələrinin payına düşür, Cənubi Qafqaz üzrə Aİ ticarətinin isə böyük hissəsi məhz Azərbaycanla həyata keçirilir. Bu göstəricilər Azərbaycanın Avropa üçün etibarlı və strateji tərəfdaş olduğunu bir daha nümayiş etdirir. Son illərdə həyata keçirilmiş enerji və nəqliyyat layihələri Azərbaycanın regional və qlobal miqyasda rolunu əhəmiyyətli dərəcədə artırıb. Xüsusilə Cənub Qaz Dəhlizi vasitəsilə Azərbaycan qazı artıq Avropanın bir çox ölkəsinə çatdırılır və bu, Avropanın enerji təhlükəsizliyində mühüm rol oynayır. 2022-ci ildə Azərbaycan və Aİ arasında imzalanmış enerji sahəsində strateji tərəfdaşlığa dair memorandumdan sonra qaz ixracının artırılması da bu əməkdaşlığın praktiki nəticəsidir. Bu gün əməkdaşlığın gündəliyində yalnız enerji deyil, həm də yaşıl enerji və rəqəmsal transformasiya kimi yeni istiqamətlər dayanır. Qara dəniz və Türkiyə üzərindən nəzərdə tutulan elektrik kabel layihəsi Azərbaycanın bərpa olunan enerji potensialını Avropa bazarına çıxarmaq baxımından mühüm perspektivlər yaradır. Eyni zamanda, Orta Dəhliz, Şimal-Cənub və digər beynəlxalq nəqliyyat marşrutlarının inkişafı regionu qlobal logistika mərkəzinə çevirir. Bu isə Azərbaycan-Aİ münasibətlərini təkcə enerji deyil, həm də ticarət, nəqliyyat və rəqəmsal bağlantılar üzərindən daha da möhkəmləndirir”.
Parlamentari onu da xüsusi vurğuladı ki, Azərbaycanın yaratdığı yeni regional reallıqlar sülh və əməkdaşlıq mühitini gücləndirir və Cənubi Qafqazın beynəlxalq əməkdaşlıq məkanına çevrilməsinə töhfə verir: “Bu kontekstdə Avropa İttifaqının regionda bağlantıların inkişafına dair təşəbbüsləri də qarşılıqlı maraqların genişləndiyini göstərir. Sonda deyə bilərəm ki, Azərbaycan-Avropa İttifaqı münasibətləri yeni strateji mərhələyə daxil olur. Bu əməkdaşlığın dərinləşməsi yalnız enerji təhlükəsizliyi deyil, həm də regional sülh, iqtisadi inteqrasiya və dayanıqlı inkişaf baxımından mühüm imkanlar yaradır”.
Geri qayıt
|