Əsas Səhifə > Güney Press > Rusiya Ermənistan üçün Ukrayna ssenarisi hazırlayır?

Rusiya Ermənistan üçün Ukrayna ssenarisi hazırlayır?


Bu gün, 14:54

Rusiya Ermənistana Ukraynanın taleyini xatırlatmaqda davam edir. Bu gün isə Rusiya prezidentinin köməkçisi Yuri Uşakov bəyan edib ki, Ermənistan ətrafında yaranmış vəziyyət Moskvanın da üzv olduğu inteqrasiya birliklərinə zərbə vurmaq cəhdidir. O əlavə edib ki, hazırda “əsrlər boyu yanaşı yaşamış, hər zaman bir-birinə kömək etmiş xalqların tarixini və coğrafiyasını yenidən nəzərdən keçirməyin mümkünlüyünə dair illüziya xarakterli təsəvvürlər aşılanır”.

Rusiya prezidentinin köməkçisi xəbərdarlıq edərək, “Ukrayna ətrafındakı vəziyyətə baxdıqda, bütün bunların hansı faciəyə gətirib çıxara biləcəyi aydın görünür”, - deyə vurğulayıb.

Bəs bu xəbərdarlıqlar və xatırlatmalar sadəcə ritorikadır, yoxsa arxasında Rusiyanın real planları dayanır? Rusiya Ermənistanı Ukraynanı vurduğu kimi vurarmı?

Professor Qabil Hüseynli Musavat.com-a bildirib ki, Rusiya rəsmilərinin son dövrlərdə Ermənistanla bağlı bəyanatlarında Ukrayna nümunəsinə tez-tez istinad etməsi təsadüfi deyil. Bu açıqlamalar ilk növbədə siyasi mesaj və geosiyasi xəbərdarlıq xarakteri daşıyır:

“Moskva İrəvanın Qərblə, xüsusilə də Avropa İttifaqı və ABŞ ilə yaxınlaşmasını öz təsir dairəsinə meydan oxuma kimi qiymətləndirir və müxtəlif vasitələrlə bundan narahatlığını nümayiş etdirir. Lakin Uşakovun bəyanatını Rusiyanın Ermənistana qarşı hərbi əməliyyat hazırlığının göstəricisi kimi qəbul etmək düzgün olmazdı. Bu cür açıqlamaların əsas məqsədi Ermənistan rəhbərliyinə və cəmiyyətinə geosiyasi seçimlərin mümkün nəticələrini xatırlatmaq, Moskvanın narahatlığını açıq şəkildə ifadə etməkdir. Kreml hesab edir ki, postsovet məkanında Qərbin təsirinin artması Rusiyanın təhlükəsizlik maraqlarına ziddir. Bu səbəbdən Ukrayna hadisələri tez-tez digər keçmiş sovet respublikalarına nümunə kimi göstərilir. Məqsəd odur ki, həmin ölkələr Rusiyanın maraqlarını nəzərə almadan geosiyasi kurs dəyişməsinin riskli ola biləcəyini düşünsünlər. Lakin Ermənistanla Ukraynanın vəziyyəti arasında ciddi fərqlər mövcuddur. Ermənistanın Rusiya ilə münasibətləri gərginləşsə də, ölkə hələ də Avrasiya İqtisadi İttifaqı, Müstəqil Dövlətlər Birliyi, KTMT kimi strukturlarda qalır. Bundan əlavə, Ermənistan ərazisində Rusiyanın hərbi mövcudluğu və uzun illərə söykənən iqtisadi əlaqələri davam edir. Ermənistan Rusiyanın rəsmi müttəfiqi olaraq qalır və iki ölkə arasında münasibətlər tam qırılmayıb”.

Professor hesab edir ki, hazırkı mərhələdə Rusiyanın Ermənistana qarşı Ukraynadakı kimi hərbi əməliyyata başlaması real deyil:

“Moskva İrəvanın Qərbə inteqrasiyasını diqqətlə izləyir və öz təsir imkanlarını qorumaq üçün siyasi, iqtisadi və diplomatik vasitələrdən istifadə etməyə davam edəcək. Moskvanın Ermənistana təsir göstərmək üçün hərbi vasitələrdən daha çox siyasi, iqtisadi, enerji və informasiya alətlərinə üstünlük verəcəyi ehtimalı daha yüksəkdir”.


Geri qayıt