Əsas Səhifə > Güney Press / Ana xəbər > Bakıda yeni şlaqbaum işbazları meydana çıxıb
Bakıda yeni şlaqbaum işbazları meydana çıxıb27-06-2014, 11:01 |
|
Deyirlər, qulaq hər gün bir təzə xəbər eşitməsə, kar olar. Amma bu dəfə qulağımız eşitdiyimizdən həqiqətən də zoqquldadı. Səbəb heç də sadə deyil. Belə ki, ölkə KİV-ləri, xüsusən də “Təzadlar” müntəzəm olaraq Bakının sahilboyu ərazilərinin hasarlanmasını yazırdı. Allahın və dövlətin vətəndaşına ərməğan etdiyi dənizin sahilinə çıxmaq, dənizlə təmasda olmaq imkanı yaratdığı halda, bəzi görməmişlər isə Xəzərin sahilini Şuşa qalasından da hündür hasarla tutub insanların sərbəst hərəkət etmək, milli sərvətdən istifadə etmək hüququnu əlindən alır, məhdudlaşdırırlar... Redaksiyamıza bu dəfə daxil olan şikayət məktubu və bu məzmunlu bir neçə telefon zəngi ciddi problemdən xəbər verirdi. Bakı şəhər sakini Rəna Mahmudova körpəsini “Azərbaycan” nəşriyyatı ilə üzbəüzdəki (Mətbuat Prospekti - 22 “A” ünvanı) beşmərtəbəli binanın birinci mərtəbəsindəki 94 saylı körpələr evi-uşaq bağçasına gətirərkən qarşılaşdığı özbaşınalıqdan danışdı. R.Mahmudovanın “Təzadlar”ın elektron poçtuna daxil olan və Baş Prokuror yanında Korrupsiyaya Qarşı Mübarizə Baş İdarəsinin rəisi cənab Kamran Əliyevə, Bakı şəhər İH-nin başçısı cənab H.Abutalıbova və Yasamal rayon İH-nin başçısı cənab İbrahim Mehdiyevə, Yasamal rayon MKTB-nin rəisi cənab Akif Hacıyevə ünvanlı şikayət ərizəsini həyəcansız oxumaq mümkün deyil. Aşağıda heç bir şərh vermədən təqdim edirik: Baş Prokuror yanında Korrupsiyaya Qarşı Mübarizə Baş İdarəsinin rəisi cənab Kamran Əliyevə! Bakı şəhər İH-nin başçısı cənab H.Abutalıbova! Yasamal rayon İH-nin başçısı cənab İbrahim Mehdiyevə! Yasamal rayon MKTB-nin rəisi cənab Akif Hacıyevə! Hörmətli Kamran müəllim! Rəhbəri olduğunuz dövlət qurumunun korrupsiyaya qarşı mübarizə sahəsində mümkün olan işləri görməsi, bu pis əmələ meyil salanlara ölkə qanunlarının tələblərini anlatmasını, onların lazım gəldikcə cəzalandırılmasını bir ziyalı qadın kimi alqışlayıram. Və bilirəm ki, mənim kimi milyonlar bu qənaətdədir. Lakin bəzən elə hallara rast gəlirik ki, burada nəinki bir və ya bir neçə nəfərin əmlakına qarşı korrupsiya hərəkətinə yol verilməsindən, onlara maddi ziyan vurulmasından, həm də insanların kütləvi olaraq Konstitusiyon hüquqlarının məhdudlaşdırılmasından söhbət gedir. Fikrimi aşağıda söyləyəcəyim şikayətimlə izah etmək istəyirəm. Mən işimlə bağlı övladımı hər gün Mətbuat Prospekti-24-A ünvanda yerləşən (“Azərbaycan” nəşriyyatı ilə üzbəüz) beşmərtəbəli binanın 1-ci mərtəbəsində yerləşən xüsusiləşdirilmiş körpələr evinə qoyuram. Neçə gün əvvəl yağmurlu və küləkli havada səhər saatlarında həmin bağçaya gələrkən həyətə girişin şlaqbaumla bağlandığını gördüm. Hava əlverişsiz və uşağım halsız olduğundan istəyirdim ki, onu həmişəki kimi idarə etdiyim avtomobilimlə