Əsas Səhifə > Güney Press > “Türkiyə filmləri dublyaj olunmasın” təklifi:
“Türkiyə filmləri dublyaj olunmasın” təklifi:Bu gün, 17:35 |
|
“İndicə yanımda bir özbək qız vardı, Daşkənddən gəlmişdi. Onun nə söhbətini, nə də adını başa düşdüm. Hərdən “protokol” xatirinə başımı tərpədirdim. Sonra təklif etdim ki, bəlkə, rusca danışaq? Ondan sonra söhbətə başladıq”. Bunu “Yeni Sabah”a yazıçı Seyran Səxavət deyib. O, həmkarı Sabir Rüstəmxanlının türkdilli ölkə filmlərinin dublyajsız göstərilməsi təklifinə rəy bildirib: “Bunun üçün hazırlıq mərhələsi lazımdır. Min illərdir başqa cür hərəkət etmişik. Sabir Rüstəmxanlının dediyini kor-koranə etmək olmaz. Bir az praktika yığmaq lazımdır. Fikirləşib hərəkət etməliyik. Mən 2 il Bişkekdə işləmişəm. SSRİ Müdafiə Nazirliyində çalışmışam. Birdən-birə hay-küylə nələrisə etmək olmaz. Hamısı vaxt itkisidir. Uzun illər ortaq türk dili haqqında danışıblar. Bunu təşkil etmək çox zədəli bir şey olardı. Prosesin təbii alınması, ortaq türk dili və türk əlifbasının yaradılması üçün o dövlətlərin həm də ortaq problemləri, məsələn, Qırğızıstanın problemi Azərbaycanın, Qazaxıstanın problemi Özbəkistanın da problemi olmalıdır”. Yazıçı qeyd edib ki, ümumi problemlərdən doğan vəziyyət ortaq əlifbanı da, ortaq türk dilini də yaradacaq: “Yəni ortaq problemlər olmasa, ortaq türk dili haqqında danışmaq düzgün deyil. Hazırlıqsız belə bir şey etmək ancaq zahiri xarakter daşıyacaq. Biz ancaq yalandan biri-birimizi başa düşdüyümüzü deyə bilərik. Məsələn, ən yaxşı başa düşdyümüz dillərdən biri Türkiyə türkcəsidir. Onların futbol şərhçiləri deyir ki, “Hasan Şaşın ortası”. Biz bunu başa düşmürük. Onun dediyinin mənası belədir ki, Hasan Şaş rəqib meydançanın küncündən topu cərimə meydançasına qaldırır. Biz bunu belə deyirik. Arada heç bir uyğunluq yoxdur. Bəli, ortaq əlifba da, ortaq türk dili də lazımdır. Bunun üçün də dediyim kimi, ortaq dərdimiz və ortaq sevincimiz olmalıdır. Qalan şeylər hamısı havayı atılmış güllə kimi bir şeydir”. Xatırlatma: Xalq şairi Sabir Rüstəmxanlı Birinci Türkoloji Qurultayın 100 illik yubileyinə həsr olunmuş “Türk Dünyası Həftəsi”nin ikinci günündə çıxışı zamanı deyib ki, türk dövlətlərinin televiziyalarında filmlərin dublyajsız yayımı vacibdir. Geri qayıt |