Əsas Səhifə > Güney Press > Pentaqon hərbi hədəflərin seçilməsində süni intellektin rolunu genişləndirə bilər

Pentaqon hərbi hədəflərin seçilməsində süni intellektin rolunu genişləndirə bilər


Bu gün, 08:49

ABŞ Müdafiə Nazirliyi (Pentaqon) hərbi hədəflərin müəyyənləşdirilməsi doktrinasına dəyişiklik edərək gələcəkdə bu prosesdə süni intellektin daha geniş rol almasına imkan yarada biləcək yeni prinsiplər müəyyənləşdirib.

Teleqraf xəbər verir ki, bu barədə "Bloomberg" agentliyi nazirliyin daxili sənədlərinə istinadən məlumat yayıb.

Məlumata görə, yeni yanaşma gələcəkdə "insan nəzarəti altında süni intellektin əməliyyatları başladığı sistemlərə" keçidi nəzərdə tutur. Hazırkı qaydalara əsasən isə bütün əməliyyatlar birbaşa insan tərəfindən başladılır.

Sənəddə qeyd olunur ki, gələcək müharibələrin sürəti və ABŞ-nin rəqiblərinin süni intellekt sahəsində əldə etdiyi nailiyyətlər ordunun tam avtonom sistemlərdən istifadəyə başlamasını zəruri edə bilər.

ABŞ Silahlı Qüvvələrinin Qərargah Rəisləri Komitəsinin nümayəndəsi bildirib ki, doktrinaya edilən dəyişikliklər uzun illər davam edən təhlillərin və müxtəlif əməliyyatlardan çıxarılan nəticələrin məhsuludur.

Pentaqon rəsmisi isə vurğulayıb ki, hazırda hərbi qurumun istifadə etdiyi süni intellekt texnologiyaları hədəfləri müstəqil şəkildə seçmir və onlara zərbə endirmir. Onun sözlərinə görə, bütün qərarlar üzərində yekun nəzarət komandanlıqda qalır.

Qeyd edək ki, daha əvvəl ABŞ mediası Vaşinqtonun İrana qarşı əməliyyatın planlaşdırılması zamanı "Claude" süni intellekt modeli əsasında işləyən "Maven Smart System" platformasından hədəflərin müəyyənləşdirilməsi üçün istifadə etdiyini yazmışdı.


Geri qayıt