Əsas Səhifə > Güney Press / Ana xəbər > Bakı üçün yeni model: İcra Hakimiyyəti ləğv oluna bilər
Bakı üçün yeni model: İcra Hakimiyyəti ləğv oluna bilərBu gün, 14:45 |
|
Paytaxt Bakıda 12 rayon icra hakimiyyətinin fəaliyyət göstərməsinə baxmayaraq, son illər bu qurumların səlahiyyətləri, idarəetmədə rolu və büdcəyə yükü ilə bağlı müzakirələr daha da intensivləşib. Bir sıra ekspertlər hesab edirlər ki, şəhər təsərrüfatının daha çevik idarə olunması üçün mövcud inzibati model yenidən nəzərdən keçirilməli, bəzi rayonlar birləşdirilməli və idarəetmə daha mərkəzləşdirilmiş sistem əsasında qurulmalıdır.
Mövzu ilə bağlı KONKRET.az-a açıqlama verən Azad Vətən Partiyasının (AVP) sədri Akif Nağı bildirib ki, hazırkı sistemdə rayon icra hakimiyyətlərinin funksiyaları kifayət qədər aydın deyil.
“Bakıda rayon icra hakimiyyətləri ilə bağlı ümumiyyətlə qeyri-müəyyənlik var. Onların funksiyasının nədən ibarət olduğu da tam aydın deyil. Hesab edirəm ki, onlar olmasa belə, şəhər təsərrüfatını idarə etmək mümkündür. Elə bir mühüm funksiyaları yoxdur.”
“Yeni vəzifə yerləri yaratmaq üçün yaradılan kiçik rayonlar da var. Onların birləşdirilməsi faydalı olar. Bu həm idarəetməni sadələşdirər, həm də dövlət büdcəsinə qənaət edilməsinə imkan verər.”
“Bakı Şəhər İcra Hakimiyyəti artıq mərhələli şəkildə meriya modelinə keçməlidir. Bunun vaxtı çatıb. Hazırda Bakı Şəhər İcra Hakimiyyətinin konkret hansı funksiyanı yerinə yetirdiyi də aydın görünmür. İdarəetmə bələdiyyə prinsipləri əsasında qurulmalıdır.”
“Rayon anlayışı süni inzibati bölgüdür. Azərbaycanın tarixi və idarəçilik ənənələrinə tam uyğun gəlmir. Bu məsələyə də yenidən baxılmalıdır.
Onun fikrincə, paytaxtın gələcək inkişafı üçün yeni idarəetmə modelinin tətbiqi artıq zərurətə çevrilib və bu istiqamətdə islahatların gecikdirilməməsi məqsədəuyğun olar. Geri qayıt |