Əsas Səhifə > Güney Press > Gəncləri evləndirmək üçün kim nə təklif edir?
Gəncləri evləndirmək üçün kim nə təklif edir?Bu gün, 16:36 |
|
Azərbaycanda nikahların sayı azalmağa davam edir. Dövlət Statistika Komitəsinin məlumatına görə, bu ilin ilk dörd ayında 11 422 nikah qeydə alınıb. Ötən ilin eyni dövrü ilə müqayisədə nikahların intensivliyi də aşağı düşüb. Belə ki, əhalinin hər 1000 nəfərinə düşən nikahların sayı 2025-ci ilin müvafiq dövründəki 4,4-dən bu il 3,4-ə enib. Bu göstərici ölkədə evlənənlərin sayında azalma tendensiyasının davam etdiyini göstərir. "Cebheinfo.az"-ın araşdırmasına əsasən, son illər bir çox ölkədə gənclərin ailə qurmağa marağının azalması, evlilik yaşının yüksəlməsi və doğum göstəricilərinin aşağı düşməsi hökumətləri yeni dəstək mexanizmləri axtarmağa vadar edib. Bu məqsədlə bəzi ölkələrdə yeni evlənən cütlüklər üçün xüsusi evlilik kreditləri və maliyyə dəstəyi proqramları tətbiq olunur. Bu sahədə ən maraqlı nümunələrdən biri İrandır. İranda uzun illərdir dövlət tərəfindən yeni evlənən cütlüklərə nikah krediti verilir. Kreditlər əsasən aşağı faizli və ya faizsiz olur və gənclərin toy, mənzil və digər ilkin ailə xərclərini qarşılamağa kömək etməsi nəzərdə tutulur. Ölkədə evliliyin və doğum səviyyəsinin artırılması dövlət siyasətinin vacib istiqamətlərindən biri hesab edilir. Türkiyədə də son illərdə evlilik kreditinin tətbiqinə başlanılıb. "Evlənəcək Gənclərin Dəstəklənməsi Layihəsi" çərçivəsində müəyyən şərtlərə cavab verən gənclərə faizsiz kredit təqdim olunur. Layihənin əsas məqsədi ailə qurmaq istəyən, lakin maddi çətinliklərlə üzləşən gənclərə dəstək verməkdir. Macarıstan isə ailə siyasətini daha geniş formada həyata keçirən ölkələrdəndir. Burada evlənən cütlüklər güzəştli kredit əldə edə bilirlər. Ailədə uşaqların sayı artdıqca, kreditin bir hissəsi, bəzi hallarda isə tam məbləği dövlət tərəfindən silinir. Hökumət bu yolla həm ailələri dəstəkləməyə, həm də əhalinin azalmasının qarşısını almağa çalışır. Sinqapurda yeni ailələr üçün mənzil əldə etməyə yönəlmiş geniş dəstək proqramları mövcuddur. Evlənən cütlüklər dövlət mənzillərinin alınması zamanı müxtəlif subsidiyalar və güzəştlərdən yararlana bilirlər. Evlilik kreditləri gənclərin ailə qurmasını müəyyən qədər asanlaşdıra bilər. Lakin bu cür proqramların effektiv olması üçün məşğulluq, mənzil təminatı, gəlir səviyyəsi və sosial təminat kimi digər amillər də nəzərə alınmalıdır. Çünki ailə qurmaq qərarı yalnız kredit və ya maliyyə dəstəyi ilə deyil, həm də insanların gələcəyə inamı və sosial rifahı ilə bağlıdır. Azərbaycanda hazırda xüsusi evlilik krediti proqramı mövcud deyil. Bununla belə, mənzil qiymətlərinin, kirayə haqlarının və toy xərclərinin artdığı bir dövrdə belə bir mexanizmin tətbiqinin mümkünlüyü vaxtaşırı ictimai müzakirələrə səbəb olur. Gənc ailələrə yönəlmiş güzəştli kreditlər demoqrafik və sosial baxımdan müsbət nəticələr verə bilər. Geri qayıt |