Əsas Səhifə > Güney Press > “Təcavüz səhnəsinə görə onun verdiyi rolu oynamadım, nişanlı idim,
“Təcavüz səhnəsinə görə onun verdiyi rolu oynamadım, nişanlı idim,Bu gün, 13:04 |
|
“Şahmar Ələkbərovun atası Zülfüqar dayı ilə mənim ana nənəm bibioğlu, dayıqızı olublar. Şahmar Ələkbərovun atasıgil Gəncədə yaşayıblar. Sonra babamın işindən ötrü Bakıya köçüblər. Nənəm əslən Cəbrayılın Daşkəsən kəndindəndir. Uşaqlıqdan Şahmar Ələkbərovun qohumu olduğumu bilirdim. Amma qohum olaraq onunla heç bir vaxt qarşılaşmamışdıq. Məni heç vaxt onlara aparmayıblar. Şahmar müəllimin anası ilə mənim nənəm çox yaxın idilər. Hər həftəsonu nənəmlə babam onlara gedirdilər. Bizə ən çox Şahmar müəllimin qardaşı Əkrəm dayı gəlirdi. Onlar 7-8 qardaş olublar. Mən də uşaq idim. Bu mehribanlığı görürdüm və qürurlanırdım. Şahmar Ələkbərova, onun sənətinə o qədər vurğun idim ki, qardaşından soruşurdum ki, siz onu görürsüz? (gülür). Mənim üçün əlçatmaz bir sənətkar və insan idi”.
Bunu Moderator.az-a açıqlamasında Əməkdar İncəsənət xadimi, Türkiyədə yaşayan azərbaycanlı aktrisa Məlahət Abbasova deyib.
O daha sonra Şahmar Ələkbərovla tanışlığını belə xatırlayır:
“Mən artıq “Sən həmişə mənimləsən” televiziya tamaşasına çəkilmişdim. Bir gün o vaxtkı İncəsənət instituna getmişdim, təsadüfən koridorda Şahmar müəllimlə qarşılaşdıq. O mənim üzümə baxıb güldü. Mən də güldüm, salamlaşdım. Dedim ki, Şahmar müəllim, mən sizinlə qohumam. O dəqiqə soruşdu ki, kimlərdənsən? Necə qohum olduğumuzu dedim. Dedi ki, “həə, mən indi bilirəm sənə bu istedad haradan gəlib”. Bir az zarafatlaşdıq, dedik-güldük. Məni Nargilə roluna görə təbrik etdi və uğurlar arzuladı. Soruşdu ki, sabah vaxtın varsa gəl kinostudiyaya. Səhəri gün getdim, mənə bir senari verdi və dedi ki, “get oxu, iki gün sonra gələrsən”. Senarini aparıb evdə oxudum. Söhbət “Sahilsiz gecə” filminin senarisindən gedirdi. Orada olan təcavüz səhnəsinə görə çəkilməyə razılıq vermədim. Həm də nişanlı idim, heç o da, ailəm də icazə verməzdi. Şahmar müəllim bunu çox normal qarşıladı. Hətta təklif etdim ki, bu səhnəni çıxarsanız məmnuniyyətlə oynayaram, o da dedi ki, “xeyr, bu əsas səhnədir”. Bu rolu sonradan Mehriban Xanlarova oynadı və çox möhtəşəm yaratdı. Orada paralel olaraq “İmtahan” filmini çəkirdilər. Dedi ki, “kiçik bir rol verəcəm, oyna yadigar qalsın”. Baxmayaraq ki, teatrda baş rollarda oynayırdım, “Sən həmişə mənimləsən” tamaşasından məşhur idim, amma bu kiçik rolu yadigar qalsın deyə oynadım. Yaxşı da oynamışam”.
Məlahət Abbasova Hollivudda məşhurlaşan Şahmar Ələkbərovun nəvəsi Eldar İsgəndərovdan da danışıb:
“Dünyanın nüfuzlu film festivallarında çıxış edən və qırmızı xalıdan keçən Eldar İsgəndərovun Şahmar Ələkbərovun nəvəsi olduğunu biləndə çox duyğulandım. İnanılmaz dərəcədə fəxr etdim, qürur duydum. Nənəm tərəfdən damarında ziyalı qanı axan insanlar çoxdur. Aşıq var, pedaqoq var, alim və professorlar var. Mən çox sevindim ki, genimizdə bu sənəti məndən sonra da davam etdirən kimsə var. Hollivud kimi bir yerdə filmə çəkilmək hər kəsin işi deyil. Duyğularımı sözlə ifadə edə bilmirəm. Şahmar Ələkbərovun sənətini davam etdirən nəvəsinin olması həqiqətən də bir aktyorun yolunun ən gözəl davamıdır. Eldarın anası İzulet Ələkbərova ilə gözəl münasibətimiz var. Heç vaxt mən Eldarla qarşılaşmamışam. İnanıram ki, ya Bakıda, ya da Türkiyədə biz görüşəcəyik. Onunla inanılmaz dərəcədə qürur duyuram”.
Geri qayıt |