Əsas Səhifə > Güney Press > Aİ ukraynalıların müvəqqəti müdafiəsini 2028-ci ilədək uzatmağı planlaşdırır

Aİ ukraynalıların müvəqqəti müdafiəsini 2028-ci ilədək uzatmağı planlaşdırır


Bu gün, 16:56

Avropa İttifaqı (Aİ) müharibə səbəbindən ölkəni tərk etmiş ukraynalıların müvəqqəti müdafiəsini 2028-ci ilin martınadək uzatmaq, eyni zamanda, yeni gələn çağırış yaşlı kişiləri proqramdan əvvəlki kimi xaric etmək niyyətindədir.

"Report"un Avropa bürosunun verdiyi məlumata görə, təklif müharibədən qaçaraq Aİ ölkələrində sığınacaq tapmış təxminən 4,4 milyon Ukrayna vətəndaşının hüquqi statusunun qorunub saxlanılmasını nəzərdə tutur.

Brüssel Ukraynada təhlükəsizliklə bağlı vəziyyətin qeyri-sabit qalması səbəbindən müdafiə mexanizmlərini əvvəlki kimi vacib hesab edir.

Eyni zamanda, Avropa Komissiyası hərbi vəziyyət tətbiq edildikdən sonra Ukrayna hakimiyyətinin ölkədən çıxışına qadağa qoyduğu yeni gələn çağırış yaşlı kişilərə müvəqqəti müdafiə rejiminin şamil edilməməsi ilə bağlı əvvəllər müzakirə olunan təşəbbüsü dəstəkləyib. Avropa Komissiyası bunu ölkənin müdafiə qabiliyyətinin qorunub saxlanılmasının zəruriliyi ilə izah edib.

Təklifə həmçinin komissiyanın Aİ dövlətlərinin müvəqqəti müdafiə rejimindən uzunmüddətli yaşayış icazələrinə mərhələli keçid üçün hazırlıqları fəallaşdırması, eləcə də ukraynalıların vətənə könüllü qayıdışı mexanizmlərini inkişaf etdirməsi çağırışı daxildir.

Bunun üçün Avropa Komissiyası Aİ ölkələri və Ukrayna ilə birlikdə könüllü qayıdış üzrə pilot proqrama başlamaq niyyətindədir.


Geri qayıt