Əsas Səhifə > Güney Press > Moskva İrəvanı indi də belə hədələdi

Moskva İrəvanı indi də belə hədələdi


Bu gün, 13:19

“Rusiya Seqodnya” media qrupunun baş redaktoru, bədnam Marqarita Simonyan son seçkilərdə Paşinyana səs verən Ermənistan vətəndaşlarının Rusiyaya girişini qadağan etməyə çağırıb. Üstəlik, “yolunu” da təklif edib.

Sitat: “Onları sosial şəbəkələr vasitəsilə müəyyən etməyi təklif edirəm. İndi bunu etmək çox asandır. Sərhədçilər sərhəddə bunu rahat və asan şəkildə həyata keçirirlər. Həm burada, həm də Gürcüstanda. Gürcüstana getməyə çalışın, əgər Abxaziya və Osetiyaya dair bir mövqeyiniz varsa, sizi buraxmayacaqlar, elə deyilmi? Sosial mediadan istifadə edərək Paşinyanı dəstəkləyən erməniləri müəyyənləşdirib, onların Rusiyaya girişini qadağan edin. Birdəfəlik. Çünki Paşinyanı dəstəkləyirsinizsə, deməli, rusofobiyanı dəstəkləyirsiniz. Əgər rusofobiyanı dəstəkləyirsinizsə, deməli, Rusiyaya nifrət edirsiniz”.

Moskva buna da gedərmi? Mümkünmü?

Politoloq Oqtay Qasımov Musavat.com-a bildirib ki, Marqarita Simonyan və onun kimi tiplərin zaman-zaman bu cür aqressiv, insan haqlarına zidd təkliflər verdiyinin şahidi oluruq:

“Rusiyada bu cür düşüncədə olanlar təəssüf ki, mövcuddur. Simonyanın təklifi ciddiyə alınsa onda gərək Ermənistan əhalisinin yarısı Rusiyaya buraxılmasın.

Əslində, artıq Rusiyada bu təklifin mahiyyətinə uyğun addımlar tətbiq olunur. Rusiya-Ukrayna müharibəsi başlayandan bəri Avropadan Rusiyaya giriş edən şəxslər xüsusi yoxlanılır, onların sosial şəbəkələrdəki yazıları, paylaşımları araşdırılır. Rusiyanın əleyhinə məqamlar üzə çıxdıqda həmin şəxslər əksər hallarda ölkəyə buraxılmırlar. Yəni Simonyanın təklifi prinsipcə Rusiyada ermənilərə tətbiq oluna bilər.

Amma düşünmürəm ki, bu addımı qısa müddətdə atmağa ehtiyac olacaq. Paşinyana səs vermiş insanlara qarşı total nəzarət və təzyiqlər həyata keçirilərsə, bu, əslində Ermənistan cəmiyyətində anti-Rusiya ovqatını bir az da gücləndirəcək və Rusiyanın Ermənistandakı maraqlarına zərər verəcək”.

Politoloq onu da deyib ki, Rusiya proqnozlaşdırılmayan ölkədir: “Ona görə də bəzən məntiqli görünməyən, hətta özünün də zərərinə çevrilən addımlar atır. Bu baxımdan Simonyan kimilərinin təkliflərinə uyğun addımlara getmə ehtimalı da tamamilə istisna ediləməməlidir. Bu gün isə Rusiya üçün vacib olan Ermənistanla bir formada uzlaşmaq və Nikol Paşinyanı nəzarətdə saxlamaqdır”.

Musavat.com


Geri qayıt