Əsas Səhifə > Güney Press / Partiya > “Bəzi məmurlar hələ də özlərini xalqın xidmətçisi saymırlar”

“Bəzi məmurlar hələ də özlərini xalqın xidmətçisi saymırlar”


Bu gün, 17:25

“Cənab Prezident istər müşavirələrdə, istər çıxışlarında, istərsə də vətəndaşlarla görüşlərində daim bildirir ki ilk növbədə özü xalqın xidmətçisidir, hər bir məmur da bilməlidir ki o, vəzifəyə xalqa, dövlətə xidmət üçün təyin edilir. Amma təəssüf ki bəzi məmurlar bunu yaddan çıxarır. Xalqla, əhali ilə ünsiyyət qurmurlar, ünsiyyətdən qaçırlar”.

Bu sözləri “Sherg.az”a açıqlamasında D.Əliyeva adına Qadın hüquqlarını Müdafiə Cəmiyyətinin sədri, ictimai xadim Novella Cəfəroğlu bildirdi.

Qeyd edək ki, Türkiyədə bir sıra millət vəkilləri parlamentdəki fəaliyyətləri ilə yanaşı, küçələrdə, bazarlarda, məhəllələrdə və kafelərdə vətəndaşlarla birbaşa ünsiyyət quraraq onların problemlərini dinləmələri ilə də seçilirlər. Xüsusilə seçki dairələrində keçirilən bu görüşlər həm iqtidar, həm də müxalifət nümayəndələri tərəfindən davam etdirilir.

Bu istiqamətdə ən fəal siyasətçilərdən biri CHP-nin Mersin millət vəkili Ali Mahir Başarır hesab olunur. Başarır tez-tez bazarlarda, küçələrdə vətəndaşlarla görüşür, onların sosial-iqtisadi problemlərini dinləyir. Son çıxışlarının birində o, "Biz millətin vəkilləri olaraq xalqın arasında rahat gəzirik" mesajını verərək siyasətçinin cəmiyyətlə birbaşa təmasda olmasının vacibliyini vurğulayıb.

CHP-nin digər tanınmış simalarından Mahmut Tanal da küçə diplomatiyası ilə seçilir. O, tez-tez bazarlarda, meydanlarda və müxtəlif ictimai məkanlarda vətəndaşlarla görüşərək onların problemlərini dinləyir və sosial mediada bu görüşləri paylaşır.

AKP-də isə Rümeysa Kadak, Leyla Şahin Usta və Vahit Kirişci məhəllələrdə, küçələrdə və ictimai məkanlarda vətəndaşlarla mütəmadi görüşlər keçirən deputatlar sırasında yer alırlar.

Bundan başqa, Mustafa Sarıgül və Cemal Enginyurt da bazar və küçə görüşləri ilə tanınan siyasətçilər sırasındadır.

Siyasi müşahidəçilərin fikrincə, vətəndaşlarla birbaşa təmas, onların problemlərini yerində dinləmək və parlament fəaliyyətini küçə ilə əlaqələndirmək Türkiyə siyasətində son illərdə daha çox önəm qazanan siyasi kommunikasiya üsullarından birinə çevrilib.

Məlumdur ki Türkiyədə parlament seçkiləri daha coşqulu keçir. Müxtəlif siyasi partiyalar küçələrdə, meydanlarda izdihamlı mitinqlər təşkil edir, seçicilər qarşısında çıxışlar edirlər. Bizdə də millət vəkilliyinə namizədlərin seçicilərlə görüşləri olur, amma hansısa akt zallarında, iclas salonlarında. Bizim deputatlar seçiciləri ilə Türkiyə millət vəkilləri qədər səmimi olmurlar. Belə münasibət millət vəkilliyi dönəmi boyunca da davam edir. 

N.Cəfəroğlu açıqlamasında qeyd etdi ki, təkcə məmurlar deyil, millət vəkilləri də xalqla açıq, səmimi davranmalıdırlar:

- Son zamanlar yaxşı ənənə yaranıb, deputatlar seçiciləri qəbul edirlər, problemlərini dinləyirlər, həll etməyə çalışırlar. Amma bizdə hələ belə vəziyyət yoxdur ki, millət vəkilinin sözü eşidilsin, keçərli olsun. Özləri narazılıq edir ki, zəng edirik, məmular zəngimizə cavab vermir. Xalqın səsi il seçilmiş deputatlara qarşı belə münasibət olmamalıdır. Türkiyədə ona görə millət vəkillərinə yüksək ehtiram var, sözləri eşidilir, iradları qəbul edilir, çünki orda millət vəkili də seçiciyə hörmət edir. Bilir ki, ona millət vəkili mandatını qazandıran seçicisidir. Nazirlər, hökumət adamları da millət vəkillərinə hörmət edirlər, onlardan çəkinirlər, çünki qanunlar millət vəkillərinə bağlıdır. Bizdə də qanunverici orqan Milli Məclisdir. Amma millət vəkillərinə bəzi məmurlar tərəfindən lazımi ehtiram göstərilmir, seçicinin problemini həll etməkdə məmur millət vəkilinə dəstək olmur. Ona görə ki bəzi məmurlar hələ də özlərini xalqın xidmətçisi saymır. Deputatlar da gərək seçicilərlə səmimi olsunlar, kabinetlərdə qəbul keçirməsinlər, küçəyə çıxsınlar, seçicinin evinə, məhəlləsinə getsinlər. Vəziyyəti görsünlər, seçici də görsün ki, seçdiyi deputat onun yanındadır.


Geri qayıt