Əsas Səhifə > Güney Press > Həvəsinə görə məhkəməlik oldu

Həvəsinə görə məhkəməlik oldu


Bu gün, 15:43

Bakıda yeniyetmə motosiklet oğurlayıb.

Lent.az xəbər verir ki, hadisə Binəqədi rayonu, Rəsulzadə qəsəbəsi, Zahid Qəmbərov küçəsində yerləşən binalardan birində qeydə alınıb.

İttiham aktına görə, 16 yaşlı Zakir İsayev (ad və soyad şərtidir) qeyd olunan ünvanda gəzərkən yataqxananın blokunda dəyəri 1500 manat olan “Tufan M350” markalı motosiklet görüb və onu oğurlamaq qərarına gəlib. Gecə saat 1 radələrində valideynləri yatandan sonra həmin yerə qayıdan Zakir motosikleti götürüb. Lakin onu işə sala bilmədiyi üçün ayaqları ilə itələyərək, yaşadığı yerə aparıb.

Bu əməlinə görə, o, zərərçəkənin şikayəti əsasında polis əməkdaşları tərəfindən saxlanılıb və barəsində cinayət işi açılıb.

Təqsirləndirilən şəxs ifadəsində bildirib ki, uzun müddətdir motosiklet sürməyə həvəsi olub. Həmçinin özünün də evdə eyni tip nəqliyyat vasitəsi var. Lakin mühərriki xarab olduğu üçün işləmir. Oğurladığı motosikleti apararaq, mühərrikini söküb. Sökülən mühərriki özünün nəqliyyat vasitəsinə quraşdırmaq istəyərkən polis əməkdaşları onu saxlayıb.

O, əməlindən peşman olduğunu və zərərçəkənə vurduğu ziyanı ödədiyini bildirərək, məhkəmədən yüngül cəza verilməsini xahiş edib.

Məhkəmənin qərarı ilə Zakir İsayev 312 saat ictimai işlər cəzasına məhkum edilib.


Geri qayıt