Əsas Səhifə > Güney Press > Saxta diplomu olan direktorun 98 minini ələ keçirən şəxslər
Saxta diplomu olan direktorun 98 minini ələ keçirən şəxslərBu gün, 09:10 |
|
Bakıda dələduzluqda təqsirləndirilən Hökumə Əliyeva, Könül Əliyeva, Hicran Süleymanova və Aydın Cəfərovun barəsindəki qərardan kassasiya şikayəti verilib. Pravda.az-ın əldə etdiyi məlumata görə, şikayət Ali Məhkəmənin hakimi Ələsgər Novruzovun sədrliyi ilə araşdırılacaq. İttihama görə, Natiq Kərimov digər şəxslərlə qabaqcadan əlbir olan bir qrup şəxs halında cinayətkar əlaqə yaradaraq, aldatma və etibardan sui-istifadə etmək yolu ilə özgənin külli miqdarda pul vəsaitini ələ keçirmək məqsədi güdüb. Belə ki, zərərçəkmiş Əzizə Abdıyeva 2021-ci ilin dekabr ayında Bakı şəhərində təqsirləndirilən şəxsə müraciət edərək, onun təlim-tərbiyə işləri üzrə direktor müavini işlədiyi Abşeron rayonu Xırdalan şəhər 10 nömrəli tam orta məktəbdə direktor vəzifəsinə təyin olunmasına köməklik göstərilməsini xahiş edib. Natiq Kərimov isə qabaqcadan əlbir olduğu Hökumə Əliyeva, Könül Əliyeva, Hicran Süleymanova və Aydın Cəfərov ilə birlikdə aralarında yaranmış cinayətkar razılaşma əsasında Əzizə Abdıyevanı aldadaraq ona yalan vəd verib. Bu məqsədlə Natiq Kərimov əvvəlcə zərərçəkmişin 2008-ci il tarixli Dövlət Attestasiya Komissiyasının qərarı əsasında verildiyi iddia olunan, lakin hüquqi əsası olmadığı müəyyən edilmiş diplomun guya etibarlı sayılmasına nail olacağını bildirib. O, həqiqətdə mümkün olmayan bu prosesi həyata keçirə biləcəyi barədə yalan təsəvvür yaradaraq, səlahiyyətli şəxslərin köməyi ilə həm diplomun mərkəzləşdirilmiş elektron sistemə daxil edilərək “etibarlı” hesab edilməsinə, həm də Əzizə Abdıyevanın müsabiqədən kənar qaydada təhsil müəssisəsinin direktoru vəzifəsinə təyin olunmasına şərait yaradacağını vəd edib. Təqsirləndirilən şəxs bunun müqabilində zərərçəkmişdən rüşvət qismində pul tələb edərək ona bu proseslərin yalnız məsul vəzifəli şəxslərə verilməli olan ümumilikdə 98 000 manat məbləğində pul vəsaiti ilə mümkün olacağını bildirib. Aldadılan zərərçəkmiş şəxs yaranmış yalan təsəvvürə inanaraq razılıq verib. Beləliklə, 2021-ci ilin dekabrından 2022-ci ilin fevralınadək zərərçəkmiş şəxs ümumilikdə 98 000 manat məbləğində pul vəsaitini Natiq Kərimova və vasitəçilər (Elsevər Usubov və digərləri) üzərindən təqdim edib. Təqsirləndirilən şəxs və onun əlbir olduğu qrup isə həmin pul vəsaitini ələ keçirərək öz aralarında bölüb və şəxsi ehtiyaclarına sərf edib, vəd edilən heç bir hərəkəti yerinə yetirməyib. Xatırlatma: Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə Hökumə Əliyeva 5 il 6 ay, Aydın Cəfərov isə 7 il həbs cəzası alıb. Digər iki nəfərə isə şərti cəza verilib. İstintaq müddətində Elsevər vəfat etdiyindən ona cəza təyin edilməyib. Ali Məhkəmənin qərarına əsasən, kassasiya şikayəti qismən təmin edilib, Bakı Apellyasiya Məhkəməsinin qərarı dəyişdirilib. Belə ki, Bakı Apellyasiya Məhkəməsinin qərarı ilə ona təyin edilmiş azadlıqdan məhrumetmə cəzasının müddəti 6 ildən 5 ilə endirilib. Natiq Kərimovun həbsdə olduğu 1 gün müddət təyin edilmiş cəzadan çıxılaraq üzərində qəti olaraq 4 il 11 ay 29 gün müddətinə azadlıqdan məhrumetmə cəzası saxlanılıb. Qeyd: Mətbuatda Ə.Abdıyevanın diplomumun saxta olması barədə əvvəllər bir neçə dəfə məlumat yayılıb. O, 2021-ci ildə tutduğu vəzifədən azad edilib. Geri qayıt |