Əsas Səhifə > Güney Press > Rusiya mediası Bakıya yolüstündə olan Lyayeni desant adlandırdı
Rusiya mediası Bakıya yolüstündə olan Lyayeni desant adlandırdıBu gün, 15:33 |
|
Avropa Komissiyasının (AK) sədri Ursula fon der Lyayen Azərbaycana bu günə gözlənilən səfəri Rusiya mediasının diqqətini çəkib. Musavat. com xəbər verir ki, “Nezavisimaya qazeta” Ursula fon der Lyayeni səfərdə AK-nın genişlənmə məsələləri üzrə komissarı Marta Kos müşayiət edəcəyini yada salır və onları Avropa Komissiyasının “desantları” adlandırır. Bildirilir ki, Prezident İlham Əliyevlə keçiriləcək danışıqlarda əsas diqqət Azərbaycanın Avropa İttifaqına enerji ixracı, eləcə də strateji əhəmiyyətli infrastruktur və nəqliyyat layihələri üzrə əməkdaşlığa yönələcək. Ekspert Fərhad Məmmədov bildirib ki, Ursula fon der Lyayenin Bakıya səfəri COP29-dan sonra gözlənilən hadisələrdən biri idi. Onun sözlərinə görə, Azərbaycanla Aİ arasında siyasi dialoq bəzən dalğavari inkişaf etsə də, enerji və logistika sahələrində əməkdaşlıq münasibətlərin əsas dayağı olaraq qalır. Ekspert qeyd edib ki, 2025-ci ildə Aİ ilə Cənubi Qafqaz ölkələri arasında ticarət dövriyyəsi təxminən 25 milyard dollar olub və bunun 19 milyard dolları Azərbaycanın payına düşüb. Müqayisə üçün, Aİ ilə Mərkəzi Asiya ölkələri arasında ticarət dövriyyəsi 15,4 milyard dollar təşkil edib və artım tendensiyası nümayiş etdirir. Bu prosesdə Azərbaycanın tranzit və logistika imkanlarının mühüm rol oynaya biləcəyi vurğulanır. Fərhad Məmmədovun fikrincə, əgər Ursula fon der Lyayen Ermənistan-Azərbaycan normallaşma prosesində fəal iştirak etmək istəyirsə, Aİ konkret hansı töhfələri verə biləcəyini aydın şəkildə izah etməlidir. Məsələn, Brüssel tərəflərə yaşıl enerji, logistika və regional infrastruktur üzrə birgə layihələr təklif edə bilər. Bu arada Ermənistan rəhbərliyi Avropadan Rusiyanın tətbiq etdiyi ticarət məhdudiyyətlərinin iqtisadi təsirlərini azaltmaq üçün dəstək gözlədiyini gizlətmir. Bununla belə, baş nazir Nikol Paşinyan bildirib ki, mövcud vəziyyət ölkənin makroiqtisadi göstəricilərinə ciddi mənfi təsir göstərməyib. Onun sözlərinə görə, 2026-cı ilin may ayında iqtisadi aktivlik 11 faiz, yanvar-may dövrü üzrə isə 8 faizdən çox olub. Paşinyan əlavə edib ki, mövcud vəziyyəti "sanksiya" adlandırmaq düzgün deyil və məsələni avqustda Avrasiya İqtisadi İttifaqının hökumət başçıları ilə müzakirə edəcək. Ermənistanın iqtisadiyyat naziri Gevorq Papoyan da ölkədə iqtisadi böhranın olmadığını bildirib. O hesab edir ki, yaranmış vəziyyət Ermənistan iqtisadiyyatının daha da şaxələndirilməsinə şərait yaradacaq. Nazirin sözlərinə görə, hökumət yaxın günlərdə fermerlər və ixracatçılar üçün genişləndirilmiş dəstək paketi qəbul edəcək. Paket daha çox istehsalçını əhatə edəcək və ixracın artırılması üçün kompensasiyalar genişləndiriləcək. Papoyan vurğulayıb ki, Ermənistan Avropa İttifaqının təklif etdiyi 35 milyon dollarlıq maliyyə dəstəyindən də imtina etmək niyyətində deyil. "Əgər avropalı tərəfdaşlarımız iqtisadiyyatımızın dayanıqlığını və diversifikasiyasını gücləndirmək üçün bu vəsaiti ayırırlarsa, biz onu məmnuniyyətlə qəbul edib iqtisadiyyata yönəldəcəyik. Nə qədər çox dəstək olsa, bir o qədər yaxşıdır", – deyə nazir bildirib. Bundan başqa, Ermənistan İqtisadiyyat Nazirliyi xatırladıb ki, ölkə Ukrayna, Moldova, Gürcüstan, Tacikistan, Türkmənistan, Qırğızıstan və Qazaxıstanla azad ticarət sazişlərinə malikdir. MDB çərçivəsində Özbəkistanla, Avrasiya İqtisadi İttifaqı vasitəsilə isə Vyetnam, Serbiya, İran və Monqolustanla güzəştli ticarət rejimindən istifadə edir. Geri qayıt |