Əsas Səhifə > Güney Press > Qadın evə gətirdiyi müştərisini bıçaqladı:

Qadın evə gətirdiyi müştərisini bıçaqladı:


Bu gün, 09:43

Lənkəran Ağır Cinayətlər Məhkəməsində qəsdən sağlamlığa zərər vurmada təqsirləndirilən Sahilə Səmədovanın (adı, soyadı şərtidir) cinayət işi üzrə məhkəmə iclası başa çatıb.


Pravda.az-ın əldə etdiyi məlumata görə, hakim Aqil Nuriyevin sədrliyi ilə keçirilən prosesdə hökm oxunub.


Məhkəmənin hökmü ilə ona 1 il müddətə azadlıqdan məhrumetmə cəzası təyin edilib.


İttihama görə, hadisə 2025-ci ildə İmişli rayonu ərazində təqsirləndirilən şəxsə məxsus fərdi yaşayış evində baş verib.


Belə ki, zərərçəkmiş Şirin Əsədov (soyadı şərtidir) həmin gün Sahilə Səmədovanın yaşadığı evə gələrək əvvəlki kimi bir gecə qalmaq üçün ondan icazə istəyib. Lakin ev sahibi buna razılıq vermədiyindən tərəflər arasında şəxsi münasibətlər zəminində mübahisə yaranıb.

Həmin vaxt alkoqollu içkinin təsiri altında olan qadın qonaq otağındakı masanın üzərində olan mətbəx bıçağını götürərək Şirinə bir dəfə qarın nahiyəsindən zərbə endirib.

Məhkəmə-tibbi ekspertizasının rəyinə əsasən, zərərçəkmiş şəxsin qarının ön divarının sağ hissəsində qarın boşluğuna keçən, köndələn çənbər bağırsağını zədələyən və daxili qanaxma ilə müşayiət olunan deşilmiş-kəsilmiş yara aşkarlanıb. Həmin xəsarətin insan həyatı üçün təhlükəli olmaqla sağlamlığa ağır zərər vurduğu müəyyən edilib.


Məhkəmə istintaqı zamanı dindirilən Sahilə Səmədova ona elan olunmuş ittiham üzrə özünü təqsirli bildiyini deyib.


Onun sözlərinə görə, kreditlə aldığı avtomobillə taksi fəaliyyəti göstərir və zərərçəkmiş Şirin Əsədovla da məhz sərnişin kimi tanış olub.


Təqsirləndirilən şəxs qeyd edib ki, ilk tanışlıq zamanı avtomobildə başqa bir qadın sərnişin də olub. Söhbət əsnasında zərərçəkmiş şəxs iş axtarmaq üçün İmişliyə gəldiyini, lakin gecələməyə yer tapmadığını söyləyib. Buna görə də ona bacısının həyətində yerləşən kiçik tikilidə gecələyə biləcəyini təklif edib. Şirin ilk gecədən sonra ona təxminən 3-4 manat pul verərək səhər tezdən evdən çıxıb. Daha sonra isə müxtəlif vaxtlarda bir neçə dəfə həmin yerdə qalıb.


Sahilə Səmədova bildirib ki, zərərçəkmişə dəfələrlə gecə saatlarında gəlməməsini, evə erkən gəlməsinin daha məqsədəuyğun olduğunu deyib. İlk vaxtlar bu qaydaya əməl olunsa da, sonradan Şirin yenidən gecə saatlarında evə gəlməyə başlayıb.


Qadın ifadəsində qeyd edib ki, hadisədən bir neçə gün əvvəl də zərərçəkmiş gecə saatlarında qapını israrla döyüb. O isə qapını açmayaraq bir daha gecə vaxtı gəlməməsini tələb edib.


Təqsirləndirilən şəxs deyib ki, hadisə baş verən gün nəvələri ilə birlikdə İmişli rayonu ərazisində yerləşən "Şahverdilər" kafesində olub və orada viski qəbul edib. Sonra evə qayıdaraq divanda əyləşib. Bir qədər sonra qapı döyülüb. Qızı qapını açdıqda Şirinin evə daxil olduğunu görüb.


Onun sözlərinə görə, bundan sonra əsəbiləşərək zərərçəkmişdən niyə yenidən gəldiyini soruşub və tərəflər arasında mübahisə yaranıb. Həmin vaxt masanın üzərində olan bıçaq götürülüb, lakin hadisənin sonrakı gedişatını tam xatırlamadığını vurğulayıb.


"Tam olaraq nə baş verdiyini xatırlamıram. Yalnız bilirəm ki, həmin bıçaqla Şirinə xəsarət yetirmişəm. Onu bıçaqlamaq əvvəlcədən planlaşdırdığım hərəkət olmayıb. Spirtli içkinin təsiri altında olduğum üçün nə etdiyimi tam dərk etmirdim", – deyə, qadın məhkəmədə ifadəsində bildirib.


Məhkəmədə ailə vəziyyəti ilə bağlı da danışan təqsirləndirilən şəxs söyləyib ki, bir qızı və dörd nəvəsi var. Nəvələrindən ikisi nitq qüsurludur, biri isə psixi xəstəlikdən əziyyət çəkir. Özü isə astma xəstəsidir.


Sahilə Səmədova qeyd edib ki, həbsdə olduğu müddətdə 2011-ci il təvəllüdlü nəvəsi intihar edərək həyatına son qoyub.


O bildirib ki, qızı psixoloji problemlərdən əziyyət çəkdiyi üçün uzun illər ailənin qayğısını özü çəkib və nəvələrinin tərbiyəsi ilə məşğul olub.


İfadəsində nəvəsinin ölümü xəbərinin onu ağır sarsıtdığını deyən Sahilə Səmədova bunun həyatının ən ağır hadisələrindən biri olduğunu vurğulayıb.


Təqsirləndirilən şəxs məhkəmədə zərərçəkmiş şəxslə barışdıqlarını, ona dəymiş maddi ziyanı və müalicə xərclərini tam şəkildə ödədiyini bildirib.


Sonda törətdiyi əmələ görə səmimi peşman olduğunu ifadə edən Sahilə Səmədova məhkəmədən ailə vəziyyətini, sağlamlıq problemlərini və zərərçəkmişlə barışmasını nəzərə alaraq ona yüngül cəza təyin edilməsini xahiş edib.


Geri qayıt