Əsas Səhifə > Güney Press > Putin Paşinyanın telefonunu niyə götürmədi?

Putin Paşinyanın telefonunu niyə götürmədi?


Bu gün, 12:47

Moskva göstərmək istəyir ki, Ermənistanlın baş naziri daha Kremlin əvvəlki kimi əsas siyasi tərəfdaşı deyil.

Ermənistanın baş naziri Nikol Paşinyanın ötən gün rusiyalı həmkarı Mixail Mişustin arasında baş tutan telefon danışığı ilk baxışdan adi diplomatik təmas kimi görünə bilər. Bu zəng hər şeydən əvvəl Rusiya-Ermənistan münasibətlərində formalaşan yeni siyasi reallığın və Kremlin İrəvana ünvanladığı növbəti mesajın göstəricisi kimi qiymətləndirilir.
Ən çox müzakirə olunan məqam isə budur: niyə Ermənistan hökumətinin rəhbəri Rusiya Prezidenti Vladimir Putinlə deyil, baş nazir Mixail Mişustinlə danışdı?
Rəsmi açıqlamalarda Putinin Paşinyanla danışmaqdan imtina etdiyi və ya onun zəngini cavablandırmadığı barədə heç bir məlumat yoxdur. Ancaq diplomatiyada bəzən danışığın məzmunundan daha çox onun hansı səviyyədə aparılması diqqət çəkir. Məhz buna görə də siyasi müşahidəçilər telefon danışığının formatını təsadüfi hesab etmirlər.
Paşinyan-Mişustin telefon danışığı Avropa Komissiyasının sədri Ursula fon der Lyayenin Cənubi Qafqaza səfəri, Ermənistanın Avropa İttifaqı ilə siyasi dialoqu fəallaşdırması və Moskva ilə münasibətlərdə gərginliyin artdığı bir dövrdə baş tutdu.
Son aylarda Ermənistan Avropa ilə əməkdaşlığı genişləndirən bir sıra addımlar atıb. İrəvan Avropa İttifaqı ilə siyasi inteqrasiyanı sürətləndirir, təhlükəsizlik sahəsində Qərb institutları ilə əlaqələri artırır və Rusiyanın rəhbərlik etdiyi bəzi regional strukturlara münasibətdə əvvəlki mövqeyini dəyişir.
Belə bir şəraitdə Paşinyanın təşəbbüsü ilə Moskva ilə telefon əlaqəsinin qurulması göstərir ki, Ermənistan hakimiyyəti Rusiyanı tamamilə qarşısına almağın iqtisadi nəticələrini kifayət qədər yaxşı anlayır.
Telefon danışığının məhz Rusiya hökumətinin rəhbəri ilə keçirilməsi bir neçə səbəblə izah oluna bilər.
Birincisi, gündəlikdə əsas məsələ iqtisadi münasibətlərdir. Son həftələr Rusiya Ermənistan məhsullarının idxalına ardıcıl məhdudiyyətlər tətbiq edib və nəticədə ölkənin kənd təsərrüfatı ixracı faktiki olaraq iflic vəziyyətinə düşüb. Bu baxımdan məsələnin hökumətlərarası səviyyədə müzakirəsi formal olaraq məntiqli görünür.
Lakin məsələ bununla bitmir.
Diplomatik praktikada dövlət başçılarının bir-biri ilə birbaşa əlaqə saxlaması adətən yüksək siyasi etimadın göstəricisi hesab olunur. Əgər əlaqələrdə problemlər yaranırsa, təmaslar çox vaxt hökumət rəhbərləri və ya nazirlər səviyyəsinə endirilir.
Son dövrlərdə Rusiya-Ermənistan münasibətlərində məhz belə mənzərə müşahidə olunur.
Musavat.com xəbər verir ki, Moskvanın davranışını təhlil edən ekspertlər hesab edirlər ki, Kreml Paşinyana əvvəlki illərdə olduğu kimi xüsusi siyasi status vermək istəmir. Rusiyanın narazılığına səbəb olan amillər kifayət qədər çoxdur. Bunlara Ermənistanın Avropa İttifaqı ilə yaxınlaşması, ABŞ-la hərbi əməkdaşlığı genişləndirməsi, KTMT-ni açıq şəkildə tənqid etməsi, Rusiya sərhədçilərinin bəzi mövqelərdən çıxarılması və Moskvanın regiondakı roluna yönəlmiş tənqidi bəyanatlar daxildir. Kreml isə bütün bunları Cənubi Qafqazdakı geosiyasi mövqelərinə yönəlmiş çağırış kimi qiymətləndirir.
Bu səbəbdən Moskva siyasi dialoqu tam dayandırmasa da, onu daha aşağı səviyyədə saxlamağa üstünlük verir. May ayının sonundan etibarən Rusiya Ermənistandan idxal olunan kənd təsərrüfatı məhsullarına ardıcıl məhdudiyyətlər tətbiq edib. İlk mərhələdə pomidor, xiyar, bibər, göyərti və çiyələk, daha sonra alma, armud, üzüm, ərik, şaftalı, kartof, quru meyvələr və digər məhsulların idxalı dayandırılıb. İyunun sonuna yaxın isə balıq və balıq məhsullarının ixracı da faktiki olaraq bloklanıb. “Rosselxoznadzor” bu qərarları fitosanitar normaların pozulması ilə əsaslandırır. Lakin Ermənistanda və beynəlxalq ekspert dairələrində bu addımların siyasi mesaj daşıdığı barədə fikirlər kifayət qədər geniş yayılıb. Çünki Ermənistan kənd təsərrüfatı ixracının 90 faizdən çoxunu məhz Rusiya bazarına göndərir.

Bu bazarın bağlanması yüzlərlə fermer, ixracatçı və emal müəssisəsi üçün ciddi maliyyə itkiləri deməkdir. Baş nazir Nikol Paşinyan jurnalistlərin suallarını cavablandırarkən xüsusi olaraq vurğulayıb ki, baş verənləri "sanksiya" adlandırmaq düzgün deyil. Bu mövqenin arxasında ciddi siyasi və hüquqi hesablamalar dayanır. Əgər İrəvan bunu rəsmi şəkildə sanksiya kimi qiymətləndirsəydi, onda məsələ artıq Avrasiya İqtisadi İttifaqının fundamental prinsiplərinin pozulması kimi qiymətləndirilə bilərdi. Bu isə Moskva ilə açıq siyasi qarşıdurma demək olardı. Hazırda Ermənistan hökuməti problemin texniki müstəvidə saxlanılmasına üstünlük verir ki, danışıqlar üçün imkanlar qalsın.

Musavat.com


Geri qayıt