Əsas Səhifə > Güney Press > Ət bazarında müəmma: nazir müavini “artacaq” dedi
Ət bazarında müəmma: nazir müavini “artacaq” dediBu gün, 15:25 |
|
Kənd təsərrüfatı nazirinin müavini İlhamə Qədimova deyib ki, süd və ət məhsullarının idxaldan asılılığı azaldılacaq. Sitat: “2030-cu ilədək süd istehsalının 10 %, mal əti istehsalının isə 20 %, qoyun əti istehsalının isə 9 % artırılması nəzərdə tutulur”. Globalinfo.az xəbər verir ki, buna iqtisadçı Natiq Cəfərli münasibət bildirib. O qeyd edib ki, rəsmi statistikaya əsasən, son 5 ildə (2021–2026-cı illər ərzində) Azərbaycanda iribuynuzlu mal-qaranın sayı hər il azalaraq ümumilikdə 215,2 min baş (yaxud təxminən 8,1%) azalıb: “2021-ci ilin əvvəlində ölkədə 2 milyon 650,7 min baş iribuynuzlu heyvan olduğu halda, 2026-cı ilin əvvəlinə bu göstərici 2 milyon 435,5 min başa düşüb. Bunun səbəbləri araşdırılıbmı? Rəsmi statiskiya görə son 5 ildə (2021–2026-cı illər ərzində) Azərbaycanda xırdabuynuzlu heyvanların (qoyun və keçi) sayı 1 milyon 399,1 min baş (yaxud təxminən 17,1%) azalıb. 2021-ci ilin əvvəlində ölkədə 8 milyon 156,9 min baş qoyun və keçi olduğu halda, 2026-cı ilin yanvarın 1-i vəziyyətinə bu göstərici 6 milyon 757,8 min başa qədər geriləyib. Yaxşı, 5 ildə 17%-dən çox azalma olubsa, kim zəmanət verir ki, növbəti 5 ildə qoyun-quzu əti istehsalı 9% artacaq? Niyə artsın ki, son 5 ildə azalma trendi varsa, bu trend nə səbəbə dəyişəcək?” N.Cəfərli qeyd edib ki, son 5 ildə diri iribuynuzlu heyvan idxalı miqdar baxımından təxminən 3 dəfə artıb: “Say etibarı ilə son 5 ildə 225 min iribuynuzlu mal-qara ölkəyə idxal edilib. Yaxşı, indi nə addımlar olacaq ki, idxaldan asılılıq azalacaq? Son 5 ildə diri qoyun və keçi idxalı 1,6 dəfədən çox (təxminən 160%) artıb – say etibarı ilə son 5 ildə ölkəmizə 931 min diri qoyun-keçi idxal edilib. Xub, bəs indi hökumət nə edəcək ki, idxal azalacaq?! Hökumətin icra qolu problemləri etiraf edirsə, bu yaxşıdır. Amma onların işi problemləri həll etmək, əvvəlki səhvləri təhlil edərək, yeni addımlar təklif etməkdir – ən azından, elə olmalıdır…” Geri qayıt |