bağçanın qarşısında düşürüb sonra işə gedim. Lakin nə qədər çalışdımsa, bir kimsəni tapmadım ki, bu şlaqbaumu qaldırsın. Məcbur olub maşını Mətbuat prospekti tərəfdən həyətə giriş olan yerə sürdüm. Orada da yola şlaqbaum qoymuşdular. Təsəvvür edin ki, soyuq və yağıntılı havada, tanınmış yazıçı Ənvər Məmmədxanlının orta məktəblərdə bir vaxtlar tədris olunan “Buz heykəl” hekayəsində olduğu kimi, körpəmi sellofana büküb sinəmə sıxaraq çox böyük çətinliklə soyuqdan qoruyub həyətə piyada düşdüm, onu bağçaya yerləşdirdim. Sonradan aydınlaşdırdım ki, bu həyətə iki tərəfdən giriş olduğunu nəzərə alan kimsə və ya kimsələr düşünüblər ki, ən azı burada yerləşən 2 doqquzmərtəbəli və 5 beşmərətəbəli binalarda yaşayan və avtomobili olan yüzlərlə sakindən pul qoparmaq üçün belə bir uydurma məsələni ortaya atsınlar: bəs həyətə “Azərbaycan” nəşriyyatında işləyən jurnalistlərin, bu həyətdəki idarə və müəssisələrin işçilərinin, ətrafdakı hüquq firmalarının, hüquq məsləhətxanalarının vəkillərinin özlərinin, onların yanına gələn müştərilərin avtomobilləri də daxil olur. Bunun qarşısını almaq üçün həyətə giriş olan yerlərə şlaqbaum qoymaq lazımdır! Hörmətli Kamran müəllim! Bu həyətdəki sakinlərdən öyrəndim ki, hər maşını olandan torpaq pulu kimi 50 manat, hər ay üçün də 15 manat pulta görə pul yığılıb. Mənə də bu təklifi etdilər. Lakin mən hüquqlarımı bildiyimdən bu qanunsuz hərəkətə razı olmadım və indi aidiyyəti dövlət qurumlarından paytaxtımıza əcaib ənənə gətirənlərə qarşı ciddi tədbirlər görülməsini xahiş edirəm. Əvvəla, tutaq ki, bu qanunsuz və əsassız qərar həmin binaların həyətinə daxil olan kənar maşın sahiblərinə tətbiq edilir (Təkrar edirəm ki, heç bir qanunvericilikdə, ənənədə, təcrübədə və hətta dünyanın heç bir yerində belə qadağa yoxdur). Axı bu qadağa və qanunsuz hərəkət burada adı çəkilən binanın digər, avtomobili olmayan sakinlərinin də hüquqlarına kobud müdaxilədir. Məsələn, tutaq ki, mən həmin binada yaşayıram və avtomobilim yoxdur. Amma mənim evimə rayondan qardaşım, bacım, atam, anam və ya digər qohumlarım gəlir. Məsələn, Bakıya gecə saatlarında gəlib çatmış qohumum-doğmam niyə avtomobilini küçədə saxlamalıdır? Yaxud, niyə onun hüququ bu şəkildə pozulmalıdır? Ona görə ki, kiminsə bu yersiz və qanunsuz şlaqbaum biznesindən maddi marağı var? İkincisi, tutaq ki, mənim mənzilimdə bir xəstə var və gecə saatlarında evə təcili yardım, yaxud yanğınsöndürən maşın çağırmışam. Mənim avtomobilim olmadığı üçün isə şlaqbaumu açmaqdan ötrü pultum yoxdur. Belə çıxır ki, mən gedib qonşunu gecə saat 2-də, 3-də oyatmalıyamm ki, pultunu ver, şlaqbaumu açım??? Üçüncüsü, konkret halda, qeyd olunan həyətdə təxmini saydığıma görə 230 avtomobil var. Onların hər birindən alınan 65 manat pul təxminən 15 min manat edir. Bu ildə 160 min manata yaxın məbləğ deməkdir. Azərbaycan Respublikasının Mənzil