Əsas Səhifə > Güney Press > “Təyyarələrdə peşəkar oğrular peyda olub”

“Təyyarələrdə peşəkar oğrular peyda olub”


Bu gün, 09:53

Son dövrlər təyyarələrdə sərnişinlərin şəxsi əşyalarının oğurlanması halları artıb. Bu barədə jurnalist və səyyah Azər Qərib diqqətçəkən açıqlama verib.

Musavat.com xəbər verir ki, Azər Qərib hava nəqliyyatından istifadə edən vətəndaşları daha diqqətli olmağa çağıraraq bildirib ki, artıq bir çox aviaşirkətlər uçuş zamanı sərnişinlərə salon daxilində itən əşyalara görə məsuliyyət daşımadıqlarını xüsusi elanlarla xatırladırlar.

Onun sözlərinə görə, bu xəbərdarlıqlar təsadüfi deyil:

"Son zamanlar təyyarə ilə səyahət edənlər yəqin ki, yeni elanlara diqqət yetiriblər. Bələdçilər sərnişinlərə xəbərdarlıq edirlər ki, salon daxilində itən əşyalara görə aviaşirkət məsuliyyət daşımır. Əvvəllər belə elanlar demək olar ki, səsləndirilmirdi. Bunun əsas səbəbi isə təyyarələrdə oğurluq hallarının artmasıdır.

Peşəkar oğrular adi sərnişin kimi biletlər alaraq uçuşlara qatılırlar. Onlar diqqətlə müşahidə edir, hansı sərnişinin tez-tez çantasını yoxladığını, kimin üzərində qiymətli əşya ola biləcəyini müəyyənləşdirirlər. Hətta sərnişinin xarici görünüşünə görə onun maddi imkanları barədə nəticə çıxarmağa çalışırlar.

Məsələ ondadır ki, bir çox sərnişinlər pulunu, zinət əşyalarını və digər qiymətli əşyalarını itə biləcəyindən ehtiyat edərək baqaja vermir, əl yükündə saxlayır və baş üzərindəki dolablara yerləşdirirlər. Onlar düşünürlər ki, bu, daha təhlükəsizdir. Lakin bəzi hallarda məhz həmin əşyalar oğruların hədəfinə çevrilir.

Mənim tanışlarımdan birinin başına gələn hadisə buna nümunədir. O, özü ilə iri məbləğdə nağd pul aparırmış. Pulu zərfə qoyaraq çantasına yerləşdirib və çantanı da yuxarıdakı bölməyə qoyub. Uçuş boyu dəfələrlə ayağa qalxaraq çantasını yoxlayıb. Görünür, məhz bu davranış oğruların diqqətini cəlb edib.

Təyinat yerinə çatdıqdan sonra zərfi açanda məlum olub ki, pulun yerində eyni qalınlıqda adi kağız parçaları var. Görünür, oğrular fürsət taparaq zərfi açıb, pulu götürüb və yerinə kağız qoyublar.

Ona görə də sərnişinlərə tövsiyəm budur ki, böyük məbləğdə nağd pul daşımayın. Müasir dövrdə bunun üçün ciddi ehtiyac da yoxdur. Əgər üzərinizdə zinət əşyaları və ya digər qiymətli əşyalar varsa, onları daim nəzarətdə saxlaya biləcəyiniz kiçik çantalarda daşıyın.

Ayıq olmaq lazımdır. Çünki zaman dəyişdikcə oğrular da, oğurluq üsulları da daha peşəkar və daha müasir hala gəlir".


Geri qayıt