Əsas Səhifə > Güney Press > Ucuz satılan yumurtalar köhnədir?

Ucuz satılan yumurtalar köhnədir?


Bu gün, 15:02

Bir neçə gün öncə yumurtanın qiyməti rekord səviyyədə endiyi üçün insanlar onlarla, yüzlərlə yumurtanı alaraq pula qənaət etdilər, xüsusən, tort və digər şirniyyat bişirən şəxslərə bu endirim çox sərf edirdi. Lakin bəzi insanlar sosial şəbəkələrdə videolar paylaşaraq yumurtaların köhnə olduğunu, qaynatdıqda sarısının sərtləşdiyini söyləyirlər.

Bəs görəsən, bu yumurtaları yemək orqanizm üçün zərərli ola bilərmi? Yumurtanın sarısının sərt olması nə ilə bağlıdır?

Qida eksperti Ağa Salamov Lent.az-a açıqlamasında bildirib ki, yumurtanın qiyməti düşən kimi, bəzi adamlar ortaya çıxıb elmi əsası olmayan iddialar yaymağa başlayıblar:

“Qiymət bahalaşanda da narahat olurlar, ucuzlaşanda da. Sanki məqsəd istehlakçını məlumatlandırmaq yox, cəmiyyətdə süni təşviş yaratmaqdır. Sahibkarlar qiyməti endirməyə qorxurlar ki, camaat "mənşəyi məlum deyil", deyəcək.

Əslində məhsulun qiyməti təkcə onun keyfiyyətini müəyyən etmir. Qiymətlər bazardakı təklif və tələbdən, mövsümi amillərdən, istehsal həcmlərindən, yem xərclərindən və bir çox iqtisadi faktorlardan asılı olaraq dəyişə bilər.

Qiymətin enməsi məhsulun avtomatik olaraq keyfiyyətsiz və ya təhlükəli olması demək deyil. Təəssüf ki, bəzi şəxslər heç bir elmi sübut təqdim etmədən müxtəlif fərziyyələr irəli sürür, insanları çaşdırmağa çalışırlar. Qida təhlükəsizliyi emosiyalarla deyil, laborator analizlər, elmi araşdırmalar və rəsmi nəzarət mexanizmləri ilə qiymətləndirilir.

Cəmiyyət olaraq şayiələrə deyil, faktlara inanmalı, qida ilə bağlı məsələlərdə yalnız etibarlı və elmi mənbələrə əsaslanmalıyıq. Qiymət bahalaşanda da, ucuzlaşanda da əsas meyar məhsulun təhlükəsizliyi və keyfiyyətidir, dedi-qodu deyil”.

Ekspert qeyd edib ki, yumurtanın sarısının sərt olması təkcə onun sağlam və ya qeyri-sağlam olması demək deyil:

“Yumurtanın sarısının sərt olmasının bir neçə səbəbi var. Buraya əvvəla yumurtanın təzə olması aiddir. Çox təzə yumurtalarda sarı hissəni əhatə edən pərdə daha möhkəm olur, ona görə də o, sarı asanlıqla dağılmır.

Bundan əlavə yumurta soyuq temperaturda saxlanıldıqda sarı daha sıx və elastik görünə bilər. Həmçinin bəzi yem rasionları yumurtanın sarısının və ağının quruluşuna təsir edə bilir.

Bilmək lazımdır ki, köhnə yumurtalarda sarı daha tez dağılır, təzələrdə isə bütöv qalır”.


Geri qayıt