Məcəlləsində və Mənzil Fondu haqqında qanunvericilikdə binaların həyətinin kimə məxsus olduğu və bu ərazidəki torpaq sahəsindən istifadəyə görə əldə olunan pulun təyinatı konkret göstərilib. Qeyd edilən binaların hamısı Sovetlər dönəmində tikilib və təbii ki, kiminsə şəxsi mülkü deyil. Mənzillər özəlləşdirilmiş ola bilər. Amma dövlət fonduna aid olan həmin həyət və oradakı torpaq sahəsinə görə əldə edilən pul vəsaiti təyinatı üzrə büdcəyə və digər istiqamətlərə uçota alınmadan xərclənirsə, deməli, bu korrupsiya əməlidir, vergidən yayınmadır. Mən şübhə etmirəm ki, bu qanunsuz hərəkətdə aidiyyəti üzrə Yasaimal rayonu 24 saylı Mənzil Kommunal İstismar Sahəsi rəisinin əli olmasın. Çünki həyətdə adi bir kanalizasiya xətti üzərində nəsə qazıntı olan kimi MKİS-dən bir dəstə adam gəlir ki, nə iş görürsən, nə edirsən? Bu boyda həyətə iki tərəfdən mühasirə çəpəri-şlaqbaum qoyulursa, heç bir halda bu, MKİS rəisinin başının üstündən edilə bilməz. Hörmətli Kamran müəllim! Yuxarıda qeyd olunanları nəzərə alaraq məlum qanunsuz hərəkətlə ictimai narazılığa yol açan, vətəndaşların qanuni hüquqlarını, dincliyini təhlükə altında qoyanlara, ciddi narahatlıq və narazılıq gətirənlərə qarşı ölçü götürülməsini Sizdən xahiş edirəm. Qeyd edirəm ki, adı çəkilən həyətə körpəsini gətirən daha bir neçə ailə də bu şikayətə qoşulublar. Hörmətli “Təzadlar”! Çoxsaylı vətəndaşların adından xahiş edirəm, Cənab Prezidentin diqqətinə çatdırın ki, paytaxtdakı xüsusi dəstə xaricdən gətirdikləri mühafizə qurğularını satmaq üçün Bakının həyətlərini şlaqbaumlarla kəsir, insanları mühasirə vəziyyətində saxlayır, onların sərbəst hərəkətinə, giriş-çıxışına məhdudiyyət qoyurlar... “Təzadlar”ın aidiyyəti qurumlardan əldə etdiyi məlumatlar və mövqeylər dəhşətlidir! Dünən aidiyyəti qurumlardan məsələ ilə bağlı mövqe öyrənmək, məlum qanunsuz hərəkətə hüquqi aydınlıq gətirilməsi üçün araşdırma apardıq. Məlum oldu ki, adı çəkilən binalar Yasamal rayon İcra Hakimiyyətinə tabe olan 24 saylı Mənzil Kommunal İstismar Sahəsinə aiddir. Əvvəlcə Yasamal rayon Mənzil-Kommunal Təsərrüfat Birliyinin rəisi Akif Haciyevin 538-96-53 saylı telefonuna zəng etdik. Dəstəyi elə özü götürdü. Verilən suala cavabında A.Hacıyevin mövqeyi konkret oldu: - Biz yalnız həyətlərin səliqə-sahmanına, zibilin daşınmasına görə məsuliyyət daşıyırıq. Amma həyətlərin girişinə şlaqbaum qoyulması və şikayətçinin dediyi kimi, onların həyətə, yaxud qohum-əqrabasının yanına sərbəst giriş-çıxışına məhdudiyyət qoyulmasına gəlincə, bu məsələ bizim səlahiyyətimizdə deyil. Ola bilsin ki, həyətdə kimlərsə yığışıb belə bir qərar qəbul ediblər və DYP idarəsi ilə, bəlkə başqa hansısa bir dövlət qurumu ilə razılığa gəliblər, bunu deyə bilmərəm... Sonra isə şikayətçinin vurğuladığı rəis Zaur Nəsirova dəfələrlə zəng etsək də cavab vermədi. Məcbur olub MKİS-in özünə baş çəkməli olduq... 