Əsas Səhifə > Güney Press > Əsas mübarizə artıq döyüş meydanında deyil, danışıqlar masasında gedir

Əsas mübarizə artıq döyüş meydanında deyil, danışıqlar masasında gedir


Bu gün, 17:32

İran və ABŞ arasında texniki səviyyəli danışıqlar müvəqqəti fasilədən sonra gələn çərşənbə axşamı yenidən başlayacaq. Bu barədə Pakistan Xarici İşlər Nazirliyinin məlumatında bildirilib. Pakistan Xarici İşlər Nazirliyinin sözçüsü Tahir Andrabi həftəlik mətbuat brifinqində çıxışı qeyd edib ki, Pakistan və Qətər sülh razılaşmasının effektiv icrasını təmin etmək məqsədilə yaxın həftələrdə ABŞ və İrandan gələn texniki heyətlərlə görüşlərini davam etdirəcəklər.

Andrabinin sözlərinə görə, İsveçrədə imzalanan sülh memorandumı və ABŞ-İran danışıqlarının ilk mərhələsi fikir ayrılıqları və münaqişələrin həllində dialoq və diplomatiyanın ən təsirli vasitə olduğuna inamı daha da gücləndirib. Nazirlik rəsmisi Pakistanın regional sülhün təşviqi, dialoqun dəstəklənməsi və gərginliyin azaldılması istiqamətində oynadığı konstruktiv rola görə müxtəlif ölkələrdən və beynəlxalq tərəfdaşlardan gələn müsbət qiymətləndirmələri və təşviqedici bəyanatları məmnunluqla qarşıladıqlarını bildirib.

İran prezidenti Məsud Pezeşkian isə bildirib ki, Tehran və Vaşinqton arasında aparılan danışıqların gələcək taleyi tərəflərin üzərlərinə götürdükləri öhdəliklərə nə dərəcədə sadiq qalacaqlarından asılı olacaq. Onun sözlərinə görə, hər hansı diplomatik prosesin uğur qazanması üçün yalnız bəyanatlar deyil, konkret addımlar və razılaşdırılmış məsələlərin praktik icrası əsas meyar hesab olunmalıdır: “Danışıqların səmərəliliyi razılaşdırılmış öhdəliklərə tam sadiqlikdən və onların dəqiq icrasından asılıdır. Bu yolda irəliləyiş qəbul edilmiş öhdəliklərə əməl olunması ilə ölçüləcək”.

İran prezidenti qeyd edib ki, qarşılıqlı etimadın formalaşması üçün tərəflər sözlə əməl arasında fərqin yaranmasına imkan verməməlidirlər. Onun fikrincə, danışıqlar masasında əldə olunan razılaşmalar sonradan müxtəlif bəhanələrlə dəyişdirilirsə və ya onların icrası gecikdirilirsə, bu, dialoq mühitinə mənfi təsir göstərir və əldə olunan nəticələri risk altına salır.

İran prezidenti həmçinin qeyd edib ki, Tehran prinsipial mövqeyindən geri çəkilmək niyyətində deyil və ölkəsinin milli maraqları, təhlükəsizliyi və suveren hüquqları bütün danışıqlar prosesində əsas prioritet olaraq qalacaq. Onun sözlərinə görə, İran konstruktiv dialoqa və qarşılıqlı hörmətə əsaslanan əməkdaşlığa hazırdır, lakin bu əməkdaşlıq birtərəfli güzəştlər üzərində qurula bilməz.

Mövzunu şərh edən siyasi şərhçi Elçin Alıoğlu Sherg.az-a bildirib ki, ABŞ və İran arasında qarşıdurma artıq hərbi müstəvidən daha çox diplomatik masada davam edir. İsveçrədə keçirilən və 18 saata yaxın davam edən son danışıqlara istinad edən ekspert hesab edir ki, gərginlik və qarşılıqlı ittihamların fonunda görüşlərin konstruktiv atmosferdə başa çatması tərəflərin tam qopmaq niyyətində olmadığını nümayiş etdirir:

“Hazırda əsas fikir ayrılığı 17 iyun razılaşması çərçivəsində götürülən öhdəliklərin icrası ilə bağlıdır. Xüsusilə İranın Livanda atəşkəs məsələsində israr etməsi Tehranın regional strategiyasının mühüm hissəsi kimi görünür. Tehran üçün Livan təkcə təhlükəsizlik məsələsi deyil. Bu, həm də İranın Yaxın Şərqdə təsir imkanlarının, müttəfiqləri üzərində nüfuzunun və regional güc statusunun nümayişidir. İran Livanda atəşkəsə nail olmaqla bir tərəfdən “Hizbullah”a siyasi dəstək mesajı verir, digər tərəfdən isə İsrailə və Qərbə regiondakı proseslərə təsir etmək imkanlarını qoruduğunu göstərməyə çalışır”.

E. Alıoğlunun fikrincə Livan məsələsi artıq sırf hərbi və diplomatik mövzu deyil, Tehran üçün prestij və siyasi nüfuz məsələsinə çevrilib: “İsraili atəşkəsə əməl etməyə məcbur etmək Tehran üçün güc nümayişidir. İran bununla özünü şərtlər diktə edə bilən tərəf kimi göstərməyə çalışır. Mövcud mənzərə onu göstərir ki, həm Vaşinqton, həm də Tehran birbaşa hərbi toqquşmanın imkanlarını və risklərini kifayət qədər qiymətləndirib. Tərəflər anlayır ki, genişmiqyaslı müharibə nə region, nə də qlobal iqtisadiyyat üçün arzuolunan ssenaridir. Buna görə də əsas mübarizə artıq döyüş meydanından danışıqlar masasına keçib. Onu da deyim ki, hazırkı mərhələdə böyük müharibə ehtimalı əvvəlki dövrlərlə müqayisədə daha aşağı görünür. Həm ABŞ, həm İran, həm də region ölkələrinin əksəriyyəti eskalasiyanın nəticələrinin ağır olacağını anlayır. Bu prosesdə daha sərt mövqedə görünən əsas tərəf isə İsrail hökumətidir”.


Geri qayıt