Əsas Səhifə > Güney Press > Keçmiş kürəkənini bel ilə döyərək ağır xəsarətlər yetirdi, 7 min manat xərcə düşdü
Keçmiş kürəkənini bel ilə döyərək ağır xəsarətlər yetirdi, 7 min manat xərcə düşdüBu gün, 10:05 |
|
Gəncə Ağır Cinayətlər Məhkəməsində qəsdən sağlamlığa az ağır zərər vurmada təqsirləndirilən Zaur Baxışovun (adı, soyadı şərtidir) cinayət işi üzrə məhkəmə istintaqı başa çatıb. Pravda.az-ın əldə etdiyi məlumata görə, hakim Elşən Vəliyevin sədrliyi ilə keçirilən prosesdə hökm oxunub. Məhkəmənin hökmü ilə ona şərti cəza verilib. İttihama görə, hadisə 2025-ci ildə gecə saatlarında Samux rayonu, Lək kəndində qeydə alınıb. Belə ki, Zaur Baxışov yaşadığı evin həyətində olarkən keçmiş kürəkəni, zərərçəkmiş Zahid Əmişovun (adı, soyadı şərtidir) sərxoş vəziyyətdə onun yaşadığı ünvana gəlib. Zərərçəkmiş şəxs həyət qapısından keçmiş həyat yoldaşını səsləyərək qadınla danışmaq istədiyini bildirib. Lakin qadın eks-ərinin bu istəyindən imtina edib. Bundan sonra Zahidin nalayiq ifadələr işlədərək həyətə daxil olması təqsirləndirilən şəxsin hiddətinə səbəb olub. O, əlində olan bel ilə zərərçəkmiş şəxsin bədəninin müxtəlif nahiyələrinə qəsdən bir neçə zərbə endirib. Hadisə nəticəsində Zahid Əmişov alın-təpə nahiyəsinin əzilmiş yarası ilə müşayiət olunan sağlamlığa yüngül zərər, alt çənə və dirsək sümüyünün sınıqları, sol III qabırğanın, sağ IX və X qabırğaların sınıqlarından ibarət sağlamlığa az ağır zərər, eləcə də travmatik hemopnevmotoraks və dalaq travması kimi həyat üçün təhlükəli ağır xəsarətlər alıb. Toplanmış sübutlara əsasən, təqsirləndirilən şəxsin hərəkətləri Cinayət Məcəlləsinin 126.1-ci maddəsi – qəsdən sağlamlığa ağır zərər vurma maddəsi ilə tövsif edilib. Məhkəmə istintaqı zamanı Zaur Baxışov elan olunmuş ittiham üzrə özünü təqsirli bilib. O, ifadəsində deyib ki, hadisə gecəsi Zahid yaşadıqları evin qarşısına gələrək söyüş söyüb və qapının açılmasını tələb edib. Bu zaman zərərçəkmiş şəxs təpiklə qapını açaraq həyətə daxil olub və həmin vaxt sərxoş vəziyyətdə imiş. Təqsirləndirilən şəxs bildirib ki, Zahidin əlində bıçaq olub və o, həyat yoldaşına doğru hərəkət etdiyi üçün evdə olan beli götürərək ona zərbələr endirib. O, həmçinin qeyd edib ki, zərərçəkmiş şəxs əvvəllər də dəfələrlə onların evinə gələrək mübahisələr yaradıb, spirtli içki qəbul etdikdən sonra qızı ilə tez-tez münaqişə edib. Zaur Baxışov hadisədən dərhal sonra təcili tibbi yardıma zəng etdiyini, zərərçəkmişin xəstəxanaya aparıldığını, ertəsi gün isə könüllü şəkildə polisə gedərək təslim olduğunu bildirib. O, hazırda zərərçəkmiş şəxslə barışdığını, törətdiyi əmələ görə peşman olduğunu və məhkəmədən ona yüngül cəza təyin edilməsini xahiş edib. Məhkəmə iclasında ifadə verən zərərçəkmiş Zahid Əmişov təqsirləndirilən şəxsdən şikayətçi olmadığını söyləyib. O, hadisə günü sərxoş vəziyyətdə olduğunu, baş verənləri tam xatırlamadığını və necə döyüldüyünü yadına salmadığını deyib. Zərərçəkmiş şəxs həmçinin qeyd edib ki, Zaur Baxışov onun müalicəsi üçün indiyədək təxminən 7 min manat vəsait xərcləyib. Onun sözlərinə görə, tərəflər arasında barışıq əldə olunub və təqsirləndirilən şəxsə qarşı heç bir şikayət və ya tələbi yoxdur. Geri qayıt |