24 saylı Mənzil Kommunal İstismar Sahəsinin sahə nəzarətçisi Qalib Kərimovun məsələyə münasibəti belə oldu: - Onu deyə bilərəm ki, həmin şlaqbaumlar bina sakinlərinin təşəbbüsü ilə qoyudub... Avtomobili olan sakinlərin hər birində kart var, binanın həyətinə daxil olanda həmin kartı qurğuya yaxınlaşdırırlar və şlaqbaum qalxır. - Birdən bina sakinlərindən kiminsə yanına bir qohumu gəlir, bəs onda? - Bilirsiniz, mən sizi anlayıram, amma burda bizim nə günahımız? Şlaqbaum qoyulması məsələsini bu yaxınlarda sözügedən binaların həyətindəki yeni salınan parkın açılışı zamanı sakinlər qaldırdılar (Sakinlərdən isə öyrəndik ki, həmin şəxs özünü həmişə Prezident İlham Əliyevin ailəsinə çox yaxın şəxs kimi təqdim edən Ağa adlı bir şəxsdir - red.). Sakinlər Yasamal Rayon İcra Hakimiyyətinin başçısı İbrahim Mehdiyevdən binanın həyətinə şlaqbaum qoyulmasını xahiş etdilər. Qalib Kərimov: “Deyəsən, bu işə özünü dövlət başçısının ailəsinə yaxın olan və bu həyətdəki binada yaşayan Hacı deyilən bir nəfər nəzarət edir...” İcra başçısı da götür-qoy edərək bildirdi ki, şlaqbaum qoyulması üçün RİH-nin maliyyə imkanı və səlahiyyəti yoxdur, bu digər vətəndaşların hüquqlarına toxuna bilər. Amma əgər istəyirsinizsə, bina sakinləri öz aralarında, razılıq əsasında bunu həll edə bilər. Mənim bildiyimə görə, bundan sonra sakinlər özləri pul yığaraq şlaqbaumu qoyublar. Deyəsən, bu işə özünü dövlət başçısının ailəsinə yaxın olan və bu həyətdəki binada yaşayan Hacı deyilən bir nəfər nəzarət edir. Bizim o məsələyə heç bir qarışacağımız yoxdur... MKİS rəisi də narahatdır, amma... Binaların balansında olduğu 24 saylı Mənzil Kommunal İstismar Sahəsinin rəisi Zaur Nəsirovun narahatlığı əsaslıdır: - Açıq deyirəm, bu şlaqbaumun 24 saylı Mənzil Kommunal İstismar Sahəsinə heç bir aidiyyəti yoxdur... Bina sakinlərinin təşəbbüsü və öz aralarında razılığı ilə həyata keçirilən məsələdir. Çünki onlar bizə deyirdilər ki, Bakı Apellyasiya Məhkəməsinin, “Azərbaycan” nəşriyyatının işçiləri və bir də bəzi vəkillər, hüquqşünaslar öz avtomobillərini həmin binaların həyətində saxlayırdılar. Çox vaxt bina sakinləri öz maşınlarını həyətdə saxlamağa yer tapa bilmirdi. Bu da binalarda yaşayan vətəndaşları narahat edirdi. - Yay mövsümündə Buzovnada, Zaqulbada və Bilgəh... çimərliklərində də şəhərin ayrı-ayrı rayonlarının sakinləri dincəlməyə maşınla gəlir və çimərlikdə kənd camaatının rahat, istədiyi yerdə maşın saxlaması mümkünsüz olur... Belə çıxır ki, onlar da həmin kəndlərin çimərliklərinə girişinə şlaqbaum qoysunlar, eləmi? -Bilirsiniz, mən dedim, bizim bu işlərə qarışacağımız yoxdur... Sadəcə, yuxarıda dediyim səbəbdən həmin binaların sakinləri Yasamal RİH-dən şifahi razılıq alaraq, öz hesablarına şlaqbaumları həyətin girişinə qoyublar. Hər bir mənzildə həyətə giriş üçün kart var. Mən bilən, mənzilbaşına pul yığılıb. Bundan