Əsas Səhifə > Güney Press > Paşinyana qarşı ŞOK PLAN
Paşinyana qarşı ŞOK PLANBu gün, 16:21 |
|
“Güclü Ermənistan” siyasi alyansının lideri Samvel Karapetyan baş nazir Nikol Paşinyanın hakimiyyətdən uzaqlaşdırılması üçün müxalifətin “məxfi planı”nın olduğunu bildirib. Bu barədə Karapetyan jurnalistlərə açıqlamasında deyib. “Mən bir sıra müxalif siyasi qüvvələrin liderləri ilə görüşmüşəm. Kimlərlə görüşdüyümü deyə bilmərəm. Bizim gizli bir planımız var, onu açıqlamayacağam. Biz Paşinyanı tez bir zamanda devirmək yolunu seçəcəyik. Lazım gələrsə, küçə hərəkatı da səfərbər olunacaq. Amma hələlik biz qanuni yolla gedirik”, - rusiyalı iş adamı qeyd edib. Karapetyan planın məzmunu və həyata keçirilməsi mexanizmi barədə əlavə məlumat verməyib. Bəs məxfi planda nələr nəzərdə tutula bilər? Hansı ehtimalları irəli sürmək mümkündür?Azad Vətən Partiyasının sədri Akif Nağı Musavat.com-a bildirib ki, Samvel Karapetyan planın məzmununu açıqlamadığı üçün onun “məxfi planı” barədə qəti nəticə çıxarmaq mümkün deyil. Bununla belə, Ermənistanın mövcud siyasi sistemi və müxalifətin indiyədək istifadə etdiyi üsullar nəzərə alınaraq bir neçə ehtimal irəli sürmək olar: “Karapetyanın “məxfi plan” ifadəsi daha çox siyasi və psixoloji təsir yaratmağa hesablanmış bəyanat kimi görünür. Ermənistan qanunvericiliyi hakimiyyətin dəyişməsi üçün əsasən parlament mexanizmlərini nəzərdə tutur. Buna görə də ilk ehtimal parlament daxilində etimadsızlıq ssenarisi və hakim partiyadan müəyyən deputatların müxalifətin tərəfinə keçməsinə nail olmaq cəhdidir. Hazırkı siyasi reallıqda bunun baş verməsi çətin görünsə də, müxalifətin belə variant üzərində işləməsi istisna deyil. Ola bilsin milyarder Karapetyan böyük pullar hesabına bu variantı reallaşdırmaq istəyir. İkinci ehtimal genişmiqyaslı küçə etirazlarının mərhələli şəkildə təşkil edilməsidir. Karapetyanın özü də lazım gələrsə, küçə hərəkatının səfərbər ediləcəyini bildirib. Bu halda məqsəd davamlı aksiyalar vasitəsilə hökumət üzərində siyasi və ictimai təzyiqi artırmaq ola bilər. Lakin seçki kampaniyası və ona qədərki zaman göstərdi ki, erməni müxalifəti mitinqlərlə hakimiyyətə təsir etmək gücündə deyil”. Partiya sədri hesab edir ki, üçüncü ehtimal müxtəlif müxalif qüvvələrin vahid platforma ətrafında birləşdirilməsidir: “Lakin burada da problemlər var. Bilirsiniz ki, Ermənistan müxalifətinin əsas problemlərindən biri parçalanmış vəziyyətdə olmasıdır. Karapetyanın müxtəlif siyasi liderlərlə görüşdüyünü deməsi koordinasiya mərkəzi yaratmaq cəhdindən xəbər verə bilər. Digər mümkün istiqamət isə ictimai narazılığı artıracaq sosial-iqtisadi və ya kilsə-hakimiyyət münasibətlərindən qaynaqlanan mövzular ətrafında geniş kampaniyanın qurulmasıdır. Son aylarda hökumətlə Erməni Apostol Kilsəsi arasında yaranmış gərginlik də müxalifətin istifadə etməyə çalışdığı mövzulardan biridir. Bununla yanaşı, hazırkı mərhələdə Nikol Paşinyanın hakimiyyəti hələ də parlament çoxluğuna söykənir və dövlət institutlarına nəzarəti əlində saxlayır. Buna görə də qısa müddətdə hakimiyyət dəyişikliyi ssenarisinin reallaşması mümkün görünmür. Karapetyanın bəyanatı daha çox müxalif elektoratı ruhlandırmağa, hakimiyyət daxilində tərəddüd yaratmağa və gələcək siyasi proseslər üçün psixoloji üstünlük qazanmağa hesablanmış addım kimi qiymətləndirilməlidir”. Geri qayıt |