Əsas Səhifə > Güney Press > Şvabe kimin “sifarişini” yerinə yetirir?
Şvabe kimin “sifarişini” yerinə yetirir?Bu gün, 15:02 |
|
Xəbər verdiyimiz kimi, Almaniya Bundestaqının deputatı Frank Şvabe Avropa Şurası Parlament Assambleyasının (AŞPA) yay sessiyasında Azərbaycana qarşı növbəti dəfə qərəzli mövqe nümayiş etdirib. Belə ki, sessiyada “Azərbaycanda tənqidi səslərin susdurulması” adlı məruzə və qətnamə layihəsi qəbul olunarkən, Şvabe çıxışı zamanı ölkəmizə qarşı əsassız ittihamlar səsləndirib. Azərbaycana qarşı belə qərəzli davranışın səbəbi nədir? Globalinfo.az-a danışan politoloq Rəşad Bayramov deyib ki, Frank Şvabenin yenə də ölkəmiz əleyhinə sərt bəyanatlarla çıxış etməsi təbii olaraq haqlı narazılıq doğurur: “Burada məsələ yalnız tənqidin məzmunu ilə bağlı deyil, həm də bu tənqidin uzun illərdir nümayiş etdirilən selektiv və qərəzli yanaşmanın davamı olması ilə bağlıdır. Şvabe uzun müddətdir ki, Azərbaycanla bağlı çıxışlarında birtərəfli mövqe nümayiş etdirən biri kimi tanınır. Onun çıxışlarında Azərbaycanın regionda üzləşdiyi təhlükəsizlik çağırışları, uzun illər davam etmiş münaqişənin nəticələri və ölkənin milli maraqları hər zaman diqqətdən kənarda qalır. Bunun əvəzində, yalnız müəyyən siyasi tezislər ön plana çəkilir ki, bu da obyektivlik prinsipi ilə bağlı suallar yaradır. Diqqət çəkən digər məqam isə beynəlxalq platformalarda insan hüquqları və demokratiya məsələlərinə yanaşmada vahid meyarların tətbiq edilməməsidir. Müxtəlif ölkələrdə baş verən oxşar hadisələrə fərqli münasibət göstərilməsi, bəzi dövlətlərə qarşı sərt, digərlərinə qarşı isə daha yumşaq mövqe sərgilənməsi ikili standartların bariz nümunəsidir. Bu baxımdan Azərbaycana yönələn tənqidləri də siyasi kontekstdən kənar qiymətləndirmək mümkün deyil”. Politoloq bildirib ki, son illər Azərbaycanın Cənubi Qafqazda artan geosiyasi rolu, enerji təhlükəsizliyinə verdiyi töhfə və müstəqil xarici siyasət kursu hələ də müəyyən siyasi dairələrdə açıq narahatlıq doğurur: “Bu səbəbdən də ölkəmizə qarşı ardıcıl tənqidi kampaniyaları yalnız hüquqi və ya humanitar məsələlər kimi şərh etmək mümkünsüzdür. Bu cür kampaniya birbaşa geosiyasi maraqlarla əlaqəlidr. Şvabenin çıxışları da bu ümumi siyasi xəttin tərkib hissəsidir. Onu da qeyd edim ki, AŞPA bu şəkildə qətnamə və bəyanatlarla ilk növbədə öz nüfuzuna zərbə vurur. Çünki tənqidlər balanslı və faktlara əsaslanan olmadıqda, bütün tərəflərə eyni meyarlarla yanaşan formada təqdim edilmədikdə siyasi qərəz ortaya çıxır ki, bu da həm qəbul edilən qərarların obyektivliyinə, həm də həmin institutlara olan etimada mənfi təsir göstərir. Ümumilikdə isə Şvabenin kim və nə olduğu Azərbaycan cəmiyyətinə çoxdan məlumdur. Onun Azərbaycana münasibətdə ardıcıl şəkildə mənfi mövqe nümayiş etdirməsi də qərəzdən başqa bir şey deyil. Şvabe və onun kimilər dərk etməlidirlər ki, qarşılıqlı etimadın, dialoqun möhkəmlənməsi üçün emosional, birtərəfli ittihamlar deyil, obyektiv qiymətləndirmə, qarşılıqlı hörmət və bərabər yanaşma prinsipləri əsas götürülməlidir”. Geri qayıt |