başqa heç bir pul yığmaqdan xəbərim yoxdur... Hüquqları pozulan vətəndaşlardan çağırış: “Bu qanunsuzluğa, vətəndaşın stədiyi yerə sərbəst giriş-çıxışına qoyulmuş məhdudiyyətə son qoyun!” Dünən qəzet çapa hazırlanarkən adı çəkilən həyətdə 21 və 24 saylı binalarda yaşadıqlarını bildirən sakinlərdən bir neçəsi də araşdırmamızdan xəbər tutduqlarını (əməkdaşımızın həyətdə foto çəkiliş apardığını görüblər) bildirərək redaksiamızla əlaqə saxladılar. Onların da qənaəti belədir ki, bu qanunsuz hərəkətdə MİS rəisinin əli var: “MİS rəisinin xəbəri olmaya bilməz... Mənim kimi onlarla adamın da maşını yoxdur. Bizim evimizə gəlib-gedən qohumlar həyətə daxil olması üçün pul verib pult almalıdır? Bu nə qanunsuzluqdur? Bütün bu işlərdə isə həmişə özünü Prezident ailəsinə yaxın olduğunu gözə soxan Hacı adlı şəxsdir... Bu işdə barmağı olanlar indi də keçiblər başqa biznesə. Məsələn, bu əraziyə yaxın binalardakı, idarələrdəki maşını olanları həyətə cəlb edirlər və maşınlarını gecə burada saxlamağa görə əlavə pul alırlar. “Onda mənim də qohumlarımın yaşadığı Buzovna və Nardaran əhalisi kəndin girişinə şlaqbaum qoysunlar ki, kartı olmayan bu kəndlərə buraxılmır?!” Deməli, bu korrupsionerlər biz sakinlərin dincliyi hesabına əlavə qazanc yeri tapıblar özlərinə... Mənim qohumlarımın bir hissəsi Buzovnada, bir hissəsi də Nardaranda yaşayır. Neçə gün əvvəl dayım nəvəsi bizə gəlib, maşınını həyətə buraxmamışdılar ki, sən bu həyətdə yaşamırsan. Soruşuram: onda mənim də qohumlarımın yaşadığı Buzovna və Nardaran əhalisi kəndin girişinə şlaqbaum qoysunlar ki, kartı olmayan bu kəndlərə buraxılmır? Və belə bir hərəkət baş versə, artıq bu təhlükəni yaradırlar, onda gərək heç kəs təəccüblənməsin. Biz vaxtilə xanlıqlara, sonralar bölgələrə, tayfalara, rayonlara, kəndlərə, indi də həyətlərə bölünürük. Bu nə biabırçılıqdır?” *** Sonra adı çəkilən həyətdə araşdırma apardıq. Məlum oldu ki, qeyd olunan ünvandakı 7 binanın 1-ci mərtəbəsində 20-dən çox ticarət, xidmət obyekti var. Uşaq baxçasından, hüquq firmalarından tutmuş, redaksiyaya, dükan və məişət xidməti obyektlərinə kimi. Tutaq ki, bu vergi ödəyicisi olan idarə və ya təşkilatlara, hüquq firmalarına müştəri gəlib. Təbii ki, avtomobilini saxlamaq üçün belə bir qanunsuzluqla rastlaşan kimsə təbii olaraq onların xidmətindən imtina etməlidir. Ona görə ki, kimlərsə özünə yaxşıca “şlaqbaum biznesi” yaradıb??? Biz həmin həyətdə olarkən də bunun şahidi olduq. Dövlət nömrə nişanını qeyd etməyə lüzum görmədiyimiz bir sürücü buradakı doqquzmərətəbənin həyətində olan mağazaya ərzaq və meyvə-tərəvəz almağa gəlmişdi. Hiss olunurdu ki, daimi müştəridir. Lakin həyətə girə bilmədiyi üçün şlaqbaumun (Oxu: “Çörək ağacının”)yanında var-gəl edən bir nəfərlə xeyli mübahisə etdi, sonra avtomobilini acıqlı şəkildə sürüb çıxıb getdi. Növbəti yazıda ətraflı oxuya bilərsiniz! Geri qayıt |