Əsas Səhifə > Güney Press > Vətəndaşlara saxta diaqnoz və analizlər yazılıb

Vətəndaşlara saxta diaqnoz və analizlər yazılıb


Bu gün, 13:07

Son günlər elektron səhiyyə sistemi ilə bağlı yayılan məlumatlar cəmiyyətdə narahatlığa səbəb olub.

Vətəndaşlar e- TƏBİB hesablarında özlərinə və ya övladlarına aid olmayan analiz nəticələrinin, diaqnozların və tibbi xidmət qeydlərinin göründüyünü bildirirlər. Bəzi hallarda isə istifadəçilər hesablarında heç vaxt istifadə etmədikləri tibbi xidmətlərin əks olunduğunu bildirirlər.

Bu vəziyyət elektron səhiyyə sistemində məlumatların düzgünlüyü, məxfiliyin qorunması və şəxsi tibbi məlumatların təhlükəsizliyi ilə bağlı sualları yenidən gündəmə gətirib.

Məsələ ilə bağlı Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) mətbuat xidmətindən “Cebheinfo.az”-a bildirilib ki, bu məsələyə nəzarət tədbirləri gücləndirilib:

“Əvvəlki dövrlərə aid diaqnoz, tibbi qeyd və göndərişlərlə bağlı yarana biləcək uyğunsuzluqların araşdırılması məqsədilə TƏBİB tərəfindən nəzarət tədbirləri gücləndirilib. Daxil olan müraciətlər hər bir hal üzrə fərdi qaydada araşdırılır, məlumatların mənbəyi və yaranma səbəbləri müəyyən edilir, zərurət olduqda aidiyyəti tibb müəssisələri və məsul şəxslər tərəfindən əlavə yoxlamalar aparılır.

Qeyd edilən hallar davamlı və kütləvi şəkildə deyil, əsasən texniki səbəblərdən nadir hallarda baş verir. Bu hallar baş verdikdə isə dərhal zəruri addımlar atılır və analoji halların təkrarlanmasının qarşısını almaq üçün müvafiq tədbirlər görülür”.


Geri qayıt