Əsas Səhifə > Güney Press > Putinin yeni “rəqibi” peyda oldu: saatlar əleyhinə işləyir
Putinin yeni “rəqibi” peyda oldu: saatlar əleyhinə işləyirBu gün, 17:25 |
|
Rusiyada son günlər baş verənlər ölkənin üzləşdiyi çətinliklərlə bağlı müzakirələri gücləndirib. “Əl-Cəzirə” nəşrinin məlumatına görə, Prezident Vladimir Putin vəziyyətin ciddiliyini yüksək vəzifəli rəsmilərlə keçirdiyi toplantıda etiraf edib. Digər tərəfdən, Rusiya hökuməti iyulun 1-dən etibarən Finlandiya, Estoniya və Latviya ilə sərhəddə yerləşən dəmir yolu buraxılış məntəqələrində hərəkəti müvəqqəti olaraq dayandırıb. Bu da yaşananlar fonunda diqqət çəkib. Vəziyyət Putini danışıqlar masasında əyləşməyə yardım edəcəkmi? “Rusiyanın infrastrukturunu dağıdıb, ölkədə vətəndaş narazılığı yaradıb, daxildən sökmək planı” işə yarayacaq? Rusiya lideri müharibənin 5-ci ilində xalqı ilə üz-üzə qala bilər? Globalinfo.az-a danışan politoloq Zeynal Əmrəliyev deyib ki, Rusiyada hazırda avtoritar rejim var: “Bu idarəetmə sistemi hər vəziyyətdə xalqı əsarətdə saxlamağa çalışır. Orada müharibə əhval-ruhiyyəsi yaradılıb. Dövlət təbliğatı vasitəsilə ictimai rəyin bu siyasətə uyğun formalaşdırılması əsas prioritetlərdən biridir. Lakin belə bir vəziyyəti uzun müddət davam etdirmək asan deyil. Əgər müharibə uzanarsa və iqtisadi çətinliklər dərinləşərsə, bu, əhalinin sosial rifahına da mənfi təsir göstərə bilər. Rusiyada yanacaq bazarında yaranan problemlər və enerji infrastrukturuna endirilən zərbələr müəyyən risklər yaradır. Belə hücumlar logistika zəncirinə, istehsala və gündəlik iqtisadi fəaliyyətə təsir göstərə bilər. Xüsusilə Ukraynanın Rusiyanın enerji və yanacaq infrastrukturunu hədəfə alan zərbələri ölkənin strateji obyektlərinə müəyyən ziyan vurur. Müharibə şəraitində bu cür hücumlar iqtisadi və sosial yükü artırır, dövlətin resurslarına əlavə təzyiq yaradır”. Politoloq bildirib ki, bu proses uzun müddət davam edərsə, sosial narazılıqların artması ehtimalı mümkündür: “Belə vəziyyətdə hakimiyyət həm cəmiyyətin, həm də siyasi və iqtisadi elitaların daha ciddi təzyiqləri ilə üzləşə bilər. Bunun müəyyən əlamətləri əvvəllər də müşahidə olunub. Məsələn, Priqojin üsyanı göstərdi ki, müharibə şəraitində hakimiyyət daxilində də fikir ayrılıqları və gərginlik yarana bilər. Rusiyanın yaxın perspektivdə müharibəni dayandıracağını və ya hərbi imkanlarının tükəndiyini qəti şəkildə söyləmək doğru olmaz. Müharibənin gələcək gedişi həm döyüş meydanındakı vəziyyətdən, həm də Rusiyanın iqtisadi dayanıqlığından, daxili siyasi proseslərdən və beynəlxalq dəstək amillərindən asılı olacaq. Müharibə nə qədər uzanarsa, onun iqtisadi, sosial və siyasi dəyəri də bir o qədər artacaq. Bu isə gələcəkdə Kremlin qərarlarına və münaqişənin inkişaf istiqamətinə təsir göstərə biləcək əsas amillərdən biridir”. Geri qayıt |