Əsas Səhifə > Güney Press > “Azərbaycanın Aİİ-yə üzvlüyünü əngəlləyən səbəblər

“Azərbaycanın Aİİ-yə üzvlüyünü əngəlləyən səbəblər


Bu gün, 15:01

Rusiya mediasında Azərbaycanın Avrasiya İqtisadi İttifaqına (Aİİ) üzv olması üçün əsas maneənin artıq mövcud olmadığı barədə yazılar müşahidə olunur. Bu cür iddiaların müəllifləri fikirlərini onunla əsaslandırmağa çalışırlar ki, Azərbaycan uzun illər torpaqlarının Ermənistan tərəfindən işğal olunduğu səbəbilə Aİİ-yə üzvlüyünü mümkünsüz hesab edirdi, artıq Azərbaycan ərazilərini azad edib və Ermənistanla sülh şəraiti mövcuddur. Ona görə də Azərbaycanın Aİİ-yə üzvlüyü üçün maneə aradan qalxıb.

Belə iddialar əsaslıdırmı? Azərbaycanın Avrasiya İqtisadi İttifaqına üzv olmaması məgər yalnız torpaqlarının Ermənistan tərəfindən işğal edilməsi ilə əlaqəli idi?

Professor Qabil Hüseynli Musavat.com-a bildirib ki, Ermənistanla sülh prosesinin irəliləməsi və ərazi bütövlüyünün bərpası əvvəlki siyasi maneələrdən birini aradan qaldırıb, lakin bu, avtomatik olaraq Azərbaycanın Aİİ-yə üzv olacağı anlamına gəlmir: “Bakı daha çox müxtəlif iqtisadi platformalarla əməkdaşlıq edən, lakin heç bir iqtisadi-siyasi blok qarşısında əlavə inteqrasiya öhdəliyi götürməyən modeli qorumağa çalışır. Ona görə də Rusiya mediasında səsləndirilən “əsas maneə artıq yoxdur” tezisi daha çox siyasi mesaj xarakteri daşıyır.

Azərbaycanın Aİİ-yə münasibətini müəyyən edən amillər işğal məsələsindən daha genişdir və bunlara iqtisadi suverenlik, xarici siyasətdə balansın qorunması, enerji strategiyası, Türkiyə ilə müttəfiqlik və Qərb bazarları ilə əməkdaşlıq kimi fundamental faktorlar daxildir. “Əsas maneə aradan qalxıb" tezisi isə məsələnin yalnız bir tərəfini əks etdirir və reallığı tam ifadə etmir. Azərbaycanın Aİİ-yə qoşulmamasını təkcə Ermənistanın Azərbaycan torpaqlarını işğal etməsi ilə izah etmək düzgün deyil. Doğrudur, 30 ilə yaxın davam edən işğal və Ermənistanın Azərbaycan ərazilərini nəzarətdə saxladığı şəraitdə Bakı İrəvanla eyni iqtisadi inteqrasiya məkanında yer almağı siyasi baxımdan qəbuledilməz hesab edirdi. Ancaq bu, yeganə səbəb olmayıb”.

Politoloq qeyd edib ki, Azərbaycan müstəqillik dövründə balanslaşdırılmış xarici siyasət və çoxşaxəli iqtisadi əməkdaşlıq modeli qurub: “Ölkə nə Avrasiya İqtisadi İttifaqına, nə də Avropa İttifaqına inteqrasiya xəttini seçib, əvəzində hər iki istiqamətlə tərəfdaşlıq münasibətlərini inkişaf etdirib. Bu kurs Bakıya qərarvermədə daha böyük manevr imkanları qazandırıb.

Aİİ-yə üzvlük ilk növbədə gömrük və ticarət siyasətinin mühüm hissəsinin ittifaqın vahid qaydalarına uyğunlaşdırılması deməkdir. Azərbaycan isə hazırda gömrük tariflərini, idxal-ixrac siyasətini və xarici iqtisadi əlaqələrini milli maraqlara uyğun şəkildə müstəqil müəyyən edir. Aİİ-yə daxil olacağı təqdirdə bu səlahiyyətlərin bir hissəsi üst institutlara veriləcək ki, Bakı indiyədək belə yanaşmaya üstünlük verməyib.

Digər mühüm amil Azərbaycanın enerji siyasətidir. Azərbaycan neft və qaz ixracını Avropa, Türkiyə, Gürcüstan və digər bazarlar üzərindən müstəqil şəkildə həyata keçirir. Enerji diplomatiyası ölkənin xarici siyasətinin dayaqlarından biridir və Bakı bu sahədə qərarvermə sərbəstliyini qorumağa çalışır. Bundan başqa, Azərbaycanın Ümumdünya Ticarət Təşkilatına (ÜTT) üzvlüklə bağlı danışıqları da davam edir. Aİİ-yə üzvlük ÜTT üzrə öhdəliklərlə əlaqədar əlavə hüquqi və iqtisadi uyğunlaşdırma tələb edə bilər”.

Q.Hüseynli hesab edir ki, bu çoxvektorlu siyasət ölkəmizin Aİİ-yə tamhüquqlu üzvlük məsələsinə ehtiyatla yanaşılmasını şərtləndirən əsas amillərdəndir.

musavat.com


Geri qayıt